2021/01/16097-1610289073.jpg

line
Adı: Hüseynov
Soyadı: Rəfail
Ata adı: Teymur
Doğum tarixi: 01.01.2000
Şəhid olub: 05.11.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Rəşadət» ordeni«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı
Ötən il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı və mülki əhalini hədəfə alması Azərbaycan Ordusunun səbrini daşıran son damla oldu. Elə həmin andan etibarən damarlarında qisas qanı coşan aslan pəncəli oğullarımız bir ağızdan Vətənin harayına səs verdilər. Belə qəhrəman ailələrdən biri də Hüseynovlar ailəsidir. Ailənin iki övladı haqq savaşımızda mübarizəyə qoşularaq digər qəhrəmanlarımızla birlikdə Qarabağımızı düşmən tapdağından azad etdilər. Əldə etdiyimiz Qələbədən sonra Rəfail şəhid kimi, Elmir isə qazi olaraq evinə qayıtdı...

2000-ci il yanvarın 1-i Masallının Qarğalıq kəndində dünyaya göz açan Rəfail Hüseynov yaşasaydı, 21 yaşını qeyd edəcəkdi. Amma Vətən sevgisi, yurd eşqi və ən böyük arzusu olan Qarabağı azad görmək istəyi ona bu yaşını şəhid silahdaşları ilə cənnətdə qeyd etməyi nəsib etdi.



Rəfail 2018-2019-cu illərdə həqiqi hərbi xidmətdə olarkən Xüsusi Təyinatlı Qüvvələrin təlimlərinə qatılıb. 398 əsgərdən Rəfail də daxil olmaqla, 28-i kursdan keçməklə xüsusi təyinatlı kimi seçilib. Elə həmin ildən gizir kimi hərbi xidmətini davam etdirib. Bir çox hərbi təlimlərdə iştirak edən qəhrəmanımız tez bir zamanda cəsur kəşfiyyatçı kimi yetişib. Onun evlərinə sonuncu gəlişi avqust ayında olub.

Şəhidin atası oğlunun müharibə başlayanda onlara heç bir məlumat vermədiyini, səhəri gün cəbhəyə yollandığını bildirir. Səfərbərlik elan olunanda isə Teymur əmi böyük oğlu Elmirlə birlikdə hərbi komissarlığa gəlir və ikinci oğlunu da cəbhəyə yollayır:

“Sonuncu dəfə Rəfaillə danışanda dedi ki, "Ata, telefonlarımıza zəng çatmayacaq, biz kəşfiyyata gedirik, nigaran qalmayın". Dedim, "Bala, yolun açıq olsun! Vətəni qorumaq hər birimizin borcudur. Əgər bu torpağın suyunu içiriksə, çörəyini yeyiriksə, ona borcluyuq”.



Rəfail Vətən müharibəsi başlayan gündən yoldaşları ilə Kəlbəcər istiqamətində, Murov yüksəkliyi uğrunda ən şiddətli döyüşlərdə işğalçı düşmənə qarşı rəşadətlə vuruşub . Daha sonra Xüsusi Təyinatlı Qüvvələrin aslanları Füzulinin, Hadrutun düşmən işğalından azad olunmasında böyük qəhrəmanlıqlar göstəriblər. Bu zaman Vətən müharibəsində şərəflə döyüşən qardaşı Elmir üçün telefonunda kiçik bir video lentə alır və müharibə bitdikdən sonra birlikdə baxacaqları ümidi ilə saxlayır...



Vətən müharibəsinin qazisi Elmir Hüseynov deyir ki, qardaşı çətin idarə olunan ağır texnikaları sürməyi də bacarırdı. Hətta döyüşlərin birində yaralı döyüş yoldaşlarını erməni fermasından tapdığı traktorun arxasına qoşqu qoşaraq təxliyə etmişdi:

“Tabor komandiri ağır döyüşlərdən şərəflə çıxan qəhrəmanımıza geri çəkilərək, bir müddət dincəlməyi məsləhət görsə də “Mən geri qayıtmıram! Siz mənə dəstək yollayın, mən yoluma davam edəcəyəm” , - deyə ona cavab verib. Sonra Şuşanın azad olunması uğrunda döyüşlərə qoşulub və orada da qəhrəmancasına şəhid olub” , - deyə qardaşı söyləyir.

Rəfail Şuşaya kimi qəhrəmanlıqla vuruşan, burada düşmən müdafiəsini qıraraq alınmaz qalamızı fəth edən igidlərimizdən biri olub. Aşılmaz sıldırım qayaları qalxıb düşmən üstünə şığıyan xüsusi təyinatlı kimi döyüş meydanında böyük qəhrəmanlıq göstərib.

Noyabrın 5-də Şuşa uğrunda gedən döyüşlərdə son nəfəsinə qədər qəhrəmanlıqla vuruşub gənc Rəfail. Düşmənin atdığı minaatan mərmisinin qəlpəsindən ağır yaralanaraq şəhid olub.
Şəhidin nəşi doğulub boya-başa çatdığı Qarğalıq kəndində böyük izdihamla son mənzilə yola salınıb.

“İnanmırdım ki, Rəfail şəhid olar. Ona o qədər güvənirdim, o qədər insana güvən verirdi. Özünü çox ehtiyatlı aparırdı. Bilirdim ki, yaşı az olsa da, ürəyi böyük idi. Mən oğlumla fəxr edirəm. Onun şəhidliyi ilə qürur duyuram. Bir ana olaraq Allaha “çox sağ ol” deyirəm ki, mənə Rəfael kimi övlad vermişdi. Ona görə Allahımdan razıyam”, - deyə şəhidin anası Şəlalə xanım bildirir.

Rəfail Hüseynov ölümündən sonra Ali Baş Komandanın Sərəncamı ilə “Vətən uğrunda” , "Cəsur döyüşçü", «Cəbrayılın azad olunmasına görə», «Kəlbəcərin azad olunmasına görə» medalları və «Rəşadət» ordeni ilə təltif edilib. Hüseynovlar ailəsi fəxr edirlər ki, qazandığımız böyük Qələbədə onların övladlarının da payı var.