2023/11/29042-1700287365.jpg

line
Adı: Bayramov
Soyadı: Vaqif
Ata adı: Dilqəm
Doğum tarixi: 25.12.1979
Şəhid olub: 02.04.2016
Rütbəsi: mayor
Təltifləri
«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi» yubiley medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» yubiley medalı«Qüsursuz xidmətə görə» medalı (III dərəcə)«Hərbi xidmətdə fərqlənməyə görə» medalı (III dərəcə)
...Vaqif tövşüyə-tövşüyə 4-cü mərtəbəyə qalxıb, qapını bərkdən döyməyə başladı. Anası Zeynəb qapını açıb: -Ay Vaqif,oğlum nə olub, qapını niyə sındırırsan?- deyə oğlundan soruşanda, oğlu ona:-Ay ana, tez ol, mənim doğum şəhadətnaməmi ver, məktəbdən istəyirlər, aparmalıyam,-deyib, şəhadətnaməsini götürərək, qaça-qaça evlərinin yaxınlığındakı banka girmişdi. Bir az bundan əvvəl banka gəlib, əlindəki 200 manat pulu Naftalandakı döyüş fondunun hesabına göndərmək istəyəndə, bank işçiləri ondan pulu götürməmişdilər.

Demişdilər ki, get, böyüyünlə gəl. O isə ağlamsınaraq “nə olar, orda mənim qardaşım, dostlarım vuruşur, götürün bu pulu. Özüm yığmışam, öz pulumdur”,- deyəndə bank işçisini razı sala bilmişdi...
Onda Vaqif 6-ci sinifdə oxuyurdu. Bankdan aldığı çeki gətirib, şəkil albomlarının arasında gizlətmişdi və həmin çeki anası təsadüfən görmüşdü. Onda hələ iyulun 1-nə 12 gün qalırdı və qardaşı Mehman ön cəbhədə ermənilərlə vuruşurdu...



Memorial.az “Aprel şəhidləri” silsiləsindən növbəti yazını təqdim edir.

...Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva şəhid anaları ilə görüşlərinin birində belə bir fikir səsləndirmişdi: “Şəhid anaları QƏHRƏMAN ANALARDIR!”.

Bu sözlər Vətən yolunda iki oğlunu şəhid verən Zeynəb Bayramovanın xarakterinə tam uyğun gəlir. Zeynəb xanım Qarabağ müharibəsinin hər üzünu görmüş qəhrəman qadındır. 1991-ci ildən bu yana, cəbhənin Goranboy istiqamətində vuruşan əsgərlərin anası oldu, onlara yardım aparıb, qayğılarına qalıb. İndi o ananın hüzuruna gəlmişəm. Evləri Naftalan şəhərinin Şəhidlər Xiyabanı ilə üzbəüzdür. 1966-cı ildən bu binada yaşayır. Evinin divarından iki şəhid oğlunun böyüdülmüş şəkli asılıb. Saçları bəmbəyaz olan ananın sifət cizgilərində illərdən və kökündən gələn xanımlıq, müdriklik iz salıb. Üzünün qırışları yaşından deyil, dərdindəndir.İndi o qəhrəman oğulların anasının övladları haqqında xatirələrini dinləyirəm. Dərddən sinəsi oyma-oyma olan Zeynəb ana ötən günləri belə xatırlayır:

- 4 oğlum, 1 qızım var, Mehman böyük oğlum idi. 1971-ci il aprelin 1-də doğulmuşdu. Əsgərliyini Brest şəhərində çəkmişdi. 1991-ci il dekabrın 25-də qayıdıb gəldi. Yaman çətin vaxtlar idi, Sovetlər birliyi dağılmışdı, qarışıq zamanə idi. Amma rüzgarın ağırlığına baxmayaraq, əsgərliyə gedib-gələnin adına evdə qonaqlıq düzəldərdilər, mən də oğlumun şərəfinə qazan asıb, süfrə bəzəmişdim. Mehman qonaqlar üçün bişirdiyim yemək dolu qazanları götürüb əsgərlər üçün apardı, dedi ki, ana, biz burada ac qalmırıq, ancaq onların orada təminatı yoxdur. Mən də nə deyəcəkdim ki... Onsuz da bir əlim əsgərlərin üstündə idi...
Bir də yanvarın 1-də evə gələndə, baxdım ki, əynində hərbi forma var, dedi ki, uşaqlarındır, elə-belə alıb geyinib. Sən demə, məni aldadırmış...

