44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Yusif Nağıyevdir.
Yusif Bərxudar oğlu Nağıyev 1996-cı il yanvarın 1-də Bərdə rayonunun Əyricə kəndində anadan olub. O, 2002-2013-cü illərdə həmin kəndin E.Abdullayev adına tam orta məktəbində təhsil alıb. Nağıyev Yusif 2014-cü il yanvar ayında həqiqi hərbi xidmətə çağırılıb. Həmin ilin aprel ayından N saylı hərbi hissənin xüsusi təyinatlı bölməsində xidmət keçib. 2016-cı il Aprel döyüşlərində iştirak edib.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə qatılıb. Kəlbəcər, Cəbrayıl və Xocavənd rayonunun işğaldan azad olunmasında xüsusi rəşadət, şücaət və qorxmazlıq nümayiş etdirmişdir. Döyüş meydanından şəhid və yaralıların çıxarılmasında xüsusi şücaət göstərib. Hadrut istiqamətində gedən döyüşlərdə yüksəkliklərin ələ keçirilməsində və düşmənin əks-həmlələrinin qarşısının alınmasında iştirak edib.
Yusif Nağıyev 2020-ci il oktyabrın 21-də Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından şəhid olub. Doğulduğu Əyricə kəndində torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Yusif Nağıyev ölümündən sonra Rəşadət” ordeni, “İgidliyə görə”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.