2021/05/12679-1620581765.jpg

line
Adı: Allahverdiyev
Soyadı: Nazir
Ata adı: Xasay
Doğum tarixi: 20.04.2001
Şəhid olub: 24.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı
Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə var. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Belə şəhidlərdən biri də Nazir Allahverdiyevdir.

Nazir Xasay oğlu Allahverdiyev 2001-ci il aprelin 20-də Ağdam rayonunun Çullu kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Nazir Allahverdiyev Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Nazir Allahverdiyev oktyabrın 24-da Füzuli döyüşləri zamanı şəhid olub. Ağdam rayonunda dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazir Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazir Allahverdiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.



Qeyd edək ki,Nazir Allahverdiyevin qardaşı — Tacir Allahverdiyev də Vətən müharibəsində şəhid olub.

Şəhidimizin anası Nailə xanım əvvəlcə, ailədə on uşaq böyütdüyünü, şəhid oğullarının evin sonbeşiyi olduğunu, bütün kənd camaatının onların xətrini istədiyini, əkizləri əsgərliyə aşıqla, çal-cağırla yola saldığını, əkizlərin ona “qorxma, ikimiz də salamat gələcəyik" sözü verməsini yada salıb, kövrəlir:
- Evin balacaları olduqlarına görə, hamımız onları buyururduq. Tərbiyəli, sözeşidən, böyük sözündən çıxmayan, zəhmətdən-əməkdən qorxmayan uşaqlar idilər. Həm evin işinə-gücünə kömək edirdilər, həm də Quzanlıda idmana gedirdilər. Uca boy-buxunları, idmana gedəndən sonra böyümüş əzələləri onları yaşlarından xeyli böyük göstərirdi. Darvazadan çıxanda arxalarınca göz dolusu baxıb, Allaha şükür edirdim ki, belə sağlam, yaraşıqlı, qoçaq, ağıllı və vətənpərvər balalarım var. Orduya gedən kimi ən məsuliyyətli işi onlara tapşırıblar. Mənim balalarım topçu idilər... Hər ikisi! Heç vaxt bir-birlərindən ayrılmadılar... Bir gündə dünyaya gəldilər, bir yerdə böyüdülər, orta məktəbi bir oxudular, hərbi xidmətə bir yollandılar, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda savaşda bir yerdə döyüşdülər. Bu müqəddəs yolda eyni gündə şəhid oldular. Çullu kəndində torpağa da eyni gündə tapşırıldılar. Məzarları yanbayandır".


Nailə xanım deyir ki, müharibə yenidən başlasa, vətən çağırsa, o biri oğullarının da döyüşlərə qatılmasına mane olmaz: "Şükür Allaha ki, torpaqlarımız işğaldan azad olundu. Balalarımın qanı yerdə qalmadı. Gedirəm məzarlarının üstünə, deyirəm: Ay Nazir, ay Tacir gözünüz aydın, olsun, azad görmək istədiyiniz, bu yolda canınızı qurban verdiyiniz yurdlarımız erməni dığalardan təmizləndi. Qələbə bizimdir!"

Nailə xanım oğullarını eyni gündə evləndrmək arzusunda olub: "Eşitmişdim ki, gözaltıları var. Onlar da iki bacıymışlar. Əhd eləmişdim, əsgərlikdən gələn kimi ikisini də eyni gündə evləndirim..."



Əkiz şəhidlərimizin qardaşı Cəfər də qardaşları haqqında xatirələrini danışıb: "Nazir idmanla məşğul olmağı hədsiz sevirdi. Tacir onun qədər idmana meyilli olmasa da, Nazirin təkidindən sonra o da Quzanlıya məşqlərə həvəslə gedib-gəlirdi. Bir gün gördüm ki, həyətdə turnik quraşdırırlar. Həvəslə yeri qazdılar, dəmir dirəyi basdırdılar. Dirək yerinə oturar-oturmaz məşqlərinə başladılar. Elə cəldliklə idman hərəkətləri edirdilər ki, yıxılacaqlar deyə, az qalırdı ürəyim qopsun. Allah, o turnikin başına nə oyun gətirirdilər... Qəribə uşaqlar idilər. Əsgər olmağa, hərbi paltar geyinməyə o qədər həvəsli idilər ki, əsgərlikdən bir qohum gələndə, gedib onun formasını alıb geyinib, yaraşıb-yaraşmadıqlarını öyrənirdilər. Mən əsgərlikdən gələndə hərbi formamı bircə gün əynimdə gördüm. Nazir geyindi, Tacirə verdi, Tacir geyindi, Nazirə verdi. Forma cırılana qədər əl çəkmədilər (gülümsəyir, susur) ... Onlar üçün o qədər darıxıram..."

Cəfər qardaşları ilə fəxr edir:"Amma heç inana bilmirəm ki, onlar bir də bu darvazanı açıb gülə-gülə içəri girməyəcəklər, o, turnikdə sallanmayacaqlar. Elə bilirəm, hələ əsgərlikdədirlər... Yenə zəng gələcək, yenə bir-birinə aman vermədən, sevinclə deyəcəklər ki, işimiz çoxdu, it qovuruq...Özümü ağır bir yuxunun içində hiss edirəm. Amma bütün ruhumla duyuram ki, Nazirdə, Tacirdə bizim yanımızdadırlar, ruhları şaddır, sevinclidirlər... Həm torpağımız işğaldan azad olub, həm silahdaşları onların qisasını alıb. Həm də bütün Azərbaycan onlarla fəxr edir. Vallah, ölümlərin ən gözəli şəhid olmaqdır. Yaranan bir gün öləcək... Amma şəhidlər əsla!"