1992-ci ilin fevralında Xocalı hadisəsi baş verəndə, mənə üzünü tutub dedi:

-Ana sən narahat olmayasan deyə, söyləməmişdim, yanvarın 1-dən könüllü özünümdafiə batalyonuna yazılmışam. Xocalı hadisəsindən sonra isə heç evdə otura bilmərəm, bu qisası yerdə qoymaq olmaz, yoxsa nəgələcək nəsil, nə də bu torpaq bizi bağışlayar...


Mehman ön cəbhədə oldu, Vaqif də hər gün dərsdən çıxan kimi velosipedi ilə və ya yol maşınları ilə ön cəbhədəki əsgərlərin yanına qaçıb gedirdi... O vaxt əsgərlərimiz gücləri çatan qədər qəhrəmanlıq edib, vuruşurdular, hətta bir dəfə Talış yüksəkliyini də düşməndən geri almışdılar... Sonra orada heç kim oturmadığından, erməni təzədən gəlib leşkərini saldı ora... İndi həmin tarix təkrar olunur...



Vaqifin uşaqlığı əsgərlərin arasında keçdi, qardaşı gələndən sonra daha çox bağlandı hərbə. Deyirdi ki, ana yeməyi çox bişir, Qasımbəylidə topçu uşaqların yeməyi yoxdur...
Bir də görürdün ki, qazanı bağlayıb velosipedinin arxasına, gedir Naftalanın girəcəyindəki hərbi hissəyə, ya da Gorana... Gedib qardaşını axtarıb tapırdı... Axırda özüm gedib Naftalanın İcra Hakimiyyətinin nümayəndəliyinə dedim ki, bizə bir maşın ayırın, çünki bu yollarda qalmışıq... Özüm də qoşulub oğlumla əsgərlər üçün bişirdiyim yeməkləri aparıb paylayırdım... Zirzəmimdə kompot, mürəbbə qalmırdı, hamısını daşıyırdıq əsgərlərə... Deyirdim ki, bu uşaqlar güllənin qabağındadırlar, qoy yesinlər, qarınları tox olsun... Yun sap alıb onlar üçün corab, əlcək, jilet toxuyurdum... Gecəm-gündüzüm yox idi... Bir dəfə dəVaqif yenə öz əli ilə aparıb hərbi hissəyə 3000 rubl pul keçirtmişdi. Vaqifə 703 saylı hərbi hissənin o vaxtkı komandiri, polkovnikNəcməddin Sadıkov “Malenkiy geroy” (“Balaca qəhrəman”) adını vermişdi. 1992-ci ildən atəşkəs başlanan günə kimi biz ana-bala əsgərlərimizin yanında olmuşduq. Sonra da yaralıların dalınca gəzdim, öhdəmə yaralı əsgər götürmüşdüm, onu sağaltdım. “Təki Vətən sağ olsun”,- deyə, haralara baş vurmadım ki...

1992-ci ilin qora bişirən isti iyul günü idi, adamın nəfəsi kəsilridi. Məhəllədəki bağ evində həyət-baca işi görürdüm. Ancaq baxdım ki, ürəyim titrəyir, ayaqlarım əsir, müvazinətimi güclə saxlayıram. Elə bu vaxt qonşumuz mənə sarı boylanıb dedi ki, Zeynəb bacı, getmirsən evə? Dedim ki, ayaqlarım tutmur. Gedə bilmirəm nədənsə...

Bir də məhəlləyə girəndə gördümki, təcili yardım maşını dayanıb, hamı da mənə baxır... Dedilər ki, o təcili yardım maşını Mehmanı xəstəxanaya aparır... Əlimi atdım saçlarıma haray, nalə çəkdim... Yaşadığımız məhəllədə qonşuların ümumi xeyir-şər mağarı var idi. Mehmanı ora aparıb uzatdılar masanın üstünə... Odur eeee... 2 metr hündürlükdə boyu olan balamı, qanın içərisində, səsiz-səmirsiz uzatmışdılar...
... Dostları onun ölüm anından danışdılar, dedilər ki, Ağcakənd-Talış istiqamətindəki postda dayanıblarmış. Gecə hamı yatıb. Mehman çox ayıq oğul idi. Yanından quş da səkə bilməzdi. Birdən uşaqlara deyib ki, deyəsən, çadırın qabağından kimsə keçdi. Yanındakı uşaqlar çıxıb həmin yerləri yoxlamaq istəyəndə, kimsəyə icazə verməyib. Deyib ki, “birdən mina qurarlar, tələ düzəldərlər, partlayar, düşərsiniz minaya... Sizin evinizdə bir sürü gözləyəniniz var. Özüm gedim, yoxlayıb gələcəyəm”.
Ayaq izləri olan yerə gəlib çatanda, minanı görüb tez gerı atılıb, lakin mina partlayıb, mərmi ayağının şah damarına dəyib. Yanındakı döyüşçülər maşın tapıb onu xəstəxanaya çatdırmaq istəyiblər. Yolda döyüşçülərdən biri deyib ki, Mehman, qorxma, azca qalıb, çatırıq, indi səni sağaldacaqlar... Mehmanın axır sözü, “qorxmuram, qorxmuram....” olub. Balam son nəfəsində mənə iki kəlmə söz yadigar qoyub getdi. Mənim qorxmaz, qəhrəman balalarım... Oğlum Ağcakənddən Naftalana gələnə qədər, qanxmadan həyatını itirib...

Zeynəb xanım evdar qadın olsa da, sinədəftərdir. Azərbaycan folklorunu gözəl bilir. Özü də şeir yazır. Oğul dərdi onu ağı deyən, qan ağlayan bülbülə çevirib. Həmin o 1 iyul günündən başlayaraq Mehmanı, Vətəni, qəhrəmanları vəsf edən şeirlər yazmağa başlayıb.



Vətəni çox sevən igid Mehmanım,

Vətənin uğrunda canından keçdi.

Aprelin 1-də dünyaya gəldi,

İyulun 1-də dünyadan köçdü...



Hər yerdə Mehmanı aradı, oğlunu axtarmaq üçün döyüşdüyü səngərlərə getdi, əli ona yetməyəndə, oturub dərdlərini bayatıya çevirdi:


Məktubu ağ saxlaram,

Yazmaram, ağ saxlaram.

Bir də evimə gəlsən,

Yüz il qonaq saxlaram...


Ancaq ana nə biləydi ki, bir də 24 ildən sonra, sinəsinə yenə oğul dağı çəkiləcək, yenə həmin Talış istiqaməti, yenə həmin gülləbaran, yenə həmin yara vurulacaq qəlbinə...

Vaqif Dilqəm oğlu Bayramov 1986-cı ildə Naftalan şəhərindəki İmadəddin Nəsimi adına 1 saylı orta məktəbin 8-ci sinfini bitirəndən sonra C. Naxçivanski adına Hərbi Liseyə daxil oldu. 1997-ci ildə həmin təhsil ocağını bitirib, Bakı Ali Hərbi Birləşmiş Komandirlər məktəbində təhsilini davam etdirdi, oradan 2001-ci ildə motoatıcı ixtisası üzrə məzun oldu.

2003-cü ildə leytenant rütbəsi ilə hərbi xidmətə başladı. İllər ötdükcə, o da pillə-pillə qalxdı, tağım komandiri, tabor qərərgah rəisinin tərbiyəvi işlər üzrə köməkçisi, 2014-cü ildən etibarən isə N saylı hərbi hissədə bölmə rəisi vəzifəsində çalışdı. Hər zaman ön cəbhədə xidmət etdi, çətinliklərdən qorxmadı. Onu hamı sevirdi, çünki gülərüzü, xeyirxah qəlbi, dostlar üçün açıq könlü var idi. O, insanlara yaxşılıq etmək üçün gəlmişdi dünyaya. Uşaq yaşlarından güllə, top, atəş səsləri altında böyümüşdü, onun qəlbinin dərinliyində Vətənin müdafiəsində həlak olan dostlarının, əsgərlərin, tanıdıqlarının, şəhid analarının, qardaşı Mehmanın ağrısı var idi.

Aprelin 1-i qardaşı Mehmanın doğum günü idi. Bu günü həmişə ailəliklə süfrə başına yığışıb, Mehmanı yad edirdilər. O, bir dəstə gül alıb, Səhidlər xiyabanında uyuyan qardaşını ziyarət etdi. Sonra evə gəldi. Təzə mənzilə 1 ay idi ki, yığılmışdı, ailəsinə, ata-anasına yaxın yerdə yaşayırdı. İşlədiyi hərbi hissə də, bu ocaqdan məsafə etibarı ilə çox uzaqda deyildi. Qardaşının məzarını ziyarət edəndən sonra, evinə getdi. Əslində evə getməkdə məqsədi, uşaqlarını, ailəsini sonuncu dəfə doyunca görmək idi. Çünki bilirdi ki, rəhbərlikdən aldığı tapşırıq ağırdır, düşmənlə üzbəüz döyüşə gedəcək. Uşaqları, ata-anası ilə görüşüb dedi ki, Ünarahat olmayın, təlimlərimiz başlayıb, bir neçə gün evə gəlməyəcəyəm”. Əslində bütün hərbçilərin ailələri “təlimdəyəm” sözünün mənasını yaxşı anlayırdılar. Bir də ki, Naftalan düşmənlə təmas xəttində yerləşdiyindən, bu yerin camaatı top-güllə, atəş səslərinə öyrəncəli idilər.

Aprelin 1-dən 2-nə keçən gecə atəş səsləri intensivləşəndə, qohum-əqraba, dost-tanış narahat olmağa başladı, Nuranəyə zəng vurub ondan Vaqifi soruşdular, o da hamını arxayın salıb dedi ki, Vaqif döyüş bölgəsinə gedən deyil, axı o siyasi işlər üzrə işləyir...
Aprelin 5-nə qədər Nuranə, Zeynəb xanım, bacısı Məlahət intizarda qaldıqlarından, tez-tez Vaqiflə telefon əlaqəsi saxlayırdılar, onun gümrah səsini eşidəndə isə sevinirdirlər. Həmin vaxt Vaqifdən dostları da xəbər tuturdular. Onlardan biri Amerikada yaşayan Saşa idi. İndi bu yazdığım sətirlər, kapitan Vaqif Bayramovun Saşa ilə son danışığındandır:


“Hər şey inşallah yaxşı olacaq.Dayandırmasalar, düz Xankəndə qədər gedəcəyik...”...


Bu əməliyyatlarda Vaqifin yanında gənc əsgərləri və dostları həlak oldular. O, laçınlı Ulvin Məmmədovun qəhrəmanlığını, sumqayıtlı Şulan Bayramovun şücaətini gözləri ilə gördü. İrəlilədikcə, geri aldıqları ərazilərin qələbə sevincini birlikdə yaşadılar. Ülvinlə Şulanın bir andaca, düşmən tərəfindən atılan mərmi atəşindən həlak olduğunu görüncə, dəhşətə gəldi. Bir az bundan əvvəl Ülvinin əlində rabitə aparatı, “Azərbaycan” mahnısı oxuyurdu... Bu ağrılı anlar yaddaşına həkk olundu. Elə həmin anda qardaşı Mehman gəldi gözlərinin qabağına...
Sonra növbəti tapşırıq alaraq, yenə də irəliləməyə başladı. Bu yerləri yaxşı tanıyırdı, ona görə dədöyüşüçləri daşıyan avtomobili özü idarə edirdi. O, qəfildən əyləci basıb, maşını saxladı, bu vaxt yüngül qəza ilə ötüşdülər. Onları irəlidə erməni tərəfindən quraşdırılmış minadan qısa bir məsafə ayırırdı. Döyüş dostlarına xətər dəyməsə də, Vaqif yüngül yaralandı. Aprelin 5-i, günorta vaxtı üz-gözünü təmizləmək və paltarlarını dəyişmək üçün evinə getdi. Bu dəfə Nuranə onu hirsli gördü, çəkinə-çəkinə ərinə dedi ki, “artıq atəşkəs elan edilib, bəlkə döyüşə getməyəsən?”. Vaqif onun bu sözünə acıqlı-acıqlı cavab verdi:

- 1-2 saat yorğunluğumu alım, məni tez oyat, getməliyəm, əsgərlər orda təkdir, mənsiz bacarmazlar... Bərkitmə əməliyyatı görmüşük, qüvvəmiz azdır. Talışı gei almışıq, indi o boyda əziyyətdən sonra oraları boş qoymaq olmaz.



Elə yemək yediyi yerdə Vaqifin telefonuna zəng gəldi. Zəng edənlər baş leytenant Qabil Orucəliyev, Cavid Dədəkişiyev və Adil Adilzadənin dayandıqları ön postlarda şəhid olduğunu söylədilər... Dostlarının şəhid olmasını eşidən Vaqif uşaq kimi ağlamağa başladı. Bu vaxt balaca oğlu Ümid onun yanına gəldi. Oğlunu qucağına götürüb bağrına basdı və başını sığallayaraq dedi:

- Ümid balam, indi mən ölsəm də dərdim olmaz, sən mənim adımı, soyadımı daşıyacaqsan, bacılarına, anana arxa-dayaq olacaqsan...

