2021/06/Ramiz-3247315222.jpg

line
Adı: Qasımov
Soyadı: Ramiz
Ata adı: Vaqif
Doğum tarixi: 17.02.1975
Şəhid olub: 22.10.2020
Rütbəsi: polkovnik-leytenant
Təltifləri
«Vətən Müharibəsi Qəhrəmanı» medalı«Vətən uğrunda» medalı«Ağdamın azad olunmasına görə» medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi» yubiley medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» yubiley medalı«Qüsursuz xidmətə görə» medalı (I dərəcə)«Qüsursuz xidmətə görə» medalı (II dərəcə)«Qüsursuz xidmətə görə» medalı (III dərəcə)«Azərbaycan Ordusunun 100 illiyi» yubiley medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı» medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi» yubiley medalı
O, 44 günlük Vətən müharibəsinin dəmir qanadlı qəhrəmanıdır. Sentyabrın 27-də Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatı başlayanda usta pilot, polkovnik-leytenant Ramiz Qasımov ən sevincli günlərindən birini yaşayırdı. Onun ən ümdə arzusu Şuşada üçrəngli bayrağımızı dalğalandırmaq idi. Buna görə də Ali Baş Komandan İlham Əliyevin hücum əmrini səbirsizliklə gözləyirdi...

Azərbaycan Hərbi Hava Qüvvələrinin Ordu aviasiyasının pilotlarına quru qoşunlarına, eləcə də digər qoşun növlərinə döyüşlərə hava dəstəyi ilə bağlı tapşırıqlar verilmişdi. Polkovnik-leytenant Ramiz Qasımovun döyüş yolu Tərtər istiqamətindən başladı. Düşmənin bir çox hədəflərini dəqiq atəşlə məhv etdi. Onun göstərdiyi ustalıq digər uçuş heyətlərində böyük ruh yüksəkliyi yaratdı.


Ramiz Qasımov 1975-ci il fevralın 17-də Beyləqan şəhərində anadan olub.


O, 1995-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə və 2020-ci ilin Tovuz döyüşlərində fərqlənib.


Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı olan Ramiz Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan və Talış ətrafında olan ərazilərin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və həmin ərazilərdə Ermənistan Ordusunun hərbi hədəflərinin məhv edilməsində fərqlənib. Ramiz Qasımov sentyabrın 27-də Ermənistan Ordusunun hərbi hədəflərini məhv edəndən sonra geri qayıdan zaman Tərtər rayonu istiqamətində onun və 2 nəfər heyət üzvünün olduğu Mil Mi-8 helikopteri erməni tərəfinin hədəfi oldu. Ramiz Qasımov dərhal 2 nəfər heyət üzvünün tullanmağı əmr elədi. Özü isə surətlə hündürlüyünü itirən helikopteri Tərtər rayonunda yaşayış məntəqələrinin üzərinə düşməməsi üçün əlverişli yerdə endirməyə çalışdı. Nəticədə Mil Mi-8 Tərtər rayonu ərazisində boş sahəyə düşdü. Kifayət qədər vaxt itirdiyi üçün isə Ramiz Qasımov ağır yaraldı.



Polkovnik-leytenant Ramiz Qasımov 25 gün komada qaldıqdan sonra oktyabrın 22-də şəhid oldu. Bu müddətdə hamı onun sağalacağına ümid etsə də, dəmir qanadlı qəhrəmanın həyatını xilas etmək mümkün olmadı. Onun döyüşlərin ilk günü göstərdiyi misilsiz qəhrəmanlıq diqqətdən yayınmadı. II Fəxri Xiyabanda dəfn olunub.



Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ramiz Qasımova ölümündən sonra  "Vətən Müharibəsi Qəhrəmanı"  və  "Vətən uğrunda" medalı ilə təltif edilib.


