2021/09/mub5-1632160667.jpg

line
Adı: İbrahimov
Soyadı: Mübariz
Ata adı: Ağakərim
Doğum tarixi: 07.02.1988
Şəhid olub: 19.06.2010
Rütbəsi: gizir
Təltifləri
Azərbaycanın Milli Qəhrəmanı
«Qızıl Ulduz» medalı
Vətən qaladır. Qalanı ucalıq mərtəbəsində tutan, ruhunun ucalığı bilən, sal qaya kimi düşmənin qarşısını kəsən oğullardır. Biri-birinə arxa-dayaq olan bu qayaların ürəkləri Vətən sevgisiylə, Vətən eşqiylə döyünür. Onlar Vətənimizin işıqlı sabahları, aydın səmaları üçün döyüşür, Vətən üçün can əsirgəmir, şəhadətləriylə ölümü ucaldıb ölümsüzlüyə, əbədiyyətə qovuşurlar. Şərait qəhrəmanlar yaradır, qəhrəmanlar isə tarix. Vətən sevgisiylə bizlərin qüruru, vüqarı, fəxri, ölməzliyi, örnəyi olan Mübariz İbrahimov kimi.

1988-ci il, fevral ayının 7-də doğulan Mübariz Qarabağ müharibəsi ilə həmyaşıd idi. Qəhrəmanlıq ənənələri ruhunda böyüyən Mübariz orta təhsilini şəhid Malik Piriyev adına Əliabad kənd orta məktəbində alıb. 2006-cı ilin yazında həqiqi hərbi xidmətə çağrılan gənc Mübariz Daxili Qoşunların “N” saylı hissəsinin xüsusi təyinatlı bölüyündə atıcı əsgər olub, həqiqi hərbi xidmətini çavuş rütbəsində başa vurub. 2009-cu ildə yenidən, bu dəfə gizir kimi orduda xidmətə başlayıb. Çox keçmədən öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birinə xidmətə göndərilib.

“Mən yolumu seçmişəm. Düşməndən ürəyimcə qisas almasam, elə bilərəm ki, Allahım da, valideynlərim də məni bağışlamaz. Vətənin azadlığı üçün qurban lazımdırsa, biri mən...” – deyib.

Bu sətirlər isə Mübarizin evə yazdığı son məktubundandır: “Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim... Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.

...Düz 10 il əvvəl, iyunun 18-dən 19-a keçən gecə Tərtər rayonunun Çaylı kəndi yaxınlığında 22 yaşlı gizir Mübariz İbrahimov döyüş növbəsində olduğu vaxt düşmən tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində başlanan atışmada şəxsi rəşadət nümayiş etdirir. Təkbaşına təmas xəttinin bir kilometrlik minalanmış sahəsini keçir. Qəfil həmləsi ilə Ermənistan ordusunun çox sayda əsgər və zabitini məhv edir. Sonra isə düşmənin öz silahlarından onun özünə qarşı istifadə edərək 5 saat təkbətək döyüşür. Düşməni çox ağır itkilərə məruz qoyur. Azərbaycan döyüşçüsü səhərə yaxın qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 22 iyul 2010-cu il tarixli sərəncamı ilə gizir Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyünün qorunmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib, "Qızıl Ulduz" medalı, "Vətən övladı" qızıl ordeni ilə təltif edilib. O, həmçinin Azərbaycanda ilin adamı mükafatına layiq görülüb.

İgid Mübarizin düşmən tərəfdə qalmış nəşi bir müddət sonra Ali Baş Komandan İlham Əliyevin qətiyyətli səyləri sayəsində alınaraq doğma Vətənə gətirilib.

Prezident İlham Əliyev qəhrəmanla vida mərasimindəki nitqində onun əbədiyyət yolçuluğunu yüksək qiymətləndirib: “Mübariz yaxşı bilirdi ki, o döyüşdən sağ-salamat çıxa bilməyəcək. Ancaq Vətən, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz bütün gənclər üçün örnəkdir, nümunədir... Bizim ordumuzda minlərlə, on minlərlə Mübariz kimi, Fərid kimi qəhrəmanlar vardır...Azərbaycan Ordusu Cənubi Qafqazda ən qüdrətli, ən peşəkar, ən mübariz ordudur və şəhidlərimizin qəhrəmanlığı bunu bir daha sübut edir”.

Milli Qəhrəmanın xatirəsinin əbədiləşdirilməsi məqsədilə, doğulub boya-başa çatdığı Biləsuvar rayonunda lisey kompleksinə və küçələrdən birinə onun adı verilib. M.İbrahimovun ailəsi üçün Əliabad kəndinin giriş hissəsində ikimərtəbəli yaşayış evi tikilib, ərazidə yaşıllıq zolağı salınıb, magistral yol genişləndirilib, asfaltlaşdırııb və müasir işıqlandırma sistemi quraşdırılıb.

On ildir ki, Əliabad kəndini Mübarizin kəndi adlandırırlar. Milli Qəhrəmanın ata evinin həyətində onun ev-muzeyi tikilib. Bura gələn hər kəs ondan xatirə qalmış əşyalarla, fotoguşəylə tanış olur, qəhrəmanın əziz xatirəsinə sonsuz ehtiramını bildirir. Hər il Biləsuvarda Mübarizin doğum və anım günləri böyük qədirbilənliklə qeyd olunur.

Bizlər üçün Mübariz ölməyib. Hər bir şəhidimiz kimi əbədiyaşardır Mübariz. Mübariz, Vətən naminə canından keçib, torpağı Vətənləşdirdi.

Bayraqları bayraq yapan üstündəki qandır,
Torpaq, uğrunda ölən varsa, Vətəndir!