Ərinin bu sözlərini eşidən Nuranə gözləri yaşarmış halda ona yaxınlaşdı, Vaqif həyat yoldaşının nə demək istədiyini anladı və kədərli-kədərli üzünə baxıb:

- Sözdür də deyirəm, mən sizi heç vaxt tək qoymaram... Nuranə, narahat olmayın, mənim orda əsgərlərim var, ön cəbhədə olmalıyam, bu gecə məni gözləməyin, ola bilsin ki, sabah gələcəyəm...

Vaqif qapıdan çıxdı. Bu dəfə uşaqlarını qucaqlayıb görüşmədi... Qızı Zeynəb pilləkənin başına gəlib, “ata niyə bizi öpməmiş gedirsən?” soruşanda, “qızım, tələsirəm, qayıdanda sizi öpəcəyəm”cavabını verdi və maşınına oturub getdi. Zeynəb də eyvanın pəncərəsindən əl edərək, atasını yola saldı.



Aprelin 6-sı Nuranə ilə danışanda Vaqifin dünənki hirsindən əsər-əlamət yox idi. O, sevinə-sevinə Nyranəyə deyirdi: “4 nəfərləermənilərdə olan digər postları da geri almışıq”.

Vaqif qərərgahın idman mütəxəssisi və iki əsgərlə yeni tutduqları mövqelərdə dayanmışdılar . Artıq atəşkəs elan olunmuşdu. Çox rahat nəfəs alırdılar. Lakin onların ürəyindəki irəliyə getmək istəyi heç birinə rahatlıq vermirdi.

Gecənin bir aləmində Vaqif hiss etdi ki, buralardan kimsə keçdi... 24 il bundan əvvəl qardaşı Mehman da dayandıqları yerdən ermənilərin keçdiyini hiss etmişdi. O dəqiqə hərbçi intiusiyasını işə saldı. Ətrafa baxıb, qısa təhlil aparandan sonra, belə nəticəyə gəlir ki, ermənilər meydanı boş görüb, postları geri almaq üçün yenidən hərəkətə başlayıblar. Vaqif bu zaman geri aldıqları 3-cü postda dayanmışdı. Silah-sursatını götürərək, irəliyə getdi, arxadan gələn döyüşçü dostuna dedi ki, onları qabaqlamaq lazımdır...
Özü üzbəüz erməni ilə döyüşə girdi, sona qədər döyüşdü, gülləsi qurtaranda isə avtomatın qundağı ilə vuruşmağa başladı... O, təkbaşına döyüşür,qardaşı Mehmanın, ötən 4 gün ərzində gözünün qabağında şəhid olan əsgərlərinin qisasını alırdı. Əsl zabit kimi son nəfəsinə qədər döyüşüb, qanlı meydanda tək qaldı və düşmən gülləsindən aldığı ağır yaralardan sonra Vətən torpağında ruhunu Tanrıya tapşırdı... Qardaşı Mehmanın yanına ucaldı...


Nuranə günorta saat 4-ə qədər Vaqifə zəng etsə də, telefonu açan olmadı... Sonra eltisi zəng vurub dedi ki, Vaqif yaralıdır, özü də ki, neytral zonada qalıb. Bu sözləri eşidəndə, Nuranənin ayaqları yerdən üzüldü.

Nuranə həmin ağrılı anlardan danışır:

- Sözün həqiqi mənasında elə bil ki, ayaqlarım sındı, ümumiyyətlə taqətim qalmadı. Gücüm tükəndi və mən yerə çökdüm. Yerə yıxıldığımı görən Ümid və Aylin də ağlayırdılar. Yenə Vaqifin telefonunu yığdım, xeyli zəng gedəndən sonra, onun telefonunu söndürdülər... Başladım yıxıldığım yerdə Allaha yalvarmağa ki, nə olar mənə taqət ver, yerdən dura bilim...
Fikirləşirdim ki, evdən çıxıb Vaqifin olduğu yerə gedəcəyəm... Sonra qardaşım gəlib bizi əvvəlki evimizə- qayınanamgilə apardı... Qızım da deyirdi ki, ana, ağlama, bizim atamız gələcək, o, heç vaxt ölə bilməz... Onu sağ görmək, sağ qarşılamaq ümidi ilədüz 5 gün gözlədik...

