2021/09/babek-1632485505.jpg

line
Adı: Səmidli
Soyadı: Babək
Ata adı: Mətləb
Doğum tarixi: 07.01.1974
Rütbəsi: polkovnik
Təltifləri
«Zəfər» ordeni«Vətən uğrunda» medalı«Suqovuşanın azad olunmasına görə» medalı«Hərbi xidmətlərə görə» medalı
"Bir canımızmı var? Allah nə yazıbsa, o da olacaq. Şərəfli yolu seçin. Doğru yolu seçin. Bu 3-ündən biri olaq: ya qalib, ya qazi, ya da şəhid olaq. Azərbaycan əsgərində başqa heç bir seçim ola bilməz. Hamımız Azərbaycan əsgəriyik, bitdi! Hamımız eyni statusda, eyni mövqedə duran insanlarıq. Axıra kimi də vuruşacağıq".

Bu sözləri yəqin ki, xatırlayırsınız? Bu kadrları çox da uzaq olmayan bir tarixdə, bir anda məşhurlaşan videoda görmüşdük. Bu müraciət polkovnik Babək Səmidlinin əsgərlərinin qarşısındakı çıxışdan bir parçadır.

Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, 1-ci Ordu Korpusunun ideoloji iş və mənəvi-psixoloji təminat üzrə Komandir müavini, Vətən Müharibəsindəki zəfərimizdə əvəzsiz xidməti olan komandirlərimizdən biri Babək Mətləb oğlu Səmidli 1974-cü il, 7 yanvarda Göyçay rayonunda dünyaya göz açıb. Babək Səmidli üç uşaqlı ailənin ən kiçik övladı olub. O, orta təhsilini başa vurduqdan sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Liseyi bitirdikdən sonra, 1993-cü ildə Türkiyə Quru Qoşunları Məktəbinə daxil olub. Türkiyə silahlı qüvvələrinin tərkibində təcrübə keçib.

Ümummilli lider Heydər Əliyev 1994-cü ildə Türkiyədə rəsmi səfərdə olarkən protokolda əvvəlcədən nəzərdə tutlmayan bir hadisə baş verir. Heydər Əliyev o zamankı Türkiyə prezidenti Süleyman Dəmirələ Kara Harp Okuluna getmək istədiyini bildirir. Onlar birlikdə Kara Harp Okuluna gəlir, Azərbaycandan bura oxumağa göndərilən kursantların bir yerə toplanılmasını istəyir. Görüş əvvəlcədən nəzərdə tutulmadığı üçün hamı təşviş içində olur.

Kursantlar yığılırlar, mərhum prezident Heydər Əliyev onlarla bir-bir salamlaşır, görüşür, qarşılarında çıxış edir, sonda ayrılarkən kimin nə sualı, istəyi olması ilə maraqlanır. Kursantlara müraciət edərək: “Məndən istədiyiniz nəsə varmı?” – deyə soruşur. Həmin vaxt Kara Harp Okulunda harbiyəli olan Babək Səmidli əlin qaldıraraq sözü olduğunu bildirir. Kursant Babək Səmidli Ali Baş Komandana özünü təqdim edir. Ali baş komandan: “Buyur Səmidli, səni dinləyirəm” – deyir.

Babək Səmidli Ali Baş Komandana Kara Harp Okulundan qovulmuş azərbaycanlı harbiyelilərin olduğunu, Türkiyədəki çox sərt nizam-intizama uyğunlaşmaqda çətinlik çəkdiklərini, imtahanları verə bilmədiklərinə görə məktəbdən xaric edilən kursant yoldaşlarının olduğunu məruzə edir və kömək etməsini xahiş edir.

