2021/01/16074-8055348875.jpg

line
Adı: Məlikov
Soyadı: Aqil
Ata adı: Niyaz
Doğum tarixi: 06.04.1986
Şəhid olub: 27.09.2020
Rütbəsi: Kapitan
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi» yubiley medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» yubiley medalı«Qüsursuz xidmətə görə» medalı (III dərəcə)

27 sentyabr 2020-ci il... O gün Azərbaycanın tarixində, qəhrəmanlıq salnaməsində yeni səhifə açdı. Bu səhifə Azərbaycan əsgərinin şücaəti, zəfər yürüşü, Ordumuzun Vətən uğrunda savaşı ilə yazıldı.


O gün Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu Vətən uğrunda ölüm-dirim savaşına qalxdı.
44 günlük Vətən savaşıda öz şücaəti ilə qəhrəmanlıq dastanı yazan şəhidlərimizdən biri də Aqil Niyaz oğlu Məlikovdur.

 



 


Aqil Məlikov 1986-cı ildə Quba rayonun Alpan kəndində doğulub. Onda uşaq yaşlarından ermənilərə böyük nifrət formalaşıb. Çünki doğulub boya-başa çatdığı Alpan kəndi ötən əsrin əvvəllərində ermənilər tərəfindən yandırılaraq tamamilə məhv edilib, sakinləri isə soyqırımına məruz qalıb.


Aqil Məlikov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb.


34 yaşlı zabit düşmən üzərinə atılan ilk döyüş qruplarında yer alıb. Füzuli rayonunun dörd kəndinin azad olunmasında iştirak edib.  



Aqil Məlikov 100 il sonra yurdunun qisasını ermənilərdən alaraq 27 sentyabr 2020-ci ildə Qaraxanbəyli kəndində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Döyüş yoldaşlarının söylədiyinə görə Aqil şəhid olanadək düşmənin üzərinə yeriyib, onlarla erməni döyüşçüsünü məhv etməyi bacarıb.


Şəhidin anası Sara Məlikova bildirir ki, Aqil on il əvvəl ailə həyatı qurmuşdu. İndi 5 yaşındakı oğlu Süleyman və 9 yaşlı qızı Xədicə ondan yadigarıdır.


 



 


Aqil Məlikovun doqquz yaşlı qızı Xədicə deyir ki,  "mənim atam dünyadakı ən yaxşı insan idi. O, mənim varlığım idi. Düzdür, o, indi bu dünyadan köçdü, amma hamımızın, bütün Azərbaycan xalqının qəlbində yaşayacaq. Həmişə görüntülü zəng edərdi. Bizi öpüb qucaqlayardı. Əslində, indi də öpüb qucaqlayır, amma mən bunu hiss etmirəm. Mən atamla fəxr edirəm".

Atası Niyaz Məlikov bildirir ki, Aqil döyüşlər başlayan vaxt evə zəng edərək sevinclə çoxdan gözlədiyi günün gəlib çatdığını bildirib.


“Aqil Vətənini çox sevirdi. Orta məktəbi bitirdikdən sonra hüquqşünas olmaq istəyirdi. Məzun olduğu ilk il qəbul imtahanlarında az bal yığdığından hüquqşünas ixtisasına daxil ola bilmədi. Növbəti il isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olundu. Zabit kimi Vətənə xidmətə başladı. Onun haqqında ancaq xoş sözlər eşitmişəm. Sentyabrın 27-də Aqillə telefonla danışdıq. Yüksək əhval-ruhiyyədə bildirdi ki, ermənilərin müdafiə xəttini yarıb, artıq üç kəndimizi mənfur düşmənlərdən azad etmişik. Bu onunla sonuncu danışığımız oldu. Sonra şəhid olduğunu öyrəndik. Oğlumla fəxr edirəm” , - deyə Niyaz Məlikov söyləyib.



 


Aqil Məlikov Aprel döyüşlərinin də iştirakçısı olub. Xidməti ərzində bir neçə dəfə medallarla təltif edilib. Müdafiə naziri Zakir Həsənov ona şəxsən qol saatı hədiyyə edib. Mayor rütbəsi aldığını isə ailəsi Aqil şəhid olduqdan sonra öyrənib.


Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhid olan mayor Aqil Məlikov Alpan kənd qəbiristanlığında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəcamları əsasında Aqil Məlikov "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" , "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" , "Azərbaycan Ordusunun 100 illiyi", III dərəcəli "Qüsursuz xidmətə görə", "Vətən uğrunda" (ölümündən sonra), "Füzulinin azad olunmasına görə" (ölümündən sonra) və "İgidliyə görə" (ölümündən sonra) medalları ilə təltif olunub.