O, 2015 -ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Ali məktəbi əla və yaxşı qiymətlərlə bitirib.
2019-cu ildə Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə leytenant olaraq əmək fəaliyyətinə başlayıb və hərbi hissədə tağım komandiri olub. İşlədiyi müddət ərzində üç dəfə fəxri fərman alıb. Döyüş zamanı bölük komandiri vəzifəsinə təyin olunub.
Azərbaycan Ordusunun leytenantı olan Coşqun Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 5-də döyüş tapşırığını yerinə yetirərkən, azad olunmuş əraziyə üç rəngli bayrağımızı sancan zaman ürəyindən aldığı snayper gülləsi nəticəsində şəhidlik məqamına yüksəlib. Neftçala rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Coşqun Xəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Coşqun Xəlilov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
memorial.az