Şəhid baş leytenant Bayram İlqar oğlu Babaşov 1993-cü ildə Cəlilabad rayonunun Günəşli kəndində doğulub. 2009-2012-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə , 2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.
Bayram 2016-ci ildə hərbi məktəbi bitirib və elə həmin ildən də 3-cü ordu korpusunun xüsusi təyinatlı snayper bölümündə tağım komandiri vəzifəsinə başlayıb. O, xidmətimüddətində dəfələrlə xüsusi əməliyyatlarda uğurla iştirak edib, qardaş Türkiyədə xüsusi kurslarda olub, müxtəlif snayper kursları keçib. Xüsusi hava desantı paraşüt kurslarını bitirən Bayram 2019-cu ildə baş leytenant rütbəsini alıb və 3-cü ordu korpusunun əlahiddə əməliyyat taburunun birinci əməliyyat bölüyünün komandiri vəzifəsinə təyin olunub.
Özünəməxsus idarəetmə qabiliyyətinə malik olan Bayram Babaşov peşəkar komandir və cəsur döyüşçü kimi tabeliyində olan şəxsi heyətə daim diqqət və qayğı ilə yanaşıb. O, döyüş bacarıqlarının artırılmasına xüsusi önəm verib. Bu səbəbdən də nizam-intizamlı və fiziki dözümlülüyü hər zaman yüksək səviyyədə olan bir bölmə yetişdirib.
Döyüş yoldaşlarının sözlərinə görə, baş leytenant Bayram Babaşov sentyabrın 27-də rəhbərlik etdiyi bölükdə Azərbaycan ordusunun müdafiə zolağının ən çətin istiqamətindən Murovdağ yüksəkliyindən hücum edərək, "alınmaz qala" adlandırılan Ömər aşırımı istiqamətində yerləşən düşmən mövqelərini ələ keçirib. Qısa müddətdə 2800 metr yüksəklik və keçilməsi olduqca çətin olan sərt qayalıq ərazilərdən keçərək, “Canavar qulaqları” adlanan postları ələ keçirib. Bundan başqa “Elşən postu”nda mühasirəyə düşmüş bir bölüyə qədər şəxsi heyəti mühasirədən çıxararaq, onların həlak olmasının qarşısını alıb.
Kəlbəcər uğrunda döyüşlərdə qəhrəmancasına vuruşan kəşfiyyatçı-zabitlə ailəsinin sonuncu telefon danışığı sentyabrın 29-da olub.
Bayram Babaşov mühasirədə olmasına baxmayaraq, ələ keçirdiyi mövqelərdən sona qədər geri çəkilməyib. Döyüş yoldaşlarının sözlərinə görə, o, şəhid olan əsgərlərinin və yaralıların düşmən əlinə keçməməsi üçün son nəfəsinə qədər üç saat təkbaşına döyüşüb 30-dan çox düşməni məhv edərək, oktyabrın 2-də ər meydanında qəhrəmancasına şəhid olub. Cənazəsi 72 gün sonra tapılaraq, 18 dekabrda doğulduğu Cəlilabad rayonunun Günəşli kənd qəbristanlığında torpağa tapşırılıb.
Bir oğlu bizə əmanət qalıb.
Onun iki qardaşı da Vətən müharibəsində ilk gündən iştirak edib və hər ikisi qazi olub.
Cəlilabad rayonunun Günəşli kəndində Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək, şəhidlik zirvəsinə ucalmış baş leytenant Babaşov Bayram İlqar oğlunun doğum günündə onun adını daşıyan bulağın açılışı olub. Açılış mərasimində rayon rəhbərliyi, şəhidin doğmaları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mətanətli şəhidimiz Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" , "Cəsur döyüşçü" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.