Samir Xaliq oğlu İslamov 1983-cü il fevralın 5-də Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər 50 saylı məktəbəqədər təlim müəssisəsində tərbiyə alıb. Ailədə 2 bacının 1 qardaşı olan Samir təbiətən çox sakit, diqqətli, mərd bir oğlan olub. 1989-cı ildə Sumqayıt şəhər Y.Məmmədəliyev adına 31 saylı tam orta məktəbə gedib. Orta məktəb illərində dərslərini əla oxuyan Samir hərbçi olmaq arzusu ilə yaşayıb. Bu arzu onu 1997-ci ildə C.Naxçıvanski adına hərbi liseyə gətirib çıxarıb. 2000-ci ildə buranı bitirib və Ali Hərbi Məktəbinə daxil olub. 2004-cü ildə "leytenant" rütbəsi ilə Ali Hərbi Məktəbini bitirib. Samir ailəli idi. Dörd övladı yadigar qalıb.
Hərbiyə çox bağlı olan Samir 4 ilə yaxın Naxçıvan Muxtar Respublikası Qıvraq ərazisində yerləşən N saylı hərbi hissədə xidmət edib. 2 il Ağcabədi rayonu N saylı hərbi hissədə, sonra Astara, Goran, Tərtər rayonlarında yerləşən hərbi hissələrdə xidmətini davam etdirib. 2007-ci ildə Samir İslamov "baş leytenant", 2014-ci ildə "kapitan" rütbəsi alıb.
Hərb tariximizin şanlı səhifəsi olan 2016-cı il Aprel döyüşlərində kapitan Samir İslamov şücaətlə vuruşub, qəhrəmanlıq göstərib. Bu döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri cəbhəboyu əməliyyat şəraitini tam nəzarəti altında saxlaya bilib.
Kapitan Samir İslamov 20 il ərzində əvəzsiz xidmətlərinə görə "Qüsursuz xidmətə görə" medalı (III dərəcə), "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalına layiq görülüb.
Azərbaycan Ordusunun kapitanı olan Samir İslamov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Tərtər rayonu Talış kəndinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəsur komandir həm də müharibədə əsgərlərə təlim keçib. Samir İslamov oktyabrın 9-da Talış döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Samir İslamov ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə"medalları ilə təltif edilib.
Suqovuşan yaşayış məntəqəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir İslamov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Şəhidimizin anası Şəhla İslamova deyir ki, Samir onların üzünü ağ edib, düşmən qarşısından geri çəkilməyib:
"Vətən müharibəsi başlandığı gündən oğlum Qarabağda şücaətlə vuruşdu. Oktyabrın 9-u sonuncu dəfə danışdıq. Mənə dedi ki, "Ana, haqqını halal elə”... Oğlum haqqında danışmaq indi mənim üçün çox çətindir. Şəhidlik böyük zirvədir, qürurdur. Mənim də oğlum qürurla yaşadı, şərəflə öldü. Mən onun hərbçi olmağının əleyhinə idim, lakin o, bu sahəni çox sevdiyi üçün hərbçi olmağı seçdi".
Samir İslamov 2008-ci ildə sevdiyi Kifayət xanımla ailə həyatı qurub. Şəhidin 4 övladı - İdris, Ülviyyə, İslam və Ömər bizlərə yadigar qalıb. Kifayət xanım həyat yoldaşı haqqında danışır:
"Onsuz yaşamaq çox çətindir, sözlərlə ifadə edə bilmərəm, təsəllini öladlarından alıram. Onlar mənim üçün Samirdən xatirədirlər. Samir qayğıkeş həyat yoldaşı, mehriban ata, dəyərli övlad, sevimli qardaş və işinin peşəkarı, işindən zövq alan bir hərbçi idi. Bir insanı itirmək çox ağırdır. Sözlə ifadə edə bilmirəm. Hətta uşaqlarım olmasaydı belə, Samirin atasıgili tərk edib getməzdim. Yenə də burada qalardım. Onun ata-anası mənim də ata-anamdır. Heç bir fərqi yoxdur. Bu gün Samirin şəhid olması ilə qürur duyuram, amma onsuz yaşamaq həddindən artıq ağırdır. Əgər yenidən dünyaya gəlsəydim, Samirlə cəmi 12 il ömür sürəcəyimi bilsəydim, yenə də onunla ailə qurardım. Bu 12 il mənim üçün bir ömrə bərabərdir. Övladlarını sevən ata idi, amma qızı Ülviyyəni lap çox istəyirdi".