Fərid Fazil oğlu Dursunov 1986-cı ilin iyulunda Qax rayonunun Qorağan кəndində Fazil və Mirvari Dursunovlar ın ailəsində anadan olub. Fərid 1992-2003-cü illərdə Qax rayonu Səfa Rəhimov adına Qorağan kənd tam orta məktəbində təhsil alıb. Məktəbi başa vurandan sonra sənədlərini Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM) verən Fərid 2008-ci ildə oranı bitirib və qısa müddətliyinə ölkə xaricə təlimlərə göndərilib. Məryəm xanımla ailə həyatı qurub. Şəhidimizin özündən sonra Ömər və İsa adında iki oğlu Vətənə yadigar qalıb.
Kapitan Fərid Dursunov xidməti dövründə çoxsaylı medal və təltiflərə layiq görülüb. “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, III dərəcəli “Qüsursuz xidmətə görə”, “Azərbaycan Ordusunun 100 illiyi” medalları ilə təltif edilib.
Azərbaycan Ordusunun kapitanı Fərid Dursunov 44 günlük Vətən müharibəsi zamanı Kəlbəcərdə Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. O, sentyabrın 29-da Kəlbəcər rayonu istiqamətində "Koroğlu 3" döyüş mövqeyi uğrunda gedən qızğın mübarizədə şəhid olub. Qax rayon Qorağan kəndində dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, kapitan Dursunov ölümündən sonra "Vətən uğrunda" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilib.
Kəlbəcərin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında da şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezident Sərəncamına əsasən Dursunov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə də təltif edilib.
Fərid "Galatasaray" Futbol Klubunun sadiq azarkeşlərindən olub. O, döyüşlərə qatılmazdan əvvəl "şəhid olsam məzarıma Azərbaycan bayrağı ilə birgə Qalatasaray bayrağını da asın" , - deyə vəsiyyət edib. Şəhidin vəsiyyətinin sosial mediada ictimailəşdirilməsindən sonra "Galatasaray" İdman Klubu özünün rəsmi twitter hesabında Fərid Dursunovun məzarının fotosunu paylaşaraq başsağlığı verib. Ardınca isə "Galatasaray"-ın "başkan yardımcısı" Yusuf Günay şəxsən əlaqə saxlayaraq şəhidin atası Fazil Dursunova öz adından və bütün Türkiyə xalqı adından başsağlığı çatdırıb.
Fəridin iki qardaşının da hərbidə xidmət etməsi və bu qələbədə onların böyük xidmətlərinin olması Dursunovlar ailəsinin qürur mənbəyinə çevrilib. Şəhidin atası Fazil kişi Vətən uğrunda canlarını əsirgəməyən iki igidindən danışır:
"Fərid Daşkəsən istiqamətində döyüşü idarə edib. Bir gün sonra şəhid olub. Qax rayonu, Qorağan kəndində dəfn etdik. Onun müharibə kimi həyatı vardı. Vətəninə, torpağına bağlı insan idi. Əsgərləri də onu çox istəyirdilər. Əsgərləri deyirdi ki, "komandir, sən olanda biz heç kimdən qorxmuruq". Üç oğlum var və hamısı hərbçidir. Kiçik oğlum da döyüşlərdə iştirak edib. Onun Ağdərə istiqamətində idarə etdiyi texnika minaya düşmüşdü. Texnikaya ziyan dəysə də, özləri yaralanmadan salamat qurtulmuşdular. O biri oğlum isə Tovuzda xidmət edirdi. İyul döyüşlərində olub. Fərid Dursunov kiçik qardaşına demişdi ki, "Döyüşlər başlayan günü çayda dəstəmazını alırsan, namazını qılırsan, əyləşirsən texnikaya. Nə geriyə baxırsan, nə də o haqda fikirləşirsən. Ancaq qabağa irəliləyirsən. Qarabağda görüşərik" ... Qardaşına belə vəsiyyət etmişdi. Yoldaşına məktub yazıb qoymuşdu ki, "Məndən narahat olmayın, şəhid olsam, özümü xoşbəxt sayaram" . Vətəni sevməkdən doymurdu. Sevgisini şəhid olmaqla bildirmək istəyirdi ki, Vətəninə nə qədər bağlı olduğunu sübut etsin. Belə bir zabit idi Fərid Dursunov. Oğlum şəhid olandan sonra Prezidentimizə məktub yazmışdım. Oğlumun davamçısı olaraq döyüşlərdə iştirak etməyə hazır olduğumu bildirmişdim. Biz Prezidentin gördüyü işləri hər zaman dəstəkləyirik".
Şəhid kapitanın ömür-gün dostu, iki övlad anası Məryəm xanım da həyat yoldaşının arzusunu yerinə yetirdiyi üçün sevinc hissi duyur. O, ataları kimi iki qəhrəman böyütdüyünü bildirir. Balacaların ən böyük arzusu ataları kimi igid, qəhrəman olmaqdır: