Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən qəhrəmanlarımızdan biri dəTacir Allahverdiyevdir. O, 2001-ci il aprelin 20-də Ağdam rayonunun Çullu kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Tacir Allahverdiyev Vətən Müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.
Tacir Allahverdiyev oktyabrın 24-də Füzuli döyüşləri zamanı şəhid olub. Ağdam rayonunda torpağa tapşırılıb
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Tacir Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Tacir Allahverdiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Tacir Allahverdiyevin qardaşı - Nazir Allahverdiyev də Vətən müharibəsində şəhid olub.
Bir gündə iki övladını torpağa tapşıran Mailə Allahverdiyeva acısı nə qədər böyük olsa da, eyni zamanda, sevinir ki, torpaqlarımız işğaldan azad edilib. Düşməndən oğullarının qisası alınıb: "Vətən yolunda, torpaq yolunda şəhid oldular. Şükür Allaha ki, torpaqlarımız işğaldan azad olundu. Balalarımın qanı yerdə qalmadı".
Əkiz qardaşların heç vaxt bir-birlərindən ayrılmadıqlarını deyən Mailə ana oğlanlarının toylarını da bir yerdə etməyi arzulamışdı. "Bir yatıb, bir dururdular. Həmişə bir yerdə olurdular. Hərbi xidmətə də qoşa getdilər. Gözləyirdim ki, gəlsinlər evləndirim. Eyni gündə evləndirəcəkdim onları. Gözaltıları da var idi. İki bacı istəyirdilər ", - deyən şəhid anası göz yaşlarını saxlaya bilmir...
Nazir və Tacir ailənin sonbeşikləri idilər. Bacıları Sahilə xanım deyir ki, qardaşları evin nuru, işığı, hamının sevimlisi olublar: "Ailədə 10 uşaq olmuşuq. Nazir və Tacir sonbeşik idilər. Anam işdə olduğu üçün qardaşlarımı mən böyütmüşəm. Odur ki, elə bilirəm təkcə qardaşlarım deyil, həm də balalarım şəhid olub. Onlarla fəxr edirəm".
Qüdrət Allahverdiyev əkiz qardaşlarının vətənpərvər olduqlarını deyib: "Tacir və Nazir topçu kimi düşmən qüvvələrinin darmadağın edilməsində iştirak edib. Telefonla danışanda deyirdilər ki, Vətən uğrunda döyüşürlər. Qələbə qazanacağımıza əmin idilər. Ailədə yaşca ən kiçik olsalar da, daha yüksək mərtəbəyə - şəhidlik zirvəsinə ucaldılar. Qardaşlarımla fəxr edirəm".