2021/01/Xeyru-1610820399.jpg

line
Adı: İbrahimov
Soyadı: Xeyrulla
Ata adı: Mais
Doğum tarixi: 19.04.1971
Şəhid olub: 26.10.2020
Rütbəsi: polkovnik leytenant
Təltifləri
«Azərbaycan Bayrağı» ordeni«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı«Şuşanın azad olunmasına görə» medalı«Hərbi xidmətlərə görə» medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi» yubiley medalı«Qüsursuz xidmətə görə» medalı (II dərəcə)«Qüsursuz xidmətə görə» medalı (III dərəcə)«Hərbi xidmətdə fərqlənməyə görə» medalı (III dərəcə)«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi» yubiley medalı
Sentyabrın 27-də başlayan II Qarabağ müharibəsi 44 gündən sonra başa çatdı. Amma bu müharibə bizə nə qədər qəhrəman, igid oğullarımızın olduğunu bir daha göstərdi. Onlar arasında elə ölümü ilə dastan yazanlar, dillər əzbərinə çevrilənlər də oldu, "Kobra" ləqəbli qəhrəman şəhid  İbrahimov Xeyrulla Mais oğlu kimi.

Gücü və şücaəti ilə düşməni qorxuya salan qəhrəman şəhidimiz polkovnik-leytenant Xeyrulla İbrahimov uzun illər Vətənə xidmət edib. Birinci Qarabağ savaşının iştirakçısı olub. 1992-ci ildə Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Tərtər rayonlarının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. 22 mart 1994-cü ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində yaralanıb.


993-cü il noyabrın 1-dən 1993-cü il yanvarın 18-nə qədər Hərbi Hava Qüvvələrinin (HHQ) və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHM) sərəncamında olan Xeyrulla İbrahimov, 1994-cü il yanvarın 18-dən 1997-ci il mayın 14-nə qədər Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə Artilleriya Divizionunun Komandiri, 1997-ci il mayın 14-dən 1998-ci il noyabrın 1-nə qədər isə həmin hərbi hissədə Haubitsalı Artilleriya Divizionunun Komandiri vəzifəsində xidmət edib. 1994-cü il iyunun 24-də "Baş leytenant" hərbi rütbəsi, 1997-ci il iyunun 30-da isə "Kapitan" hərbi rütbəsi verilib.

1998-ci il noyabrın 1-dən 1999-cu il iyunun 29-na qədər Abşeron rayonunda yerləşən 4-cü Ordu Korpusunda Artilleriya rəisi vəzifəsində xidmət edən Xeyrulla İbrahimov, 1999-cu il iyunun 29-dan 2000-ci il iyunun 26-na qədər Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Academiyasında dinləyici olub. 2000-ci il iyunun 30-da "mayor" hərbi rütbəsi verilib.

Xeyrulla İbrahimov 2000-ci il iyulun 26-dan 2003-cü il sentyabrın 30-na qədər Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissədə Komandir müavini, 2003-cü il sentyabrın 30-dan 2004-cü il aprelin 1-nə qədər həmin hərbi hissədə Komandirin MTT üzrə müavini - MTT bölmə rəisi vəzifəsində xidmət edib. 2004-cü il iyunun 30-da "polkovnik-leytenant" hərbi rütbəsi verilib.

2003-cü il iyunun 24-də Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamına əsasən Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.

Növbəti 7 il ərzində Xeyrulla İbrahimov hərbi hissələrin Komandiri vəzifəsində xidmət edib. O, əvvəlcə 2004-cü il aprelin 1-dən 2009-cu il iyulun 25-nə qədər Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissənin, sonra isə 2009-cu il iyulun 25-dən 2011-ci ilə qədər Naxçıvan şəhərində yerləşən "N" sayı hərbi hissənin Komandiri olub.Könüllü olaraq 2011-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılıb. 20 il davam edən qüsursuz xidməti ərzində "Kobra" ləqəbini qazanıb.


2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədildi və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutuldu, nəticədə ölənlər və yaralananlar oldu. Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə bildiriləndən sonra günorta saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verildi. Könüllü olaraq Müdafiə Nazirliyinə müraciət edən ehtiyatda olan polkovik-leytenant Xeyrulla İbrahimovun müraciətinə dərhal baxıldı və o, 4-cü Ordu Korpusunun Artilleriya rəisi vəzifəsində müharibəyə yollandı.

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Xeyrulla İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin, dayan məntəqələrinin məhv edilməsi zamanı fərqlənib. Etmənistan Ordusunun rəhbərliyi tərəfindən döyüş meydanında "Kobra" ləqəbi ilə tanınan Xeyrulla İbrahimovun öldürülməsi pul ödənişi belə təyin edilmişdi. Xeyrulla İbrahimov oktyabrın 26-da Xocavənd döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Xeyrulla İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Xeyrulla İbrahimov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xeyrulla İbrahimov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, Xeyrulla İbrahimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, Xeyrulla İbrahimov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Qarabağı düşməndən azad etmək eşqi ilə alışıb-yanan Xeyrulla İbrahimov baş geyimi ilə düşmən obyektlərinin dəqiq koordinantlarını müəyyən edən, 1 mərmi ilə düşmənin 2 hədəfini məhv edən İGİD SƏRKƏRDƏLƏRDƏN idi. Xeyrulla İbrahimov dünya miqyasında qəbul olunan əfsanəvi hərbçidir. O, dünyanın istənilən bölgəsində, istənilən relyefində imkansız sayılan hərbi əməliyyatları həyata keçirə bilən PAŞALARIMIZDAN idi.  Cəbhə bölgəsində Ermənistan silahlı birləşmələrinin canına qorxu salan, xeyli sayda texnikanı ələ keçirən və çoxsaylı düşməni məhv edən Xeyrulla İbrahimov Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. İllər keçəcək, qərinələr ötəcək, qan yaddaşımızda Xeyrulla kimi qəhrəmanlarımız əbədi yaşayacaq.


Bu döyüşlərdə o, zabit heyəti içərisində özünün komandirlərə xas, dərin hərbi bilik, döyüşdə hadisələrin gedişini əvvəlcədən duyub, lazımi tədbirlər görmək qabiliyyətinə malik, tabeliyindəki şəxsi heyətə qarşı ədalətli və qayğıkeş bir komandir kimi davranıb. Xeyrulla cismən dünyasını dəyişsə də, əbədiyaşar qəhrəman kimi dostlarının, tanıyanların və ümumiyyətlə, xalqımızın qəlbindədir.