Rabitə kəsilmişdi. Telefonun o, başından səs gəlmirdi. General son bir ümid, cavab almaq məqsədilə yenidən çağırış etdi. Səs gəlmədi. Bu səssizlik bölüyə yayıldı. Hamı intizarla gözləyirdi. Bölüyün kəşfiyyat qrupasının üç zabiti düşmən tərəfə keçmişdi. İki gündü hazırlanan xüsusi plan bu gün icra edilməli idi. Ancaq nə tabor komandiri kapitan Orucovla, nə də digər iki zabitlə əlaqə yaratmaq mümkün olmurdu. Hər keçən dəqiqə bölükdə ümid işığı azalır, kəşfiyyatçıların əsir düşdüyünü düşünürdülər. Bu narahatçılıq yüz kilometrlərlə uzağa – Sumqayıta qədər uzanırdı. Kapitan Mühüd Orucovun həyat yoldaşı Qumru xanım, hər iki dəqiqədən bir ona zəng vurur, ancaq cavab ala bilmirdi. Qumru xanım bütün narahatlığına rəğmən ümidi bir anlıq belə olsa şübhəyə düşmürdü. O, Orucovun səriştəsinə inanır, kapitanın müvəffəqiyyətə nail olacağını bilirdi.
Qışın şaxtası iliklərinə qədər işləmişdi. Orucov durbinlə düşmən bölüyünə baxırdı. Uşaqlıqdan bəri gözlədiyi an gəlmişdi. O, düşmənlə sərhəd rayonda – Qazaxda anadan olmuşdu. Uşaqlığı güllə səsləri ilə keçib. Onlarla günahsız insanın düşmən gülləsinə tuş gəlməyini görmüşdü. Elə həmin dövrdə qərara gəlmişdi ki, böyüyəndə qisas alacaq. Və bütün həyatını bu yolda qurmuşdu. Məhz indi arzusuna çata biləcəkdi. Düşmənə zərbə vurmaq üçün əlinə fürsət keçmişdi. Ürəyində saymağa başladı: Doqquz, səkkiz...üç, iki, bir. Bir gurultu qopdu. Gecənin zil qaranlığı bir andaca işıqlandı. Bölükdən çıxan alov qaranlığı yara-yara ərşə çıxırdı. Bölükdə qaçhaqaç düşdü. Hər kəs panika içərisində idi. Mühüd Orucovun üzündə ağrı qarışıq gülümsəmə var idi. Düşmənin ikisi silahla dolu üç zirehli maşını partladılmışdı. O, günahsız insanlara tuşlanacaq silahların sayının azaldığına sevinirdi.
Partlayış səsini eşidən general tez yerindən sıçradı. Durbinlə qarşı cəbhəyə baxanda, ətrafı işıqlandıran alovu gördü. Bu partlayış onun ürəyindəki ümid işığını da aydınaltdı. Tapşırıq yerinə yetirilmişdi. Səhərə yaxın Mühüd və komandası yaxınlıqdakı çayda göründü. Onu qarşılamağa gedən zabit yoldaşları kəşfiyyatçıların boynunu qucaqlayır, onları təbrik edirdi. Orucov toxtaxlığını itirmirdi. Zabit yoldaşından cibindən bıcağını çıxartmağı xahiş etdi. Daha sonra bıçaqla botinkasını kəsib çıxartmağı istədi. Ayağı donmuşdu, botiknakın üstü buz bağlamışdı. Ancaq o, ayağının ağrısını hiss etmirdi, qəlbində ancaq vətənə layiqincə xidmət etməyin sevincini yaşayırdı.
“Sən mənim özümsən”
Mühüd Orucov əməliyyatdan sonra əsgərlərlə görüşdü. Tabor komandiri kimi əsgərlərinin daim qayğısına qalır, onların vəziyyəti ilə maraqlanırdı. Kapitan Orucov onları ekiz oğlanlarından fərqləndirmirdi. Məhz əsgərləri ilə hal-əhval tutduqdan sonra, maşına əyləşib Sumqayıta – ailəsinin yanına yola düşdü. Hələ ağır günün yorğunluğunu, stressini üzərindən ata bilməmişdi. Belə vaxtlarda ona ən çox kömək edən uşaqlığı ilə bağlı xatirələri idi. Fikri-xəyalı doğulub-böyüdü Qazaxın Fərəhli kəndinə getdi.
Onun uşaqlığı heç də qayğısız keçməmişdi. Ermənilərlə sərhəddə yerləşən kəndin dincliyi tez-tez pozulurdu. Düşmən tərəfi mütəmadi olaraq təxribat törədir, atəşkəs rejimini pozurdu. Qonşularının təsərrüfat işlərini görərkən düşmən gülləsinə tuş gəlməsini heç cür unuda bilmirdi. Əsgər olmağa da həmin günlərdə qərara gəlmişdi. Atası ona qorxmamağı, igid Azərbaycan əsgərlərinin onları qoruduğunu təlqin edirdi. Aradabir rastlaşdığı əsgərlərə, zabitlərə hərbi salam verirdi. Belə-belə onun ürəyində formaya sevgi yaranmışdı. Yadına idi, atasına söz vermişdi “Ya şəhid olacam, ya da general”. Bir tərəfdən vətənə olan bağlılığı digər tərəfdən də, atasına verdiyi söz onun gənc yaş;nda uğur qazanmağına səbəb olmuşdu. Fərdi bacarıqları hesabına tez bir zamanda kapitan rütbəsinə yüksəlmiş, hərbi sahədəki istedadını görən rəhbərlik onu tabor komandiri vəzifəsinə qədər yüksəltmişdilər. Bu heç də təsadüfi deyildi. Çünki Mühüd Orucov öz istəyi ilə gənc yaşda Naxçıvanski adına Hərbi Akademiyaya daxil olmuşdu. Oranı yüksək nəticə ilə bitirib, Heydər Əliyev adına Ali Hərbi Akademiyaya qəbul olunmuşdu. Ancaq bununla kifayətlənmədən, daim öz üzərində işləyirdi. Onun fikrincə öz işində nə qədər peşəkar olsan, vətənə bir o, qədər yaxşı xidmət edə bilərsən. Buna görə də dəfələrlə hərbi yarışlarda iştirak etmək üçün Türkiyəyə getmiş, həmçinin orada müxtəlif növ təlimlər də keçmişdi.
Onun bu xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilirdi. Vətənin layiqli övladı Mühüd Orucov dəfələrlə mükafatlandırılmışdı.
O, bütün bunları dumanlı xatirə kimi xatırlayırdı. Xoş xatirələrin ağuşunda yolun necə bitdiyini anlamadı, Sumqayıta çatmışdı. Ekiz oğlanlarını qucaqladı, bütün yorğunluğunu çıxdı. Ancaq evində çox qala bilmədi. Gecə gələn zənglə yenidən cəbhəyə yollandı. Evdən çıxarkən xanımı Qumru ilə halallaşdı. Uşaqları ona tapşırdı. Gülümsədi və dedi: “Sən mənim özümsən”. Həqiqətən ürəyində onun üçün çox narahat olurdu. Hərbçi xanımı olmaq elə asan iş deyildi. O, səngərdə nə qədər narahatlıq çəkirdisə, xanımı da onun qədər burada narahat olurdu.
“Sənə Kəlbəcərdən zəfəran gətirəcəyəm”
Kaş ki, bu gecə gedəcəyi əməliyyatda ona söz verdiyi zəfəranı gətirə biləydi. Yadındadı uşaqları ilə birlikdə rayona gəzməyə gedəndə Qumru xanım zəfəranın çiçəyini görüb bəyənmişdi. İstər qoxusu, istərsə də görünüşü onu özünə çəkmişdi. Mühüd Orucov həmin vaxt, Qumru xanımın üzündə gülüşə səbəb olan bu zəfərandan ona hədiyyə edəcəyinə söz vermişdi. Özü də bu zəfəran adi olmayacaqdı. Onu işğal altında olan torpaqlardan gətirəcəkdi. Əməliyyatlar vaxtı kapitan tez-tez Qarabağa gedir, işğal altında olan torpaqlarda gəzə bilirdi. Hətta belə əməliyyatlardan birində erməni əsgərlərinin səriştəsizliyini, ordudakı özbaşınalığı göstərmək üçün qulluq etdiyi hərbi hissədən düşmən tərəfinə keçmiş, onlarla post keçərək Qazaxdakı kəndlərinə qədər gedib çıxmışdı. Evlərinə getmiş, ancaq içəri girməmişdi. Uzaqdan atasına, anasına baxmış, onların yaxşı olduğunu görüb yenidən bölüyünə qayıtmışdı.
Kapitan Orucov tez-tez belə əməliyyatlarda iştirak edirdi. Bəzən günlərlə çəkən əməliyyatlardan sonra evinə qayıdır, ancaq çox keçmirdi ki, yenidən cəbhə bölgəsinə çağırıldı. Oğlanlarının ad günündə də belə olmamışdımı? Günlərlə həvəslə oğlanlarının ad gününə hazırlanmışdı. Hər şeyi xanımı ilə hər incə detalına qədər fikirləşmişdi. Ancaq düşmən öz üzünü burada da büruzə vermişdi. Ad günündən bir gün qabaq cəbhədə təxribata əl atmışdılar. Təcili bölüyə gedən Orucov, düşmənin layiqli cavabını vermişdi. Oğlanlarının ad günündə iştirak edə bilməsə də, onlara öz hədiyyəsini etmişdi. Onun ayıq-sayıqlığı nəticəsində itki vermədən düşmən susdurulmuş, təxribatın qarşısı alınmışdı. Əvəzində iki erməni əsgəri öldürülmüşdü. Oğlanlarını isə bağrına basıb təbrik etməyi doğum günündən iki gün sonraya qismət olur.
