Hər zaman həsrəti payız fəslinə oxşadırlar. Payızda bir-bir qopub düşən yarpaqlar kimi həsrət çəkən ürəklərdən də bir-bir ümidlər qopub düşür. Payızın dolub-boşalan buludlarını andırır həsrət çəkən gözlər. Qəlbin fəryadı şimşəklərə, göz yaşları isə çağlayan gur çaylara bənzəyir. Həsrət bir az da torpaq qoxur. Vətən torpağı. Axı elə o həsrətin təməli də vətən, torpaq üçün qoyulub. Bir ovucunu bağrına basıb şəhid kimi qoxlayıb öpdükdə sanki yaralı qəlbinə məlhəm olur o torpaq. Elə şəhid qanının torpağa məlhəm olduğu kimi.
Torpağa məlhəm olan, canını Vətən uğrunda fəda edən bir qəhrəman Quliyev İnqilab Çingiz oğlu. Tanıdıqca vətən sevgisinə heyran olduğum bu qəhrəmanın ömür kitabını vərəqlədikcə əzmin, cəsarətin, şücaətin sehrinə düşdüm. Bir ürəyin sonsuz sevgisinin nurlandırdığı şəhid sözü Vətən qədər əziz Vətən qədər müqəddəs sayılır. O müqəddəs şəhidi Allah Vətənə can olsun deyə göndərmişdi yer üzünə. Dünyaya gəlişi ilə nur saçan bu qəhrəman gedişi ilə də nur saçdı. Həm də bütöv cahanı nura qərq etdi. O nur şəhid nuru idi.
1983-cü ilin yaz ayları idi. Quliyevlər ailəsində həyəcan və təlaş hökm sürürdü. O həyəcan aprelin 13-də yerini sevinclə dəyişdi. Ailə üçüncü övladını bağrına basdı. Ailə bu övlada İnqilab adını qoydu. Hər zaman deyirlər ki, "insanın adı onun taleyində böyük rol oynayır". Yəqin ki, bu adı qoyarkən bu körpənin gələcəkdə kim olacağı təsəvvürü yaranmışdı. Ötüb keçən zaman İnqilabı böyüdürdü. İnqilabla bərabər arzular, ümidlər də böyüyürdü. Bu zaman ərzində ailə yaşayış məkanlarını da dəyişmişdi. Əslən Beyləqan rayonundan olan Çingiz Quliyev ailəsi ilə birlikdə Kəlbəcər rayonunun İstisu qəsəbəsinə köçüb orda müəllimlik fəaliyyətini davam etdirirdi. Elə İnqlab da ilk təhsilinə 1989-cu ildə Kəlbəcər rayonunun İstisu qəsəbəsində başlamışdı.
Ancaq ailə başçısının səhhətində yaranan problemlə əlaqədar onlar 1990-cı ildə yenidən Beyləqana köçür və İnqilab təhsilini burada Milli Qəhrəman Namiq Allahverdiyev adına 1 N-Lİ məktəbdə davam edir. IX sinfi bitirdikdən sonra 1997-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi liseyə daxil olur. Ürəyində vətən dərdi qövr edən bu qəhrəman vətənin dərdinə məlhəm olmaq niyyəti ilə hər vəchlə çalışır. 2000-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbin raket və artilleriya silahlarının istismarı və təmiri ixtisasının kursantı adını qazanır. Ömründən ötən hər günü Vətən naminə yaşayan İnqilabın atdığı addımlar onu pillə-pillə yüksəldir. Ancaq o hər zaman ən yüksək məqam olan şəhidlik məqamına ucalmaq arzusunda olur. İnqilab çox gözəl bilirdi ki, torpaqlarının bir qismi işğal altında olan bir vətən hər zaman şəhid verib və verəcək. O da vətənin azadlığı naminə can verməyə hər an hazır idi.
2005-ci ildə İnqilab artıq kiçik leytenant rütbəsi almışdı. O, Tovuzda olduğu müddətdə bir hərbçi kimi düşmənə göz açmağa imkan vermirdi. Daha sonra baş-leytenant rütbəsi alan qəhrəman 2006-cı ildə Toğanada işə başlamışdı. Bununla da yetinməyərək Türkiyədə ixtisasartırma kursundan müvəffəqiyyətlə keçən İnqilab 2011 - ci ildə Gəncədəki N saylı hərbi hissədə kapitan kimi fəaliyyət göstərmişdi.
Hərbçi kimi Vətən keşiyində duran İnqilab 2011-ci ildə şəxsi həyatında da önəmli bir imza atır, Lalə xanımla ailə həyatı qurur. Oğul toyunun sevincindən cuşa gələn ata-ana ən böyük arzusuna çatır. Ailə xoşbəxt günlərə qucaq açdıq deyərkən bir anda sevinc kədərlə yerini dəyişir. 2012-ci ildə İnqilabın qardaşı rəhmətə gedir. İnqilabın ürəyinə qardaş dağı dəyir. Qardaş dağı ilə göynəyən ürəyə övlad sevinci məlhəm olur. 2012-ci il iyulun 30-da İnqilab ilk dəfə ata olmağın sevincini yaşayır. Onun Hüseyni dünyaya gəlir. 2014-cü il iyunun 29-u isə ikinci övladı Əyyam dünyaya göz açır. Vətənin dəyərli oğlu həm də dəyərli bir ailə başçısı idi. Həm Vətənin keşiyin çəkirdi, həm də ailəsinin. İnqilabın övladları ilə bağlı böyük arzuları var idi. O, 2016-cı ildə övladlarına kiçik toy etməyi planlaşdırırdı. Ancaq...
