Vətən müharibəsində idarə etdiyi tankla düşmənin müdafiə xəttini yararaq onların mövqelərini darmadağın edən cəsur zabitlərimizdən biri də şəhid mayor Amid Heydərovdur. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanov məktəbinin davamçısı kimi, bu peşəyə dərindən yiyələnən Amid Heydərov döyüş meydanında göstərdiyi qəhrəmanlıq nümunəsinə görə ölümündən sonra Ali Baş Komandanın Sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı " adına layiq görülüb.
Amid Rəbbil oğlu Heydərov 1988-ci il mayın 20-də Lerik şəhərində anadan olub. Uşaqlıqdan özünə Həzi Aslanovu örnək seçən Amidin böyüyəndə general olmaq arzusu onu Cəmşid Naxçıvanski adına Hərbi Məktəbə gətirib çıxarıb. Daha sonra təhsilini Heydər Əliyev adına Ali Hərbi Məktəbində davam etdirib, hərb sənətinin sirlərinə mükəmməl yiyələnərək tankçı olmaq arzusunu reallaşdırıb.
Amid Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amid Heydərov oktyabrın 3-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Lerik şəhərində dəfn edilib.
Sağlığında orduda misilsiz xidmətlərinə görə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı və "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalına layiq görülən Amid Heydərova ölümündən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Atası Rəbbil Heydərov deyir ki, Amid Aprel döyüşlərində Lələtəpəyə çıxan ilk tankçı olub. 32 yaşında hərbi hissə komandiri olan Amid Heydərov Vətən müharibəsində də hücum əmri veriləndə tankı ilə birgə düşmənin müdafiə xəttini yaran ilk cəsur döyüşçülərimizdən biri olub. Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəman mayor öz heyəti ilə yüksəklikləri atəşə tutaraq düşmənə göz açmağa imkan verməyib, son mərmisinə, son nəfəsinədək tarix yazıb.
“Onun tankı vurulmuşdu. Yaralıları tankdan çıxarmaq istəsə də, ermənilər imkan vermirdi. İkinci tankla təkbaşına düşmən üzərinə gedir, mərmilərinin hamısını düşmənin postuna tuşlayır. Nəhayət düşməni susdurur. Mərmisi qurtardığı üçün geri qayıdanda, onun tankı yenidən hədəf alınır. Oğlum tankın içində qəhrəmancasına şəhid olur” , - deyə Rəbbil kişi söyləyir.
Şəhid anası Şükufə Heydərova deyir ki, oğlunun intiqamı düşməndən alındı, Şuşaya bayrağımızın taxılması ilə Amidin ruhu şad oldu:
“Hər gün onun otağına girirəm, şəkilləri və paltarları ilə danışıram. Çox çətindir, onun yoxluğu ilə barışa bilmirəm. Amid çox mərd uşaq idi. Oğlum iki dəfə müharibədə iştirak etdi. Lələtəpənin yüksəkliyini alanda birinci tankı ora özü çıxardı. Vətən müharibəsində də tankın üstünə yazmışdı ki, “Şuşa -son mənzilimiz”. Çox təəssüf ki, ora çata bilmədi, qəhrəmancasına şəhid oldu”.
Amidin özündən sonra Vətənə, ailəsinə əmanət qoyduğu 2 övladı yadigar qalıb. Onlar da ataları kimi vətənpərvər ruhda böyüyür. Şəhidin həyat yoldaşı Nuranə Heydərova deyir:
“Səkkiz ildir ailə həyatı qurmuşduq. Hərbçi olmaq şərəfdir, lakin bir o qədər də çətindir. Amidin yoxluğundan 3 ay keçməsinə baxmayaraq, hələ də onu itirdiyimə inana bilmirəm, yumşaq ürəyi vardı, mehriban insan idi. Ali Baş Komandan çox sağ olsun, yoldaşıma "Vətən Müharibəsi Qəhrəmanı" adını verdi. Ardınca “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edildi”.
Qardaşı Asim isə bildirir ki, Amid ona qardaşdan da artıq, dost, sirdaş və arxa idi:
“Bu həyatda mən qardaş yox, bir dost itirmişəm. Həmişə danışanda deyirdi ki, "İnşallah, az qalıb, torpaqlarımız tam azad olunacaq". Ən böyük arzusu general olmaq idi. Bir də Lələtəpəyə çıxdığı kimi, Şuşaya da ilk gedən tankçı olmaq arzusunda idi. Qismət olmadı, amma yoldaşları onun arzusunu yerinə yetirdilər. Qardaşımın qanını yerdə qoymadılar, Qarabağımız işğaldan azad olundu”.