2023/05/togru-1683912038.jpg

line
Adı: Fərəczadə
Soyadı: Toğrul
Ata adı: Habil
Doğum tarixi: 10.10.1993
Şəhid olub: 02.04.2016
Rütbəsi: Gizir
Təltifləri
«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi» yubiley medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» yubiley medalı«Hərbi xidmətdə fərqlənməyə görə» medalı (III dərəcə)
İki gün bundan əvvəl noyabrın 10-u idi. Bakıdan Şirvana gedən yolların, dərələrin hamısı yamyaşıldı. Hələ Ağsu aşırımını demirəm. Yenə dağların başın; duman almışdı. Duman, çiskin göylərdən ayaqlarımızın altına enmışdi. Bəlkə hüznün ən ağırı elə çiskinlərin, buludların payına düşmüşdü o gün. Payızın bu dumanlı, çiskinli havasında Ağsu rayonunun Arif Cəbiyev adına Bico kənd orta məktəbində yığışanlar 2016-cı ilin 2-5 aprel döyüşündə həlak olmuş qəhrəman həmkəndliləri Toğrul Fərəczadənin 23 yaşını qeyd edirdilər. Ömrünün 23-cü payızını onsuz keçirirdilər. Bu məktəbdə öyrənmişdi vətənpərvərlik dərslərini Toğrul.

And içərəm səndən ötrü yaşıl çəmən, göy dərə,

Ürəyimi məşəl kimi qaldıraram göylərə.

Adı ilə kənd məktəbini şərəfləndirən Arif Cəbiyev də Toğrul Fərəczadənin doğmaca əmisi oğludur. O Əfqanıstan döyüşlərində qəhrəmanlıqla həlak olub. Uzun illər keçəndən sonra isə eyni nəslin ikinci oğlu, Habil Cəbiyevin tək oğlu Toğrul da Vətən uğrunda şəhid oldu.

Bico kənd orta məktəbində indi Toğrul Fərəczadənin də xatirəsi əbədiləşdirilib. Bu məktəbdə onun adına xüsusi otaq ayrılıb. Bu xatirə muzeyində həm Toğrul Fərəczadə haqqında, həm də vətən uğrunda döyüşlərdə həlak olan qəhrəmanlarımız, şəhidlərimiz haqqında məlumatlar var.



Məktəbin direktoru Yaşar Qarayev dedi ki, belə qəhrəmanlıq guşələri şagirdlərdə vətənpərvərlik ruhunu yüksəldir. Müstəqil Azərbaycanın dövlətçilik tarixində adını qəhrəmanlar sırasına yazan Vətən oğlu Toğrul Fərəczadə haqqında isə vüqarla danışdı:

-Toğrul Fərəczadə qəhrəman nəslin nümayəndəsidir və qeyrətli bir ailədə doğulub pərvəriş tapıb. Ümumiyyətlə isə Bico kəndi hər zaman zülmə, yadellillərə qarşı vuruşmağı bacarıb. 1918-ci ildə 500-ə qədər silahlı erməniyə qarşı birləşərək, mənfur düşməni kəndə buraxmayıblar. Bu kənddən Böyük Vətən müharibəsinə 350 igid, oğul, ər, ata gedib. 166 nəfəri o müharibədən qayıtmayıb. O müharibədə qəhrəmanlıqlar göstərənlərdən biri də Toğrulun babası Fərəc kişi olub.



Bulud gəldi göy başına,

Dedim ana döy başına.

Hər kənddən hər ev başına

Oğul getdi qayıtmadı.

-Qarabağ döyüşlərində də Toğrulla birlikdə 7 şəhid verdi bu kəndimiz. Toğrul bizim qəlbimizdə həmişə gözəl təbəssümü ilə yaşayacaq. Bəlkə elə buna görədir ki, onun üzü hər zaman gülərdi. O gülürdü ki, yaddaşımıza təbəssümünü həkk eləsin. Biz Toğrulu günümüzün qəhrəmanı kimi hər zaman gözlərimizdə qoyub getdiyi şəklində olduğu kimi xatırlayacağıq. Ümummilli liderimiz Heydər Əliyev deyərdi ki, çox uzun müddət ərzində məktəbin işinə, onun məzunlarından neçə nəfərin ali məktəb, orta ixtisas təhsili diplomu alması ilə qiymət verilərdi.



Mən indi böyük öndərimizin həmin tezisini belə səsləndirmək istəyirəm: “Bu gün Vətən darda olan bir vaxtda Azərbaycan məktəbinin məzunu, yetirməsi əgər düşmən öldürə bilirsə, məktəb Toğrul kimi vətənpərvər oğul yetirirsə, təhsil ocağının uğuru bu meyarla ölçülür. Sən Filadelfiyada, Nyu Yorkda, dünyanın ən uzaq və varlı şəhərlərində oxuyub diplom ala bilərsən, hətta bahalı maşınlarda da gəzə bilərsən, ancaq qəlbində vətənpərvərliyin yoxdursa, o diplomunun da, arabanın da dəyəri yoxdur. Amma əfsuslar olsun ki, o maşınla, o diplomla sən Habil kimi, Bəhruzə xanım kimi valideyn ola bilmərsən. Bu gün bütün vəzifəli adamlar bilməlidirlər ki, onlar Habil kimi kişilərin qarşısında kiçikdirlər, Bəhruzə xanımın əlindən öpməlidirlər, çünki onlar Toğrulun valideynləridirlər".



