2021/05/eke-1621939477.jpg

line
Adı: İbrahimov
Soyadı: Əlövsət
Ata adı: Seyidxan
Doğum tarixi: 21.04.1995
Şəhid olub: 02.10.2020
Rütbəsi: Kiçik gizir
Təltifləri
«Rəşadət» ordeni«Vətən uğrunda» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı«Vətən müharibəsi iştirakçısı» medalı
44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəmanlardan biri də Əlövsət İbrahimovdur. Əlövsət Seyidxan oğlu İbrahimov 1995-ci il aprelin 21-də Şamaxı şəhərində anadan olub. 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə "gizir" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq orduda xidmətini davam etdirib.

Azərbaycan Ordusunun kiçik giziri olan Əlövsət İbrahimov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Kəlbəcər rayonunun Koroğlu dağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Goranboydan Murov dağına kimi bir sıra yüksəkliklərin və mövqelərin alınmasında igidlik göstərib.Oktyabrın 2-də Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Şəhid olan Azərbaycan Ordusunun kiçik giziri Əlövsət İbrahimov Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əlövsət İbrahimov ölümündən sonra “Rəşadət” ordeni, “Vətən uğrunda” medalı, “Kəlbəcərin azad olunmasına görə” medalı, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilib.



Şəhid Əlövsət İbrahimov haqqında danışan qardaşı Bəhram İbrahimov onun hərbiyə marağından, çox cəsur və döyüşkən olduğundan bəhs edir:

“Biz beş qardaşıq, mən, Əlövsət, Bəxtiyar, İxtiyar, Mehdi. 5 qardaşdan 3-ü Vətən Müharibəsi iştirakçısıdır. Əlövsət, Bəxtiyar və İxtiyar. Onlar da hərbçidir. Amma müddətdən artıq xidmət edirlər. Əlövsət Şamaxı şəhərində anadan olub. Məhəmməd Hadi adına 9 saylı məktəbdə təhsil alıb. Öz istəyi ilə hərbiyə gedib, ailəmiz də onun bu istəyini xoş qarşılayıb. Onun hərb yolu 2016-cı ildən başlayıb. Əlövsət digər qardaşlarımdan fərqli olaraq hərbi məktəbi bitirib. Yenicə kiçik gizir rütbəsini almışdı. Qardaşım o qədər hərbiyə bağlı idi ki, fikri-zikri ancaq hərbidə olmaq idi. Həmişə evə gələndə deyirdik ki, müharibə olsaydı gedərdik. Heç nədən qorxmurdu, həmişə təlimlərdə idi. Soruşanda “təlimdə harda olursunuz?”, ancaq “dağlarda” deyirdi. Axırıncı dəfə evə müharibədən əvvəl sentyabr ayında gəlmişdi. Fəxri fərmanlarını yığıb gətirmişdi ki, orada itməsin”.

Şəhidin qardaşı onun həm həyat eşqi ilə dolu, həm də şəhidliyə can atan biri olduğuna xüsusi diqqət çəkib:

“Əlövsət çox gülərüz, şən insan idi. Getdiyi məclisin başı idi. Hamı ətrafına toplanırdı. Güləndə yanaqları batırdı. Bu ona o qədər gözəllik verirdi ki... İndi artıq o, bir xatirədir. Bilirsiniz, torpaqlarımızın düşmən tapdağı altında olması onu çox narahat edirdi. Həmişə deyirdi ki, “şəhid verməyən xalqın mənliyi olmaz” . Sanki hiss edirdi ki, şəhid olacaq. Ona görə evlənməyə də tələsmirdi. Bu yaxınlarda döyüş yoldaşları ailəmizi ziyarətə gələndə dedi ki, biz onun bu qədər döyüşkən olduğunu bilməzdik”.