2021/09/18979-1632772255.jpg

line
Adı: İbrahimov
Soyadı: Bəhruz
Ata adı: Fazil
Doğum tarixi: 22.06.1983
Şəhid olub: 30.09.2020
Rütbəsi: MAHHXHQ kiçik çavuş
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi» yubiley medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» yubiley medalı«Qüsursuz xidmətə görə» medalı (III dərəcə)«Azərbaycan Ordusunun 100 illiyi» yubiley medalı
Bəhruz Fazil oğlu İbrahimov 1983-cü il mayın 22-də Füzuli rayonunun Govşatlı kəndində anadan olub. Erməni vəhşiliyi nəticəsində on yaşında ailəsi ilə birlikdə doğma ata yurdundan məcburi köçkün düşüb. Aygün Fərhadova ilə ailəli idi. Üç övladı yadigar qaldı.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Bəhruz İbrahimov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bəhruz İbrahimov sentyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub.

Orduda uzun illər sədaqətlə xidmət etdiyinə görə Bəhruz İbrahimov sağlığında «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi» yubiley medalı, «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» yubiley medalı, «Qüsursuz xidmətə görə» medalı (III dərəcə), «Azərbaycan Ordusunun 100 illiyi» yubiley medalı ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli və Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz İbrahimov ölümündən sonra "Füzulinin azad olunmasına görə", «Cəbrayılın azad olunmasına görə» medalları ilə təltif edilib.



Şəhidin qardaşı Mübariz İbrahimov deyir ki, uzun illərdir doğma yurdlarına qayıdacaqları günü gözləyiblər. Bəhruz da bu arzu ilə yaşayıb:

“Uşaq yaşlarından erməni vandalizmini görmüşdü, ona görə də hərbçi olmağa qərar verdi. Həqiqi hərbi xidməti bitirdikdən sonra ailə quran Bəhruz daha sonra müddətdən artıq hərbi xidmətçi kimi Vətənin keşiyində dayandı. O, 10 yaşında ayaqyalın çıxdığı Füzuliyə qəhrəman hərbçi kimi tank üstündə qayıtdı. Doğma rayonumuzun azad edilməsində böyük şücaət göstərdi”.

Şəhidin həyat yoldaşı Aygün Fərhadova söyləyir ki, ömrünün 14 ilini Vətənə xidmət edən Bəhruz peşəkar hərbçi idi. Sağlığında fəxri fərmanlarla və qüsursuz xidmətə görə bir neçə medalla təltif edilib. Ailəcanlı və torpağına bağlı idi:

“Bəhruzun ilk döyüş yolu Aprel zəfərindən başladı. Dörd günlük döyüşlərdə Bəhruz və yoldaşları Lələtəpə istiqamətində düşmən üzərində qələbə qazandılar. Vətən müharibəsində isə tankçı kimi döyüşlərə atıldı. Düşmənin Füzuli istiqamətində qurduğu maneələrin yarılmasında böyük şücaət göstərdi. Füzuli istiqamətində kəndlərimizin azad edilməsi uğrunda döyüşlərdə düşmənə, sözün əsl mənasında, cəhənnəmi yaşadıb. Daha sonra Cəbrayıl istiqamətində gedən döyüşlərə qatılıb, düşmənin xeyli texnika və canlı qüvvəsinin məhv edib. Sonuncu döyüşündə yaralı yoldaşlarına kömək etmək üçün tankın kabinəsindən çıxarkən snayperlə vurulub”, - deyə Aygün Fərhadova əlavə edib.



Bəhruzun sonuncu danışığı övladı Farizlə olub. Ona ata nəsihəti verərək, dərslərini yaxşı oxumağı, Vətənə layiqli övlad kimi yetişməyi tövsiyə edib:

“Atam qəhrəman kimi daim qəlblərdə yaşayacaq. Hər zaman deyirdi ki, torpaqlarımızı düşməndən azad edəcəyik və gələcək nəsillər firavan yaşayacaq. Axırıncı dəfə danışanda da bizdən bir istəyi oldu - hər zaman dərslərinizi yaxşı oxuyun, Vətənə, xalqa xeyirli övlad kimi yetişin”.