Ruslan Tağıyev 1982-ci il iyunun 12-də İsmayıllı şəhərində anadan olub. Polkovnik-leytenant Ruslan Fuad oğlu Tağıyev 2019-cu ilin fevral və iyun aylarında ikili razılaşma əsasında Çinin Pekin şəhərində ölkəmizi təmsil edib və hərbi biliklərini artırmaq məqsədilə təhsilini davam etdirib. 2020-ci ilin oktyabrında isə Türkiyədə doktorantura təhsili almağı planlayıb. Lakin Vətən müharibəsi başlayan zaman övladları Fuad, Polad və 3 yaşlı Nurayı həyat yoldaşına əmanət edərək ezamiyyətə gedirəm, deyib. Ailəsi bir neçə gün sonra onun döyüşdə olduğunu öyrənib.
Ruslan Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər, Tərtər, Suqovuşan döyüşlərində tabeliyində olan hərbi hissənin önündə şərəflə vuruşub və noyabrın 4-də Laçın istiqamətindəki döyüşlərdə şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
Polkovnik-leytenant həm sağlığında, həm də ölümündən sonra dövlət səviyyəsində yüksək qiymətləndirilib, döyüş orden və medalları ilə təltif olunub.
• "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı
• "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
• "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
• "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
• "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
• "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
• "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı (ölümündən sonra)
• "Vətən uğrunda" medalı (ölümündən sonra)
• "İgidliyə görə" medalı (ölümündən sonra)
• "Laçının azad olunmasına görə" medalı (ölümündən sonra)
• "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)