 





Onunla eyni istiqamətdə döyüşən kapitan Coşqun Rüstəmov deyir ki, polkovnik-leytenant Ramiz Qasımov "SPAYK" uzunmənzilli raketlərlə silahlanmış "Mİ-17" helikopterində uçuşlar həyata keçirirdi: "İlk uçuşunda düşmənin bir çox strateji əhəmiyyətli hədəflərini sıradan çıxardı, həmçinin bir neçə OSA zenit raket kompleksini və P19 radiotexniki vasitəsini məhv etdi. Düşmənə sarsıdıcı zərbələr endirdikdən sonra atəşə məruz qaldı, helikopteri vuruldu. Ramiz Qasımov, ilk növbədə, digər ekipaj üzvlərini xilas etmək üçün onlara “atılın” komandası verdi. Qolundan ağır yaralanan polkovnik hündürlüyünü sürətlə itirən helikopterin yaşayış məntəqəsinə düşməməsi üçün onu boş sahəyə yönəltdi. Son anda helikopteri paraşütlə tərk etməyə nail olsa da, başından ağır zərbə aldı. Helikopterdən vaxtında atılsaydı, bəlkə də sağ qalardı. Amma o özünü yox, ilk növbədə, ekipaj üzvlərini və mülki əhalini düşündü".



"Ramiz Hərbi Hava Qüvvələrinin ordu aviasiyasında usta pilot idi. Ordu aviasiyasında olan bütün tip vertolyotlarda uçuşlar həyata keçirmişdi. Bütün yeni növ silahların tətbiqinə buraxılışı vardı. Həm təlimatçı, həm sınaqçı pilot idi", - bunu polkovnik-leytenant Rəşad Nadirov öz pilot yoldaşı haqqında deyir. O bildirir ki, şəhid polkovnik-leytenant Ramiz Qasımov artıq uzun müddət idi təqaüd imkanları əldə etmişdi, Ordu sıralarından gedə bilərdi. Amma o, Vətənə xidməti müqəddəs iş hesab edirdi. Deyirdi ki, dövlət bizi oxudub, yetişdirib, biz bu dövlətə canımızı fəda etməliyik. Ordu sıralarından ayrılsaydı, daha yüksək məvacib ala bilərdi, mülki hava yollarında uça bilərdi. Bir neçə xarici dil bilirdi, bir çox fərqlənmələri vardı. Amma qəlbindəki Vətən sevgisi, Qarabağı azad etmək arzusu onu şəhidlik zirvəsinə ucaltdı.



Onun ən ümdə arzusu Şuşada üçrəngli bayrağımızı dalğalandırmaq idi. Şəhid polkovnik-leytenantın həyat yoldaşı Günel Qasımova belə deyir: "O hərb işini çox sevirdi, vətənpərvər oğul idi. Onun kimi insanın həyat yoldaşı olduğuma görə şərəf duyuram. Evdə çox az olsa da, hərbi verilişləri izləyər, hərbi kitabları mütaliə edirdi. Dəqiqlik sevən insan idi. Öz işi barədə danışmağı xoşlamazdı. Aprel, iyul döyüşlərində çox böyük əməyi oldu. Biz onun bütün qəhrəmanlıqları barədə sonradan xəbər tutduq".


Günel Qasımova deyir ki, Ramiz ailəsinə yalnız xoş xatirələr qoyub getdi: "Mənə, uşaqlara heç vaxt çətinlik yaşatmayıb. Övladlarına həmişə hörmətlə yanaşırdı. İşinin çox olmasına baxmayaraq, vaxt tapıb onların dərsləri ilə maraqlanırdı, gəzməyə aparırdı, qayğıkeş ata idi. Evin hər işini özü həll edir, mənim üzərimdə bir çətinlik qalmırdı. Ona görə, bu gün mənə çətindir, çiyinlərimdə ağır bir yük var. Bilmirəm, onsuz bu yükü daşıya bilərəm, ya yox. Kaş sağ olaydı, Qələbədən özü danışaydı. Vətən sağ olsun".



Günel Qasımovanın sözlərinə görə, Ramiz oğlu Vaqifin də hərbçi pilot olmasını arzulayırdı: "Həmişə deyirdi ki, Vaqif mənim yolumu davam etdirməlidir. Onu başqa sahədə görə bilmir, özü kimi vətənpərvər ruhda böyüdürdü. Çalışırdı ki, övladları həyatda düzgün mövqe tutsunlar, ali təhsil alsınlar, savadlı olsunlar. Atalarının adını həmişə uca tutsunlar, layiqli vətəndaş olsunlar. Uşaqlarımızı onun istədiyi kimi böyütməyə, onun adına layiq olmalarına çalışacağam".


Şəhid polkovnik-leytenant Ramiz Qasımovun Vətənə əmanət üç övladı böyüyür. Vaqif, Gülanə və Gülay ataları üçün çox darıxsalar da, onunla fəxr edirlər.