Ali Baş Komandan Heydər Əliyev Babək Səmidlini diqqətlə dinləyəndən sonra Türkiyənin prezidenti Süleyman Dəmirələ üzün tutaraq, onların məktəbi bitirməsinin ölkəmiz üçün çox vacib olduğunu, Azərbaycanda müharibə getdiyini, zabitlərə böyük ehtiyac olduğunu onun nəzərinə çatdırır və heç kimin qovulmamasını, qovulanların geri qaytarılmasını, nizam-intizamsızlıq edənlərin islah olunmasını, imtahandan keçə bilməyənlərin yenidən oxuyub imtahan verənədək öyrədilməsini xahiş edir. Süleyman Dəmirəl bununla bağlı Kara Harp Okulunun o vaxtkı rəisi general Yaşar Büyükanıta bu barədə göstəriş verir.

Bu hadisənin üstündən 6-7 il keçir. Ali Baş Komandan Heydər Əliyev Bakıda Ali Hərbi Məktəbi bitirmiş kursantların tədbirində iştirak edir və sonra stadiona enərək onlara baxa-baxa keçir, qəfildən həmin vaxt Ali Hərbi Məktəbdə bölük komandiri kimi xidmət edən baş leytenant Babək Səmidlinin qarşısında ayaq saxlayır və onu haradansa xatırladığını deyir. Babək Səmidli: “Bəli, cənab Ali Baş Komandan, düzdür, mən Türkiyədə sizin qarşınızda Kara Harp Okulunda çıxış etmişəm” – deyir. Ali Baş komandan onu qucaqlayaraq üzünü müdafiə naziri Səfər Əbiyevə tutub, “-Görürsən, Səfər? Mənim Türkiyəyə oxumaq üçün göndərdiyim gənclər bu gün ordumuzda xidmətdədirlər. Bu, məni çox sevindirir”— deyir…

Babək Səmidli 1997-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib. 25 yaşında Azərbaycan Silahlı Qüvvələrində tağım komandiri kimi fəaliyyətə başlayıb. 2000-2003-cü illərdə Ali Hərbi Məktəbdə tağım və bölük komandiri kimi çalışıb. Tovuzda tağım komandirin müavini və hərbi polisin tərkibindəki xüsusi təyinatlıların komandiri vəzifələrində işləyib. Daha sonra xidmətini müxtəlif hərbi hissələrdə davam etdirib.

2015-ci ildə 1-ci ordu korpusunda əməliyyat bölmə rəisi, 2 il sonra isə eyni yerdə korpus komandirinin müavini vəzifələrinə təyin olunub. 2016-cı ildə Talış kəndi uğrunda gedən ağır döyüşlərdə iştirak edib. 2018-ci ildə "Hərbi Xidmətlərə Görə" medalı ilə təltif olunub. Babək Səmidlinin Vətən Müharibəsində Suqovuşan və Talış kəndi uğrunda gedən döyüşlərdə böyük əməyi olub. Talış kəndinə üçrəngli bayrağımızı sancan Babək Səmidli təkbaşına 39 yaralı əsgərimizi döyüş ərazisindən çıxara bilib, Suqovuşanı azad edən kimi təhlükəli olsa da, mühəndisləri həmin əraziyə apararaq rayonlara su verilişini bərpa edib. Polkovnik Babək Səmidli 23 dekabr 2020-ci ildə şəhid olanların nəşini döyüşlər gedən zonadan götürərkən noyabrın 23-də Suqovuşan qəsəbəsi ərazisində minaya düşərək şəhid olub.

O, Beynəlxalq Qızıl Xaç Komitəsi, Rusiya tərəfinin sülhməramlıları və Ermənistan tərəfinin rəsmilərində ibarət qrupun üzvü idi. Qrupun məqsədi döyüş meydanında qalan meyidlərin çıxarılması idi. Mina partlaması nəticəsində həmçinin 4 erməni rəsmisi və 1 rus sülhməramlısı da yaralandı. Babək Səmidli noyabrın 24-də Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub .




Aprel döyüşlərinin qazisi, Vətən Müharibəsinin şəhidi Babək Səmidli Azərbaycan Respublikası prezidentinin sərəncamına əsasən "Zəfər" ordeni, “Vətən uğrunda” “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Ailəli olub, Mətləb və Səmid adlı 2 övladı yadigar qalıb.