44 günlük haqq savaşında xüsusi döyüş taktikası ilə seçilən və Vətəninin bütövlüyü uğrunda canından keçən zabitlərimizdən biri də Asif Azayevdir.
Asif Məhəmmədağa oğlu Azayev 1985-ci ilin 1 fevralında Şamaxı rayonunun Həmyəli kəndində anadan olub. 1992-ci ildə orta məktəbə gedib. 9-cu sinifdə oxuyarkən sənədlərini Cəmşid Naxçıvanski adına hərbi liseyə verib. Asif 2007-ci ildə hərbi liseyi bitirib, Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub.
Akademiyanı leytenant rütbəsi ilə bitirən Azayev ön cəbhədə hərbi fəaliyyətə başlayıb. Əvvəlcə Tovuzun Ağdam kəndində, daha sonra Murovdağ istiqamətində N saylı hərbi hissələrdə xidmətini davam etdirib. Asif Aprel döyüşlərinin fəal iştirakçısı olub. 2018-ci ildən rəhbərliyin göstərişi ilə Müdafiə Nazirliyinin Pirəküşküldə yerləşən N saylı hərbi hissəsində taborun qərargah rəisi vəzifəsinə təyin olunub.
Xidməti müddətində fəxri fərmanlar və müxtəlif medallarla təltif edilib. Vətən Müharibəsi başladığı ilk gündən etibarən ön cəbhəyə yollanıb. Bir neçə gün sonra tabor komandiri vəzifəsinə seçilib. Onun Füzuli rayonunun və kəndlərinin, Cəbrayıl rayonunun və kəndlərinin azad olunmasında müstəsna xidmətləri olub. Asif Azayev düşmənin xeyli sayda canlı qüvvəsini və hərbi texnikasını məhv edib. Füzuli rayonu işğaldan azad olunduğu vaxt o, düşməndən qənimət kimi əldə olunan hərbi texnikaları özlərinə qarşı istifadə edib. Azərbaycan Ordusunun zabiti tabeçiliyində olduğu komandir və generallar tərəfindən dəfələrlə döyüş meydanında şəxsi heyətə nümunə göstərilib. Döyüş yoldaşları arasında xüsusi rəğbəti olan şəhid mayor Azayev elə onlar tərəfindən “3-cü taborun ATASI” adlandırılıb.
Azərbaycan Ordusunun mayoru Asif Azayev 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı tabor komandiri olaraq Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mayor Azayev Füzulinin Ələsgərli kəndində döyüşlər zamanı şəxsi heyətlə birlikdə mühasirəyə düşüb. 20 oktyabrda 12 nəfərdən ibarət zabit, əsgər heyətinin həyatını xilas etsə də özü düşmənin snayper atəşinə tuş gələrək, şəhidlik məqamına yüksəlib. Mərd şəhidimiz Şamaxı rayonunda torpağa tapşırılıb.
Qəhrəman Vətən oğlu Asif Azayev Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" , "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
Şəhidin qohumu Elgün Abdullayev deyir ki, Asif ağır döyüşlər vaxtı tabeçiliyində olan heyəti düşdüyü bütün vəziyyətlərdən itkisiz çıxararaq düşmənə sarsıdıcı zərbələr endirib:
“Silah yoldaşları deyir ki, döyüşlərdən birində onlar 70 kilometr məsafəni yara-yara irəliləyib, gecə ilə erməni taboruna giriblər. Əslində arxalarından gələn dəstək qüvvəsi zəncir formasında azad olunan yerləri təmizləyə-təmizləyə gəlməli, ondan sonra ordunun təminatları gətirilməli imiş. Asifgilin dəstəsi düşmən tərəfin qaçdığını görüb o qədər irəli gedibmiş ki, 3 gün ac-susuz qalıblar. Dəstə tapdığı erməni yeməklərindən yeməyə başlayıb. Asifə də döyüş yoldaşları təklif ediblər ki, “rəis, yeyirsən?”, o da cavabında “bizimkindən var?” deyə qarşılıq verib. Uşaqlar deyəndə ki, “yox, hamısı ermənilərindir”, yenə deyib ki, “mən o şərəfsizlərin yeməyini yemək istəmirəm”. Bir də onu danışırlar ki, Asifgil həmin bu tabora girməmişdən əvvəl yorğun və ac olduqları üçün deyiblər ki, “rəis, gedə bilmirik”. Asif də həm uşaqları geridə qoyub qalmaq istəmədiyi, həm də döyüş tapşırığının yerinə yetirilməsi üçün əllərini önündə cütləyib, qarşılarına keçib deyib ki, “neçə vaxtdır mənimləsiniz, bir yerdəyik. Mən sizin hansısa birinizi ölümə göndərmişəm? Tabeçiliyimdə olduğunuz vaxt şəhid olan və ya yaralananız olub?”, hamsı deyib ki, “yox”. Yenidən uşaqlarla danışmağa başlayıb ki, “mənim atam rəhmətə gedib, anam da rəhmətə gedib. Üç balam var, iki qardaşım var. Nəslimizin ağsaqqalı mənəm. Mənə bir şey olsa, ailəm başlı-başına qalacaq. Mən də qorxuram, elə bilirsiniz mən qorxmuram? İndiyə kimi sizi tək qoymadım. Yəqin siz də məni tək qoymazsınız. Mən qabağa getməliyəm. Döyüş tapşırığı var. Getmək istəyən varsa, mənlə gəlsin, gedək”. Həmin an bütün tabor ayağa qalxıb və döyüş tapşırığını yerinə yetirməyə gediblər. Haldan düşübmüşlər, susuzluqdan dodaqları partlayıb, ac imişlər”.
Elgün mayor Azayevin necə şəhid olmasından da danışıb:
“Asif Füzulinin Ələsgərli kəndinə hücuma keçərkən şəhid olub. Asifin döyüş yoldaşı deyir ki, o, sonuncu döyüş tapışırığını yerinə yetirməyə gedərkən qaça-qaça döngədən keçməli imiş. Həmin anda “bircə tez çatsaydıq, bir siqaret çəkib özümüzə gələrdik” deyib, amma çata bilməyib. 12 nəfərdən ibarət zabit və əsgər heyətinin həyatını xilas edib. Həmin vaxt Asifi snayper nişan alıb”.
Xatırladaq ki, şəhid Asif Məhəmmədağa oğlu Azayev ailəli idi, 3 oğlu bizlərə əmanət qalıb.