Həmin təlatümün, dərdin, intizarın içində necə oldusa, mürgülədim. Birdən yuxumda bir qadın səsi eşitdim, qeybdən gələn səs mənə deyirdi: “Vaqifdən nigaran qalma, o, indi göylərdədir, yeri yaxşıdır, narahat olma...”.
Tez ayıldım... Yenə Allaha yalvardım ki, Vaqifimi mənə yetir, Vaqifimi mənə gətir... Aprelin 9-da Vaqiflə tanışlığımızın 9 ili tamam olurdu. Fikirləşirdim ki, harda olsa, özünü yetirəcək, ancaq ondan xəbər gəlmirdi ki, gəlmirdi...


Aprelin 11-də isə Vaqifi Vətən bayrağına bükülü tabutda gətirdidlər... Zeynəb xalanın, Dilqəm dayının qapısına ikinci şəhid tabutu göndərilmişdi...


Məlahət Bayramova 4 qardaşın bir bacısıdır. Hər gün anasının-atasının yanına gəlir. Onları tək qoymur. Həmin ağır günləri göz yaşları ilə xatırlayır:

- Bəlkə də dünyanın ən bədbəxt bacısı mənəm, iki qardaşım Vətən yolunda şəhid olub...Qardaşlarım Ədalət, Polad üçün də çox çətin sınaqdır. İki əziz qardaşını itir, sonra onların balalarını hər gün ovundur görüm, necə ovundurursan... Allah anamı, atamı, qardaşlarımı, məni çətin imtahana çəkdi. Anam Vaqifin sağ olduğu xəbərini gətirən adama barmağındakı üzüyü muştuluq demişdi. 7 qurban dedi, gecə-gündüz yandı, yaxıldı... Anam hələ də o üzüyü barmağına taxmır, deyir ki, Mehmanın üzünü görmüşdüm, Vaqifi mənə göstərmədilər...

Aprelin 11-də gətirdilər tabutu... Artıq atam da, anam da yaşlı insanlardır. Bala dərdini Allah heç kimə göstərməsin. Mehmanın ölüsünü görmüşdü, qucaqlamışdı, öpüb, qoxlayıb sakitləşdirmişdi özünü. Vaqifin tabutunu açmağa icazə vermədilər. Qəbrini qazıb, ağ kəfənə bükülmüş qardaşımı torpağa verəndə, gəlinimiz Nuranə də, anam da, qardaşım da qəbrin içərisinə girdilər. Anam qolunu kəfənin altından salıb Vaqifi qucaqladı, qoxuladı, ürəyinə çəkdi nəfəsini...Başdan-ayağa öpdü onu... Dedi ki, “mən onsuz da, daha ölmüşəm,ruhum buradadır, elə o torpağı tökün üzümə, məni buradan çıxarmayın, oğlum ilə birlikdə dəfn edin...”.
İndi deyir ki, “ruhumu Vaqifin qəbrində qoyub gəlmişəm, gəzdirdiyim quru cəsəddir”... Gecəni sabaha qədər yatmır, üzünü divara çevirib, telefonda Vaqifin şəkillərinə baxıb, ağlayır...

Vaqif Dilqəm oğlu Bayramov Azərbaycan Ordusunun zabiti idi. O, torpaq üçün canından keçdi, erməni ilə vuruşdu ki, uğrunda qanlar tökülən Talış yüksəkliyini əldən verməsin...




Məlahət Bayramova:


“Evimizin pəncərəsindən görünən Tap Qaraqoyunlu kəndi daim düşmənin hədəfində idi. Düşmən yüksəklikdən böyük bir ərazini nəzarətdə saxlayırdı, əsasən də mülki şəxsləri rahat yaşamağa qoymurdu. Düşmənlərimiz xəyanətkar idilər, onlar dinc əhaliyə də güllə atırdılar, torpağa bağlı insanları təsərrüfatla məşğul olmağa qoymurdular. Amma biz o yüksəklikləri geri qaytardıq. İndi Madagiz-Talış istiqaməti bizim nəzarətimizdədir. Bu ərazilərin alınmasında digər oğullarımız kimi, qardaşımın da qanı tökülüb...”.


