2022/09/e6b37-1662623100.jpg

line
Adı: Məmmədov
Soyadı: Rasim
Ata adı: Əbdül
Doğum tarixi: 20.05.1977
Şəhid olub: 04.04.2016
Rütbəsi: Mayor
Təltifləri
«Vətən uğrunda» medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi» yubiley medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» yubiley medalı«Qüsursuz xidmətə görə» medalı (II dərəcə)«Qüsursuz xidmətə görə» medalı (III dərəcə)«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi» yubiley medalı
Rasim Məmmədov 1977-ci il mayın 20-də Babək rayonunun Cəhri kəndində anadan olmuşdu. Lələtəpə yüksəkliyinə qalxanacan 39 illik məsafə qət etmişdi. Onu Cəhridən Lələtəpəyə qədər aparan yol onun ömür yoludu, ömür yolunun bir hissəsi olan döyüş yoludu...

Rasim Məmmədov 1994-cü ildə Cəhri 1 nömrəli kənd tam orta məktəbini bitirib. 1996-2000-ci illərdə Bakı Ali Birləşmiş Komandirlər Məktəbində təhsil alıb. Mayor rütbəsinədək yüksəlib, tank taborunun komandiri olub. 2016-cı il aprelin 4-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Ailəli idi. İki övladı var.
Cəhridə Rasimin anası Bəsti xanım "Döyüşdə hər şey ola bilər. Kişi cəsur olar, canından, qanından da keçər, amma torpağından keçməz. Vətəni qorumaq lazımdı. Oğlum da, yoldaşım da özü seçdi bu yolu. Atası kimi balası da Vətəni sevdi, torpağı sevdi, ailəsindən üstün tutdu hər şeyi", - belə dedi.

Ağır illər idi o illər. Əli silah tutan hər kəs torpağı qorumağa can atırdı. 1990-1993-cü illərdə ermənilər Sədərəyə 14 dəfə hücum etmişdilər. Arasıkəsilməz hücumlar nəticəsində Sədərəkdə 500-ə yaxın ev, məktəb, inzibati bina dağıntılara məruz qaldı. Oğullar torpağı qorudular, geri çəkilmədilər. Çətin bir zamanda, silahın, texnikanın çatışmadığı, nizami ordunun olmadığı bir şəraitdə Sədərək müdafiə olundu. Ürəyindəki Vətən sevgisini silaha çevirən oğullar son nəfəsə qədər döyüşdülər. Həmin döyüşlərdə iştirak edənlər arasında Əbdül Məmmədov da vardı. Naxçıvan torpaqlarının müdafiəsi üçün ilk özünümüdafiə batalyonları yaradanlardan biri olan Əbdül Məmmədov 1992-ci ilin mayında komandiri olduğu taborla düşmən hücumunun qarşısını alarkən ağır yaralandı, hər iki ayağı iflic oldu.
Atasını əlil arabasına məhkum olunmuş görən Rasimin qarşıya qoyduğu məqsədi onu Cəhridən Bakıya gətirdi.

Anası Bəsti xanımın dediklərindən: "Rasim 9-cu sinifdə oxuyanda məktəbdə eşitmişdi ki, Sədərəkdə döyüş gedir. Gəldi ki maşın olsa, gedib atama kömək edərəm. Atası vuruldu, yenə də qorxmadı bu hadisədən. Hərbini seçdi. Mən atamın yolunu gedəcəm, - dedi. Atası da onu dəstəklədi, dedi gedin torpağımızı qoruyun. Düşmən əlində olan torpaqlarımızı qaytarmaq lazımdı".
Beləcə, Rasim atasının da xeyir-duası ilə Bakı Ali Birləşmiş Komandirləri Məktəbinə daxil olur. O, hər şeydən əvvəl təhsil almaq, hərbi biliklərə yiyələnməyi qarşısına məqsəd qoymuşdu. İstəyinə çatdı. Mayor idi Rasim...
Həyat yoldaşı Samirə xanımın xatirələrindən: "Rasim evdə həmişə internetdən vətənpərvərlik mahnıları yükləyirdi. Hərbi hissəyə gedəndə həmin mahnıları əsgərlərinə dinlədirdi. Rasimin telefonunda "Çırpınırdı Qara dəniz" mahnısı da vardı. Çox sevərdi bu mahnını... ".