Xoş arzuların dilə gəldiyi bayram günü... Martın 21- i Novruz bayramında Quliyevlərin ocağında çal-çağır idi. Adət-ənənələrimizi yaşadan bu ailə bayramı qeyd edirdi. Sanki son İnqilablı bayram olduğunu hiss etmişdilər. Sonlar unudulmur. Nə İnqilabın iştirak etdiyi son bayram, nə də son dəfə martın 24-də evdən son gedişi.
Aprel döyüşlərində azad olunmuş torpaqlara qanı ilə imza atanlardan biri də İnqilab Quliyev oldu. Hər zaman "Kəlbəcərə şanlı bayrağımızı sancacam" deyən İnqilabın illərlə gözlədiyi an yetişmişdi. Zəfər sorağında olan xalqımız müjdəli xəbərləri almağa başlamışdı. Hər azadlığa qan izi düşür. Bu azadlığın da izi həm torpağa, həm də ürəklərə düşmüşdü.
Gecələri gündüzü ilə yer dəyişən İnqilab aprelin 3-də son dəfə 1 saatlıq Tərtərə dayısıgilə gəlir. Sanki anası ilə vidalaşmağa gəlir. İnqilab çox gözəl bilirdi ki, döyüşdə hər an can verə bilər. İnqilabı görən ananın ürəyi sevincdən titrəyir. Ana oğlunun qarşısında baş əyib "salam, Azərbaycan əsgəri" deyir. İnqilabın gəlişi, hər zaman olduğu kimi, yenə də toy-bayrama dönür. Ancaq onun ürəyində nigarançılıq var idi. Hətta boğazından yemək də keçmir. Bunu görən ana oğlunun gəlişinə çəkilən kababları büküb əsgərlərə göndərmək qərarına gəlir. Ah ana ürəyi...
Artıq İnqilabın getmək zamanı çatanda ana mələk kimi uyuyan balasına yaxınlaşır ki, onu yuxudan oyatsın. Ancaq bacarmır. "Axı mən balamı od-alovun içinə necə göndərim" deyən ana geri çəkilir. Bacısı İnqilabı oyadır. Kapitan hər kəslə vidalaşır. Anası balasından ayrılmaq istəmir. Ana vətəninin də İnqilaba ehtiyacı olduğunu düşünən ana oğlundan ayrılır.
Artıq günlər idi Azərbaycan ordusu düşməni sarsıdıcı zərbələrlə geri çəkilməyə məcbur edirdi. Aprelin 4-ü döyüş hələ də davam edirdi. Axşamçağı İnqilab son dəfə xanımına zəng edir. Hər şeyin yaxşı olduğunu deyib Laləni arxayın salmağa çalışan İnqilab vidalaşdıqdan yarım saat sonra qəhrəmancasına şəhid olur. Sonradan məlum olur ki, kapitan Quliyev və döyüş yoldaşları aprelin 3-dən 4-nə keçən gecə Ağdərəyə gedən əsas yol üzərində yerləşən strateji baxımdan əhəmiyyətli olan Madaqiz məntəqəsindəki hərbi bazanı darmadağın ediblər. Həmin vaxt erməni ordusunun çox sayda hərbi qulluqçusu, polkovnik və general rütbəli döyüşçüləri hərbiçilərimiz tərəfindən məhv edilib.
Tarixi qədimdən qədim, qoynunda isə neçə qəhrəmanın uyuduğu Gəncəyə yenə bir qəhrəmanın şəhid olduğu xəbəri yayılır. Azərbaycanın döyünən ürəyinə sanki xəncər sancılır. Axı hələ İnqilabın hərb sahəsində hədəfləri var idi. Axı o, general olmaq istəyirdi. Gəncə camaatı hər gələn şəhiditək İnqilabı da vətənin qəhrəmanı kimi qarşılayır. Gecənin sükutunu insan izdihamı və "Şəhidlər ölməz, vətən bölünməz" şüarı pozur. Gəncənin 371-ci şəhidi 33 yaşlı Quliyev İnqilab Çingiz oğlu olur.
Beləcə, doğularkən nur saçan İnqilab Quliyev dünyadan köçərkən də vətənə nur saçdı. Onun sevgisindən hər ürəyə pay düşdü. Vətən torpağında ucalan müqəddəs məzarı ziyarətgaha çevrildi. Müqəddəsləşən şəhidimin şücaətləri hər kəs tərəfindən dəyərləndirildi. Sağlığında Ordunun yaranmasının 90 və 95 ci il yubiley medalları ilə, 10 il qüsursuz xidmətə görə "İgidliyə görə" III dərəcəli medalı ilə, Müdafiə nazirliyi və korpus komandiri tərəfindən dəfələrlə fəxri fərmanlarla təltif olunan qəhrəman şəhadətindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.
İnqilab "Vətən" deyib vətənləşən oğullardan biri idi. Vətən sevgisi ilə yaşadı, böyüdü və Vətənlə bütünləşdi. Bizə bir Vətən əmanət qoydu.