Toğrulun doğum günündə Ağsu rayon Hərbi komissarlığının heyəti və rayonun “Ağsu” futbol klubunun idmançıları da iştirak edirdilər. Məktəblilər isə, Toğrulu öyən, Vətəni vəsf edən şeirlər söylədilər. Onun adına olan guşəyə gül-çiçək dəstələri qoydular.

Sonra karvan yola düzəldi. Bico kəndinin kiçiyindən tutmuş böyüyünə kimi hər kəs köhnə kənd qəbristanlığına gəldi.


Elə bil birinci dəfə idi ki, görürdü qardaşının məzarını bacısı Əfsanə. Yüyürüb qara mərməri qucaqladı, qara daşı bağrına basdı, nalə çəkdi, ağladı... Dedi ki, qardaş sənsizliyə dözə bilmirəm... Dedi ki, qardaş sənə veriləsi o qədər suallarım var. Toğruldan soruşdu ki, aldığın yaranın yeri çoxmu ağrıtdı səni. “Yanında olsaydım məlhəm qoyardım yarana, öpərdim , oxşardım yaralı bağrını..”. Soruşdu ki, son nəfəsində Tanrıdan nə istədin? Kimi köməyə çağırdın, qardaş?! Dedi ki, sənə deməyə o qədər sözüm-söhbətim, gileyim var ki, qardaş... Xətrimə dəyənlər oldu... Sən olsaydın güvənərdim... İndi kimə deyim dərdimi...

Qara baş daşını duz, buz kimi öpdü oxşadı, Əfsanə... Çiçəklərə bələndi Toğrulun qara mərmər otağı...

Oğlu şəhid olan gündən dil boğaza qoymayan , gecə gündüz “oğul” deyib sızıldayan Bəhruzə Toğruluna belə səsləndi: “Ay oğul, belə də ad günü olar... Gör nə qədər adam yığıb gətirmişiəm şənliyinə... Daha böyük Toğrulum yoxdu, indi balaca Toğrula salmışam meylimi... Ancaq sən deyilsən axı, sənin dadın başqa idi... Kəndimizdə sənin boyda oğul yox idi... 1 metr 95 boyu olan balam, səndən sonra kəndin cavanları da həminki deyillər, sənin üçün darıxırlar,.. hər gələndə küçəmizə səs salan balam... Daha səsin gəlmir axı... daha küçəmizdə gülüş səsləri kəsilib”.

Toğrul şəhid olandan 7 gün sonra, Əfsanənin 1 oğlu dünyaya gəldi. Nəslin ağsaqqalı babası Fətulla Cəbiyev uşağın adını Toğrul qoydu. Dedi ki, Tanrı birini alıb , birini verdi.

Toğrulun doğum günü Bəhruzə Cəbiyeva həyətdən, onun əkdiyi ağaclardan iki dənə ətirli heyva qırıb, portretlərinin qarşısına qoydu. Deyir ki, oğlumun ruhunu sevindirmək istəyirəm. Heyva cənnət ətridir axı... Mənim balam da cənnət ətirli idi. 23 yaşlı oğlundan qalan ən kiçik xatirəni belə sevə-sevə öpüb əzizləyir, gündə min dəfə qoxlayır. Bağrına basır.

Gizir Toğrul Fərəczadənin hərbi təlimlərdə geyindiyi çəkmələrindəki tozu-torpağı belə silməyir. Hətta çəkmələrdn bir cütünün içərisinə gül də qoyub. Kaş belə olaydı... Bütün əsgər çəkmələrinin üzərinə gül səpələnəydi... Kaş müharibələr olmayaydı... Kaş analar hansısa güclərin silah oyunlarının ağrısıbı çəkməyəydilər. Kaş uşaqlar, körpələr, əsgərlər imperiyaların bir-birindən güclü olmalarını sübut etmək üçün başlatdıqları müharibələrin qurbanına çevrilməyəydilər...


... Şirvanın yolları duman içində idi. Bu yollardan o qədər əsəgərlər, sərkərdələr keçib ki... 23 yaşını tamam etməyən Toğrul da o igidlərin ruhundan ruh almlışdı. Azərbaycanın Müstəqillik tarixinə adını qanıyla yazdı...


Bu gün dağlarda sürünən payız çiskini, payız dumanıdır. Çəkilib gedəcək. Gün o gün olsun ki, Vətənimizin başı üzərindəki düşmənin yaratdığı o qara buludları , dumanları qovalayaq. Narahat şəhid ruhlarımız işğalda olan Vətən torpağının həsrətini çəkrilər axı. O günü bir daha yəqin etdim ki,şəhid analarının üzünə , gözünə baxmaq dünyanın ən böyü əzabıdır. O ki, ola, bir tək oğlu olan ananın yurdu boş qala...
Yurdu boş qalan analar Bəhruzə kimi olur, evinə-eşiyinə sığışmırlar...



Aida Eyvazlı