Mayıl Kamran oğlu Kürəbəyov 2 aprel 2001-cı ildə Qusar rayonunun Urva kəndində dünyaya göz açıb. 2019-cu ildə orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb.
Kürəbəyovun xidmətinin bitməsinə az qalmış Vətən Müharibəsi başlayıb. Gənc əsgər Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. Amma təəssüf ki, müharibənin ilk günlərində 2 oktyabr tarixində döyüş tapşırıqlarını yerinə yetirəkən şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayıl Kürəbəyov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayıl Kürəbəyov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayıl Kürəbəyov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.