2021/01/85256-1611010316.jpg

line
Adı: Orucov
Soyadı: Elşən
Ata adı: Yavər
Doğum tarixi: 06.08.1991
Şəhid olub: 22.10.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Qubadlının azad olunmasına görə» medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi» yubiley medalı«Qüsursuz xidmətə görə» medalı (II dərəcə)«Qüsursuz xidmətə görə» medalı (III dərəcə)«Azərbaycan Ordusunun 100 illiyi» yubiley medalı
Orucov Elşən Yavər oğlu 1985-ci il avqustun 11 – də qəhrəmanlar oylağı olan Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ayrınc kəndində anadan olmuşdu.


1991-ci ildə Ayrınc kənd tam orta məktəbində təhsil almağa başlamışdı. Atası Yavər müəllim, anası Səfurə xanım Elşənin və digər övladlarının gələcəyinin parlaq olmağı üçün hər vəchlə çalışmışlar. Elşən orta məktəbdə oxuduğu zamandan vətənə olan sevgisi özünü açıq-aşkar biruzə verirdi. Elə bu sevgi onun yollarını Naxçıvan MR Heydər Əliyev adına Ali Hərbi liseyə gətirib çıxardı. 2004-cü ildə liseyi bitirdikdən sonra elə həmin ilin iyulunda Heydər Əliyev adına Ali Hərbi məktəbə daxil olmuşdu. 2008-ci ildə hərbi məktəbi bitirdikdən sonra iyul ayında Hərbi Akademiyanın Təlim Tədris mərkəzinə qəbul olmuş və 2009-cu ildə leytenant rütbəsi ilə bitirmişdi. Təyinatla Gəncə şəhər N saylı hərbi hissəyə göndərilmiş bir il xidmət etdikdən sonra Ağdam rayonunun N saylı hərbi hissəsinə göndərilmişdi. Daha sonra bir müddət Naftalanda xidmət etdikdən sonra yenidən Ağdamda xidmətə başlamışdır. 2016-cı ildən başlayaraq Füzuli şəhərinin Horadiz qəsəbəsində xidmət etmişdi. Elşən ömrünü vətən uğrunda fəda etmiş qəhrəmanlarımızdan biridi. O 2016-cı ildə Erməni silahlı bölmələrinin “atəşkəsi” pozaraq törətdikləri hücum cəhdinin qarşısının alınmasında və həmin o döyüşlər zamanı göstərdiyi şücaətlərə görə möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən medalla təltif olunmuşdu. Hərb sənətinin bütün çətinliyinə qatlanan Elşənin yaşam gücü vətənə olan sevgisindən bir də sevgi dolu ailəsindən qaynaqlanırdı. Könül verdiyi Əfsanə xanımla sevgisini etiraf etdikdən 4 il sonra 2008-ci ildə qovuşan Elşən həm də çox gözəl ata idi. Həyatının qaranlığını Ay tək aydınladan Aygünü, ruhunu Günəş tək isidən Günəşi onun sevinc dolu dünyası idi. Hər zaman “Müharibə olarsa öndə mən gedəcəm. Siz möhkəm olun” deyən Elşən sanki ailəsini həmin günlərə hazırlayırdı.13 illik ömür yoldaşına olan güvəni onun ürəyini arxayın etmişdi. Şəhidin qazandığı məqamın ucalığını dilə gətirən qəhrəman hər zaman o məqama yüksəlməyin arzusunda idi.



Arzuların gerçəyə döndüyü, vətən adlı ümidlərin cücərdiyi sentyabr. Sentyabrın 27-də artıq cəbhəboyu pozulan atəşkəsin cavabı verilməyə başladı. Bu dəfə “irəli” əmri alan müzəffər ordumuz torpaqlarımızı qarış-qarış azad edirdi. Bu irəliləyən ordunun bir döyüşçüsü də mayor Elşən Orucov idi. Elşən son dəfə sentyabrın 29-da evinə gəlmişdi. O “Şəhidlərimizin qisasın alacam, Polad Həşimovun qanını yerdə qoymayacam” dedi və ailəsi ilə vidalaşıb. Onun döyüş yolu Füzuli istiqamətində gedən döyüşlərdən başlayıb. Oktyabrın 10-u qərərgah rəisi təyin olunub və Cəbrayıl istiqamətinə göndərilib. Döyüşlərdə düşmənin külli miqdarda silah – sursatını, texnikasını ələ keçirmiş, 4 yüksəkliyin əldə olunmasında müstəsna rolu olmuşdu. Hər dəfə sevincini Əfsanə xanımla bölüşən Elşən hər zəfərdən güc alırdı. Oktyabrın 15-i Əfsanə xanım Elşənlə danışdığı zaman bir partlama səsi eşidir və telefon sönür. Bir müddət sonra Elşən zəng edib atəşə tuş gəldiklərini lakin hər şeyin qaydasında olduğunu deyir. Ancaq səsindən acısı hiss olunur.



Gizlətməyə çalışsa da xanımı onun səsindən yaralı olduğunu hiss edir. Qarnından qəlpə yarası almağına baxmayaraq Elşən döyüşə davam edir. Elşən oktyabrın 19-da “Zəngilanda bayrağımız sancılan yerdən sizə zəng etmişəm,gedirəm Kəlbəcərə” deyir və bu onun son zəngi olur.


Oktyabrın 21-dən 22 – nə keçən gecə şəhidimizin qızı Aygün yuxudan oyanaraq Atasının səsini eşitdiyini, sanki bir daha atasını görə bilməyəcəyini deyir. Həmin gecə görülən qəribə bir yuxu da Əfsanə xanımın gördüyü yuxu olur. Elşənin cənnəti əks etdirən bir yerdə süfrə arxasında ağ libasda oturması və “Əfsanə gör nə gözəl yer tapmışam, buradan heç kimin xəbəri yoxdu deməsi” Elşənin şəhid olduğunun xəbərçisi idi.


Mayor Orucov Elşən Yavər oğlu oktyabrın 22-də Qubadlı rayonunun Muradbəyli kəndində 22 əsgərlə birlikdə qəhrəmancasına şəhid olub. Özündən sonra qəhrəmanlığı iz qoyan şəhidin döyüş yoldaşları onun qorxmazlığından, şücaətlərindən danışdıqca elə bir qəhrəmanın orduda olmamağı gerçəyi ilə barışa bilmirlər.



Orduda göstərdiyi xidmətləri hər zaman ölkə başçısı tərəfindən qiymətləndirilən, xidməti dövründə “Qüsursuz xidmətə görə” lll dərəcəli, “Qüsursuz xidmətə görə” ll dərəcəli medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunan mayor şəhadətindən sonra da “Vətən Uğrunda” , “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.


ŞƏHİD ELŞƏN


Bir igid oğlunun ömür karvanı,
Sinəndə iz saldı vətən torpağı.
Ağrını – acını əlindən alıb,
Ucaltdı yenilməz şanlı bayrağı.


Döyünən qəlbinin pıçıltısıyla,
Söylədi “Qoynuna gəlirəm vətən”.
Apreldə savaşdan üzü ağ çıxıb,
Oldu bu vətənin dadına yetən.


Vətənin həsrəti sona yetən gün,
Ruhu sevinc tapdı, güldü bənizi.
Elşənin müqəddəs şəhid məqamı,
Fəth etdi eşq ilə ürəyimizi.