Laçın rayonundan olan polkovnik-leytenant Qərib Baxşəliyev Zəngilan istiqamətində gedən döyüşlərdə şəhid olub. O, müharibə zamanı erməni hərbçilərinin mühasirəsinə düşüb, son gülləsinə qədər döyüşüb.
Şəhid polkovnik-leytenant uzun illər Cəmşid Naxçıvanski adına Hərbi Liseydə müəllim kimi işləyib. Bir çox hərbçilərimizin yetişməsində Q.Baxşəliyevin əməyi olub. O, müəllim işləməmişdən əvvəl də hərbçi kimi fəaliyyət göstərib. İki il müddətində Tərtərdə düşmənlə üz-üzə xidmət edib.
Polkovnik-leytenant sentyabrın 27-də başlayan Vətən müharibəsinə iki gün sonra, ayın 29-da qoşub. Şəhidin yaxınlarının sözlərinə görə, o, əslən Laçından olduğu üçün, daim torpaqlarımızın işğaldan azad olunacağı günü gözləyib. Vətənə olan bu sevgi onu daim irəliləməyə vadar edib.
Q.Baxşəliyevin atası İnqilab Baxşəliyev bildirir ki, oğlu hər dəfə ailəsi ilə əlaqə saxlayanda evlərinə yaxınlaşdığını söyləyirmiş: "Şəhidə ağlamaq düzgün deyil, çünki onlar qalibdirlər, bu yolda qələbə çalıblar. Ona görə də, şəhidlər ölməyib, sağdırlar".
Həyat yoldaşı ilə sonuncu dəfə noyabrın 2-də əlaqə saxladığını deyən Gülnarə Baxşəliyeva noyabrın 4-də Qərib Baxşəliyevin şəhid olması xəbərini alıb. "Danışanda hər dəfə qələbəyə az qaldığını, düşməni qovduqlarını deyirdi. Noyabrın 2-si danışanda dedi ki, möhkəm olun, hər şey ola bilər. Ayın 3-ü onunla əlaqə kəsildi. Sonra isə şəhid olduğunu öyrəndik. Bizə dedilər ki, Zəngilan ərazisində postları yoxlayarkən dumanda yolu azaraq, mühasirəyə düşüb, axıra qədər döyüşüb, sonra da əsir düşməmək üçün son gülləsini özünə vurub".
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Qərib Baxşəliyev ölümündən sonra "Vətən uğrunda","İgidliyə görə","Füzulinin azad olunmasına görə","Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.