2016-cı ilin aprel ayında vətənimizə şərəfli tarix yazan, Azərbaycan Ordusunun zabiti Vaqif Bayramov haqqında xatirələri ipə-sapa düzdükcə, qurtarmır. Zeynəb ana ilə Vaqifin doğulub boya-başa çatdığı ocaqda söhbətimizi yarımçıq qoyub, onun heç 1 ay yaşaya bilmədiyi yeni evinə gedirik. Zeynəb ana çox çətinliklə dördüncü mərtəbəyə qalxır... Fikirləşirəm ki, evə dönəndə ürəyi və böyrəkləri, ayaqları xəstə olan iki şəhidin anası və xəstə şəhid atası bu yöndəmsiz pilləkanları necə qalxacaqlar...

Vaqifin ailəsinin yaşadığı evin hər küncündən onun böyüdülmüş portreti boylanır. Nuranə qayınatası və qaynanasını hörmətlə evin yuxarı başına keçirir. Dilqəm dayı gündə bir neçə dəfə gəlib qonşuluqda yaşayan nəvələrini yoxlayır, ona görə də nəvələri onu hamıdan əvvəl dövrəyə alırlar. Biz isə bir kənara çəkilib, gəlinlə söhbətimizi davam etdiririk. Nuranə deyir:

- Mənimlə Vaqifin tanış olmasından da yazın, istəyirəm ki, tarixləşsin, kitablarda qalsın eşqimiz.Vaqiflə bizim taleyimizi Tanrı yazmışdı. Zabit kimi işləməyə başlayandan sonra Vaqif dostuna deyir ki, evlənmək istəyir. Dostu da məni, ona ən yaxşı namizəd kimi göstərir. Vaqif gülə-gülə deyir ki, o qız böyüyüncə, mənim uşağımın 5 yaşı olacaq... O zaman mən 7-ci sinifdə oxuyurdum.
Günlərin birində mən 11-ci sinifdə oxuyanda, Vaqif yenə bizim qonşuluğumuzdakı dostunun yanına gəlmişdi. Biz həmin gündə təsadüfən onunla qarşılaşdıq. Vaqif məni qonşudan soruşanda, dostu deyir ki, 5 il bundan əvvəl bəyənmədiyin həmin qızdır. Hətta dostunun toy diskinə baxanda, görürülər ki, ikimiz də gəlinin başı üzərində tutulmuş Quranın altından yanaşı keçirik. Lakin mənim ailəm bu evliliyə razı olmadı, bu səbəbdən də 11-ci sinifi bitirəndən 1 il sonra, aprel ayının 9-da Vaqifə qoşulub qaçdım. Zeynəb bibi məni öz qızı kimi sevdi, qayğıma qaldı, bilmədiklərimi öyrətdi mənə. 2008-ci ildə ilk övladımız Zeynəb gəldi dünyaya, sonra Aylin doğuldu, Ümid sonbeşiyimiz oldu... Çox xoşbəxt idik. Gələcək xəyallarımızı qururduq... Mənimlə Vaqifin arasında 10 il yaş fərqi var idi. Ötən illər ərzində mən onun sevgisi ilə böyüdüm.


2016-cı il martın 10-da Ümidin doğum gününü restoranda qeyd etdik. Onda dedi ki, kiçik toyunu elə çaldıracağam ki, dillərdə dastan olsun...
Toy çaldırmadı, ancaq özü tarixlərə dastan yazdı... Zeynəb atasının məzarının başına gedir, oraya məktublar yazıb qoyur. Gündəliyi də var, ancaq gündəliyini bizə vermir...

Mən Zeynəbi gözlədim. Dərsdə idi. Dərsdən gələndən sonra hər iki gül parçası Zeynəb və Aylinlə tanış oldum. Sonra Zeynəbi dilə tutdum, gündəliyini istədim. Hərdən belə də olur, hətta balaca uşaqlar da öz sirlərini mənimlə bölüşürlər. Ancaq Zeynəbə dedim ki, onun gündəliyində yazdıqlarını kitaba köçürəcəyəm, çünki kitaba yazılanları mələklər qanadında göylərə aparırlar. O dəqiqə məndən soruşdu ki, kitaba yazılsa, atam onları eşidərmi? Çox rahatlıqla dedim ki, Zeynəb, ata səni eşidir, kitaba yazdıqlarımızı isə lap tez eşidəcək. Sevincək gündəliyini açıb mənə göstərdi. O gündəlikdə yazılan bəzi sətirləri Tanrı dərgahındakı Vaqifə ismarlayıram:



