2021/05/DSC_0-1620980053.jpg

line
Adı: Məmmədli
Soyadı: Sübhan
Ata adı: Səbuhi
Doğum tarixi: 12.08.1994
Şəhid olub: 06.10.2020
Rütbəsi: Leytenant
Təltifləri
«Rəşadət» ordeni«Vətən uğrunda» medalı«Füzulinin azad olunmasına görə» medalı

Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi, bir də 30 illik nifrət, qisas almaq əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, ruhu önündə səcdə etdiyimiz şəhidlərdən biri də Sübhan Məmmədlidir.

Sübhan Səbuhi oğlu Məmmədli 1994-cü il avqustun 12-də Kəngərli rayonunun Xıncab kəndində anadan olmuşdur.

2000–2009-cu illərdə Xıncab tam orta məktəbində, 2009–2012-ci illərdə Heydər Əliyev Adına Hərbi Liseydə təhsil alıb. 2012–2016-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Evli idi.

Sübhan Məmmədli 2016-cı ildə Leytenant rütbəsi alaraq Ordu sıralarına daxil olmuşdur. Xidmətə Bərdə şəhər N saylı hərbi hissədə başlayıb. 2017-ci il may və sentyabr aylarında Tərtər rayonu istiqamətində ön xəttə xidmət edib. 2017-ci ildə Goranboy rayon Ballı Qaya N saylı hərbi hissəsinə Bölük Komandiri vəzifəsinə göndərilib. 2018-ci ildən xidmətini Bakı şəhər N saylı hərbi hissəsində Bölük Komandiri vəzifəsində davam etdirib. 2019-cu il 26 iyunda Baş Leytenant rütbəsinə yüksəlmişdir. 2020-ci il 27 sentyabrda başlanan Vətən müharibəsində, cəbhənin ön xəttinə yollanaraq orada qəhrəmanlıq göstərib. Düşmənin keçilməz hesab edilən bir neçə postunu elə keçirmişdir. 2020-ci il oktyabrın 6-da düşmənlə döyüşdə, Füzuli rayonu ərazisində, yaxınlığına atılan mərmi qəlpəsi nəticəsində qəhramancasına şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Sübhan Məmmədli ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda",“Rəşadət ordeni” , "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.