Samirə xanım bizimlə söhbət etsə də, gözü masadakı şəkillərdədi. Hər biri müxtəlif illərin, yaşanan günlərinin xatirəsidi. Şəkillərə baxdıqca çöhrəsinə gah təbəssüm qonur, gah qürur, gah da iki il öncə aldığı xəbərin kədəri.
"Biz Horadizdə olanda döyüşlər başlamışdı. Qonşulardan eşitdim. Narahat olmayaq deyə, Rasim mənə təhlükə olduğunu deməmişdi. Narahatçılıq olub-olmadığını soruşdum, qorxma, deyib təskinlik verdi. Aprelin 1-dən 2-nə keçən gecə atışmalar başladı və biz gecəni səhərə kimi zirzəmidə qaldıq. Sonuncu danışığımızda, hər şey yaxşıdı, düşmənin anasını ağlatdıq", - dedi. Aprelin 4-ü zəng vurdum. Telefona cavab vermədi. Bununla da bizim həyat hekayəmiz bitdi. Mən çox qürur duyuram ki, Rasimin həyat yoldaşıyam".
Tarixin aprel zəfəri
1990-cı illərdə ölkə daxilində yaşanan böhrandan, nizami ordunun olmamasından istifadə edən ermənilər torpaqlarımızın 20 faizini işğal etdi. Atəşkəsi pozmaqda davam edən ermənilər 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə daha genişmiqyaslı təxribat törətmək istədi, yaşayış məntəqələrini, mövqelərimizi müxtəlif silahlardan intensiv atəşə tutdular.
Ordu hissələrimiz əks-hücuma keçdi. Düşmən böyük məğlubiyyətə düçar oldu.
Son nəfəsədək
Bu döyüşlərdə mayor Rasim Məmmədov da şəhid oldu. Hələ məktəb yaşlarından qəlbində, ruhunda gəzdirdiyi müqəddəs bayrağı müqəddəs torpaqlara sancanların arasında olmuşdu. Lələtəpə yüksəkliyində şəhid olmuşdu, son gördüyü Lələtəpəyə sancılan azadlıq rəmzi - bayrağımız olmuşdu.
Camaat şəhidini qarşılamaq üçün hava limanına axışmışdı. Əbədiyyətə qovuşmuş mayor Rasim Məmmədov son mənzilə yola salındı.
Bəsti ana o günləri belə xatırlayır: "Cəhriylə Naxçıvan arasındakı yollarda maşınlar düzülmüşdü. İndi də kəndimizin camaatı mənə deyir ki, hələ də qulağımızdan o səs getmir. Rasimi son mənzilə "Şəhidlər ölməz, Vətən bölünməz" harayıyla yola saldılar. Rasim Cəhridən Bakıya gedəndə Əbdülün oğlu kimi getmişdi, Bakıdan Cəhriyə qayıdanda xalqın oğlu kimi qayıtdı. Mən oğlumla fəxr edirəm.
Rasimin şəhid kimi geri dönməsi ilə bağlı sual verirlər. Əbdül kişi verilən sualı belə cavablandırır: "Lazım gəlsə, 3 oğlumu da Vətən torpaqlarının müdafiəsinə göndərərəm".
24 il və 24 gün
24 il. 24 il müharibənin acısını daşıdı əlil arabasında, oğlunun ölümünə yalnız 24 gün dözə bildi. Əbdül Məmmədov ruhən güclü insan idi, əgər fiziki sağlamlığı imkan versəydi, düşmənin ayağı işğal olunmuş torpaqlardan kəsilənəcən dayanardı Vətən torpaqlarının keşiyində. Ayaqları sözünə baxmırdı. Yarımçıq qalan arzularının ümidgahı olan oğlu, uğrunda qanını tökdüyü üçrəngli bayrağa bükülərək geri dönmüşdü. Adını Vətən tarixinə əbədiyyən həkk etdirmişdi Rasim Əbdül oğlu Məmmədov. Vida mərasiminə gələn qonaqlarını yola salandan sonra ata oğlunun yanına tələsdi. Onunla bu qələbənin sevincini paylaşmaq üçün. 23 illik həsrətdən sonra azad edilən torpaqların ətrini özü ilə gətirən, qələbə ruhunu daşıyan bayrağın kölgəsində uyuyan oğlunun məzarı yanında ikinci bir məzar qazıldı. Əbdül oğlunun yanında dəfn edildi.
Vətən uğrunda
Xidməti dövründə mayor Rasim Məmmədov bir sıra fəxri fərman və medallarla təltif olunmuşdu. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2016-cı il tarixli sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olundu. Şəhidin ailəsi Naxçıvan şəhərindəki Gənclər şəhərciyi yaşayış kompleksində 3 otaqlı mənzillə təmin olundu.
“Mən Vətəni atam bildim”
Övladı Aysu 9-cu sinifdə oxuyur. Atasının arzusuna görə ağ xalat geyəcəyinə israrlıdır. Yaşadıqları hərbçi həyatı onları da bərkidib. Bizimlə söhbətə qoşulur: "Aprelin 3-ü anama mesaj yazmışdı ki, oğluma da, qızıma da deyin, mənimlə fəxr etsinlər. Atamın son sözləri bu olub. Qürur hissi keçirirəm ki, belə bir insanın qızıyam. Hamı deyir ki, Vətən ana deməkdi, mənsə Vətəni atam bildim. Çünki atamdan öyrəndim Vətəni necə qorumağı, bayrağı sevməyi. Biz özümüz də uşaqlıqdan Vətən sevgisi ilə, vətənpərvərlik mahnıları ilə, Vətən laylası ilə böyümüşük".
Oğlu Asim 5-ci sinif şagirdidir. "Böyüyəndə atam kimi olacağam", - deyir. "Onu hərbi formada görəndə həm qürur duyurdum, həm də özümü onun yerində hiss edirdim. Anam mənə hərbi forma tikdirib. Gündə neçə dəfə geyinib çıxarıram..."
Biz qayıdacağıq
Samirə xanım da Asimin seçimi ilə razıdır. Onun atası kimi peşəkar hərbçi olacağına inanır: "Rasim bizi Horadizdə bayraq meydanına aparardı. O hündürlükdən işğalda olan torpaqlarımızı göstərib deyirdi ki, biz gec-tez o torpaqlara qayıdacağıq. Bizim bayrağımız orada dalğalanacaq.
Yaxın vaxtlarda hamı doğma ocağına qayıdacaq...".


Ruhiyyə RƏSULOVA, Naxçıvan televiziyasının baş redaktoru