“Ata, mən səni çox istəyirəm... Amma sən bizi qoyub getdin... Ata, mən sənin üzünə deyə bilmirəm... Ancaq mən bura yazıram. Sən gələndə, sənə deyəcəyəm... Mən əməliyyata girdim. Sən mənim əlimdən tutmuşdun... Mən „operasiya“dan çıxanda, sən mənim əlimi buraxıb getdin və dedin: hər şey yaxşı olacaq... Mən yuxudan duranda əlimi buraxıb dedin ki, indi mən gedirəm şirinim...
... Hə uşaqlar, mənim atam, Vaqif atam gələndə, mən bunu ona oxumağa verəcəyəm...
...Gəl ata, mən səni istəyirəm...
...Mən istəyirəm ki, sən gələndə, mən sənə sevincimdən ATA VAQİF deyəm...
...Ata VAQİF yadındadır, sən həmişə mənə “şirinim” deyərdin. İndi sən getdin. Amma mən inanıram ki, sən gələcəksən. Sən gedəndən, mənim az qala ürəyim partlayır. Mən bütün valideynləri görüb, deyirəm ki, mənim atam niyə gəlmir?
Allahım, sən bilirsən ki, atamı özün aparmısan... Və o mənim gözəl atam idi...
Ata mənim sənə bir sözüm var: onu sən gələndə, deyəcəm... Amma bu söz çox önəmlidir. Bu söz gəlmək haqqındadır. Deyim? Yoxsa yox?! Amma deyəcəm. Pisinə gəlsə də, deyəcəm: Səndən küsmüşəm... Ona görə küsmüşəm ki, sən evə gəlmirsən...
Ata sənin getdiyin ikinci ildir. Artıq 10 yaşım keçir... sənin il mərasimində şeir oxudum... hamı mənə baxıb deyirdi ki, o qızın atası yoxdur... Mən də hirslənirdim...
Ataaaaaa.... nə olur gəl, mən çox darıxıram, əvvəlki xatirələrimizə, günlərimizə darıxıram...
“Ata, ata...” yazanda elə qışqırmaq istəyirəm ki... İstəyirəm ki, əlini mənə vurasan... İstəyirəm ki, qapımızı döyəsən... və səni qucaqlayım... bu gündəliyimi açanda da, sən qapını döy və mən bu yazdıqlarımı sənə oxuyum...
Nə bilim, bax, indi-indi ürəyimi boşaldıram...ata, bu gün mənim ən pis günümdür...”.


Mən inanmıram ki, dünyanın harasındasa, hansısa bir uşaq bundan sonra belə bir məktub yaza bilsin... Müharibələr olmasaydı, nə gözəl olardı... O müharibəni fikirləşən böyük güclər belə körpələrin göz yaşlarına necə qıyırlar? Mən istəyirəm ki, bu məktubu dünya liderləri oxusunlar. Bəlkə Zeynəb kimi uşaqların göz yaşları soyuq qəlbləri isidə bilər...


10 yaşlı Zeynəbin nənəsi Zeynəb xanım isə deyir ki, “Mən sülhə səs verirəm”,- bu şeiri o Vaqifi dəfn edəndən sonra yazıb...



Mən sülhə səs verirəm, qoy cavan anaların

Bir gecənin içində saçları ağarmasın.

Mən sülhə səs verirəm,təzə gəlinlərimiz

ağ donunun üstündən qaralar bağlamasın.

Mən sülhə səs verirəm, qoy şəhid anaları

tabutun qabağında tərsinə oynamasın.

Mən sülhə səs verirəm, Mehmanımın xınası

əlinə-ayağına yasında yaxılmasın.

Mən sülhə səs verirəm, gəlinimiz Nuranə

3 körpə balasını atasız saxlamasın.

Mən sülhə səs verirəm, oğlu ölən ananın

gözaltı etdiyi qız, yada qismət olmasın.

Mən sülhə səs verirəm, bütün Yer kürəsində

Müharibə olmasın, düzənlər dağılmasın...


Bu şeir Vətən torpaqlarının azadlığı uğrunda iki əziz oğlunu şəhid vermiş QƏHRƏMAN ANANIN iniltisidir. Ağrı-acı çəkmiş ananın müharibəyə,ayrılığa, haqsızlığa hayqırtısıdır...



Aida Eyvazlı