Mübariz Telman oğlu İbrahimov 1990-cı il yanvarın 14-də Daşkəsən rayonunun Xoşbulaq kəndində doğulub. Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, tankçı olub. Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Döyüş yoldaşlarının dediyinə görə, "Mübariz İbrahimov ölməyib, o sağdır", - deyərək, verilən əmrləri qəhrəmanlıqla yerinə yetirib, şəxsi şücaət və igidlik göstərib.
2020-ci il noyabrın 8-də Xocavənd istiqamətində gedən döyüşlərdə Mübariz İbrahimovun tankı vurulub, o, tankdan çıxa bilməyib və şəhidlik zirvəsinə ucalıb. 2020-ci il noyabrın 11-də Daşkəsən rayonunun Şəhidlər Xiyabanında dəfn edilib.
Prezident İlham Əliyevin sərəncamları ilə şəhid Mübariz İbrahimov göstərdiyi igidliyə, fədakarlığa və vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, “İgidliyə görə”, "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.