2021/09/maxre-1632198388.jpg

line
Adı: Yusubov
Soyadı: Elzar
Ata adı: Süleyman
Doğum tarixi: 09.01.1989
Şəhid olub: 08.10.2020
Rütbəsi: Leytenant
Təltifləri
«Rəşadət» ordeni«Vətən uğrunda» medalı«Füzulinin azad olunmasına görə» medalı
Elzar Süleyman oğlu Yusubov 1989-cu il yanvarın 9-da Gürcüstanın Dmanisi rayonunun Qəmərli kəndində anadan olub. 1992-ci ildə Azərbaycana köçən Yusubovlar ailəsi Bakının Hövsan qəsəbəsində məskunlaşıblar. 1995-2007-ci illərdə Hövsan qəsəbəsində Ə. Məmmədov adına 76 nömrəli tam orta məktəbdə oxuyub. 2007-2011-ci illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb. Ailəli idi. 2 qızı yadigar qalıb.

Elzar Yusubov 2011-2012-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə keçib. 2013-cü ildə Daxili Qoşunların sıralarında Manqa Komandiri vəzifəsində xidmət edib.

2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət göstərib.

Leytenant Elzar Yusubov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altındakı ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elzar Yusubov oktyabrın 8-də Füzuli döyüşləri zamanı yaralansa da, döyüşməyə davam edib. Döyüşlər başa çatdığdan sonra təcili tibbi yardım göstərilib, döyüş meydanından təxliyyə edilsə də, qanitirmə nəticəsində şəhid olub. Hövsan qəsəbəsində dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elzar Yusubov ölümündən sonra III dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.