Mehman Nəriman oğlu Qənbərov 1981-ci il mayın 27-də Ağdam rayonunda anadan olub. İlk təhsilini Ağdam rayonunun Maqsudlu kəndində alıb. Köçkün həyatı yaşayıb. 2002- ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib.25 il şərəflə ordumuza xidmət edib. Azərbaycanın cəbhə bölgələrində xidmət göstərib.
Ali Baş Komandanın fərmanıyla 20 illik qüsursuz xidmətə görə medalı ilə təltif olunub. 2015 ci ildə ailəsi ilə birgə Türkiyənin Tuzla şəhərinə, Akman Kültür Mərkəzinə Kombatlıq kursuna gedib.
Şəhidin oğlu Nurlan Qənbərov: "Atamla bağlı xatirələrim çoxdur. Xoş xatirələrimdən biri milli bayramlarımızda olub. Atam hər Yeni ili, Novruz və Qurban bayramlarını əsgərləri ilə birgə qeyd edirdi. Mən də hər bayramda onunla bərabər əsgərlərlə görüşməyə gedirdim. Atamın torpağını necə sevdiyinin şahidi olurdum. Çox vətənpərvər, ailəsinə bağlı biri idi.
O, Vətən müharibəsinə böyük fərəhlə qoşulmuşdu. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşdu".
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Mehman Qənbərov oktyabrın 1-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Bərdə rayonunda dəfn olunub. Özündən sonra iki oğul övladı yadigar qalıb.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehman Qənbərov "Qarabağ" orden i ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehman Qənbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehman Qənbərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib. Ölümündən öncə isə "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalları ilə təltif olunub.