Uzun müddət davam edən nisbi sakitlikdən sonra avqust hadisələri cərəyan etdi. Erməni ordusu yenidən təxribata əl atdı. Azərbaycan hərb tarixində xüsusi yeri olan avqust döyüşləri zamanı da Mühüd Orucov da ön cəbhədə idi. O, səngərə çatanda döyüşlərin qızğın vaxtı idi. Düşmən Azərbaycan ordusuna məxsus postu almaq üçün yaylım atəşi açırdı. Postdakı bir neçə zabit yaralanmış, əsgərlər şəhid olmuşdu. Mühüd Orucov yaylım atəşinə rəğmən posta girib, oradan yaralı zabitləri çıxarda bilmişdi. Post silah-sursatla təmin edilmiş, düşmən layiqli cavabını almışdı. Erməni tərəfi böyük itkilər vermiş, ordular geri çəkilməyə məcbur qalmışdı.
Mühüd Orucov bölüyə qayıdanda üstünə baxdı. Bütün bədəni qan içində idi. Şəhidlərin qanı təkcə hərbi uniformasına yox, həm də bədəninə, ruhuna hopmuşdu.
Zabitlərə taboru yığmağı əmr etdi. Taborun qarşısında çıxış etdi və söz verdi: “Əziz dostlarım, sizə komandanınız və hərbçi yoldaşının kimi söz verirəm ki, bu gün üzərimdəki hər damla qanın qisasını alacağam. Sizi əmin ediərm ki, bu gün çox da uzaqda deyil”.
Mühüd Orucova xəbər gəldi. General ona xüsusi hazırlaşmalı olduğunu dedi. Azərbaycan Respublikasının Ali Baş Komandanı, cənab prezidenti İlham Əliyev döyüş bölgəsini ziyarət etmişdi. Mühüd Orucovun həyəcanı ürəyinə sığmırdı. Şəxsən İlham Əliyev onunla görüşdü. Görüşdə İlham Əliyev cənabları ona döyüşdə göstərdiyi xüsusi şücaətinə görə komandan kimi öz adından və Azərbaycan xalqı adından təşəkkür etdi. Onun əlini sıxdı və gələcək əməliyyatlarda uğurlar arzu etdi. Prezident ona xatirə üçün qızıl saat hədiyyə etdi.
“Narahat olma qayıdacağam...”
Mühüd Orucovun dediyi gün özünü çox gözlətmədi. Aprel döyüşləri yetişmişdi. O, Qumru xanıma “Uşaqlardan muğayat ol, narahat olma qayıdacağam” demişdi. Erməni tərəfi dayanmadan Azərbaycan ordusunun cəbhə bölgəsindəki postlarına hücum edirdi. Mühüd Orucov döyüşlərdə fəallıq göstərirdi. Ön posta düşmənə qarşı mərdcəsinə vuruşurdular. Erməni ordusu strateji əhəmiyyəti olduğu üçün bu postu ələ keçirməyə xüsusi önəm verirdi. Əsas qüvvələrini bu istiqamətdə cəmləmişdi. Mühüd Orucovun taboru düşmənin canlı qüvvəsini məhv etmişdi. Erməni tərəfi çarəsizcə bu postu almağın yollarını düşünürdü. Əsgərlərinin öldüyünü görüb, son ümid bura hərbi texnika göndərməyi qərara aldı. Tanklar hər iki tərəfdən postu nişan alır, bura yaylım atəşi həyata keçirirdilər. Hər atəşdə ətrafa bir uğultu çökür, istehkamlar zədələnirdi.
Növbəti zərbə ətrafa sükut çökdürdü. Ağır artieliyadan atılan mərmilərin qəlpələri kapitanın bədəninə doldu. Mühüd Orucov ən böyük arzusuna çatmış- Şəhidlik zirvəsinə ucalmışdı. O, son damlasına qədər bu vətənin bütövlüyü uğurunda döyüşdü. Onun igidliyi sayəsində postu qoruyub-saxlamaq mümkün olmuşdu. Qısa vaxt ərzində Azərbaycan ordusu hücumlarını kəskinləşdirmiş, düşmənin bütün mövqelərini vurmuşdu. Döyüş uğurla nəticələnmiş – hərbi əhəmiyyətli Lələ təpə illər sonra erməni caynağından xilas edilmişdi.
Dörd ulduzlu döyüşçünün şərəfinə atılan dörd güllə...
Mühüd Orucov ölümündən sonra prezidentin fərmanı ilə “İgidliyə görə” medalı ilə təltif edilib. Bununla yanaşı dövlət şəhidin övladlarının təhsilini öz boynuna götürdü. Həmçinin onlara ev verildi.
Mühüd Orucovu son mənzilə yola salmaq üçün minlərlə insan toplaşmışdı. Ön cərgədə onunla çiyin-çiyinə döyüşmüş zabit yoldaşları dayanmışdı. Dörd ulduzlu döyüşçünün şərəfinə bu dəfə havaya üç yox dörd güllə atıldı. Havaya atılmış bu güllələr, əslində düşmənə verilən bir mesaj idi...