2021/09/mehma-1632740431.jpg

line
Adı: Yusifov
Soyadı: Mehman
Ata adı: Musa
Doğum tarixi: 18.07.1979
Şəhid olub: 05.10.2020
Rütbəsi: Baş gizir
Təltifləri
«Zəfər» ordeni«Qarabağ» ordeni«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Qüsursuz xidmətə görə» medalı (II dərəcə)«Qüsursuz xidmətə görə» medalı (III dərəcə)«Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi» yubiley medalı«Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi» yubiley medalı
Xüsusi Təyinatlı Qüvvələrin Baş gizir Yusifov Mehman Musa oğlu 18 iyul 1979-cu ildə Tovuz rayonunun Bayramlı kəndində anadan olub. Ailənin altıncı övladı olan Mehmanın özündən başqa üç qardaşı və dörd bacısı var. 1985-1996-cı illərdə Tovuz rayonunda E. Orucov adına Bayramlı kənd tam orta məktəbində təhsil alıb.

1998-cı ildə həqiqi hərbi xidımətə çağırılan Mehman Yusifov 2000-ci ildə iki illik xidmətini başa vuraraq təxris olunub, daha sonra 2002-ci ildə yenidən Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qayıdaraq XTQ- də gizir kimi xidmət edib. Hərbi qulluqda xidmətlərinə görə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, II və III dərəcəli “Qüsursuz xidmətə görə” medalı ,“Azərbaycan Silahlı Qüvvələrin 95 illiyi” yubley medalı, “Azərbaycan Silahlı Qüvvələrin 100 illiyi” yubley medalı ilə təltif olunub. Aprel döyüşlərinin iştirakçısı olub.

Vətən müharibəsi zamanı ordumuzun giziri Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Şəhidin 3 övladı, Məhəmməd və Süleyman adında oğulları, Fatimə adında isə qızı yadigar qalıb.


Şəhid xanımı Günel Yusifova: " Bütün XTQ-çilər kimi Mehman da evə elə qonaq kimi gəlirdi, hər zaman evdə görə bilmridik ki... Dağda-daşda, aranda-boranda olurdu. Onların yataqları daş, yorğanları qar olur. O qədər xeyirxah insan idi ki, özündən başqa hər kəsə yardım edərdi. Süfrə arxasında çay içdiyi, yemək yediyi yerdə hərbçilərdən və ya əsgərlərdən kimsə zəng vurub nəsə xahiş etsəydi, süfrəni yarımçıq qoyub, durub həmin adamın işini yarıtmağa gedərdi. Tovuz hadisəlrində çox gərgin idi. Əslində bu hadisələrdən sonra Mehman da evə az-az gəldi. Sən demə Ordumuz generalın qisasını almağa hazırlaşırmış. Həmin hadisələr vaxtı Mehman çox məyus olmuşdu. Deyirdi ki, Polad müəllim əvəzolunmaz insan idi. Tanışımızın başına gəlmiş bir hadisəni danışdı. “General Polad Həşimov Gəncə-Şəmkir yolunda öz maşını ilə gedirmiş. Yolda görüb ki, bir qadın çarəsiz dayanıb, maşını xarab olub. Sürücüsünə əmr edib, qadının maşınının yanında düşüb kömək edib, maşının yağını dəyişib, motorunu işə salıb. Məlum olub ki, qadın da Şəmkirdəki hərbi hissəyə oğlunun görüşünə gedir. Sonra deyib ki, sür dalımca, yolu göstərəcəm. Hərbi hissəyə çatanda qadın baxıb ki, onun maşınını düzəldən kişi hərbi hissəyə girəndə hər kəs ona hərbi təzim edir. Oğlundan soruşub ki, o kimdir? Deyib ki, mənim xidmət etdiyim hərbi hissənin generalıdır.”. Bu əhvalatı yana-yana danışırdı. Deyirdi ki, bax Polad Həşimov həm də bu qədər sadə, xalqın qeyrətini, təəssübünü çəkən oğul idi. Belə oğullar öləndə Vətən sarsılır.


Aprel döyüşlərindən əvvəl də, sonra da xeyli müddət evə gəlmədi. Gələndən sonra isə Məhəmmədin otağında yatdı. Aptekdən özü ilə dəva-dərman alıb gətirmişdi. Bir gün kiçik bacısı Zəkiyə Mehmanın öz qolunu sarıdığını gördü, nə baş verdiyini soruşanda , söhbəti yayındırdı. Sonradan bildik ki, ayağından və qolundan yaralanıbmış. Aprel döyüşlərində yaralndığını bilən böyük bacısı çox pis oldu, yanıb-yaxıldı. Hansı bacı qardaşını yaralı görsə canı inciməz ki? Ona dedi ki, sənə bu lazım idi? O zaman elə həmin yaralı qolunu hirslə stolun üstünə çırparaq ,ona acıqlandı və dedi: “Bacı, məndən böyüksən, heç vaxt üzünə ağ olmamışam. Bir də nə vaxtsa, çaşıb belə bir sözü ağzına alsan, özümə cavabdeh deyiləm. Sən axı yaxşı bilirsən ki, bu torpaq uğrunda nə oğullar gedib, mən onlardan artıq deyiləm”. Aprel döyüşlərində həlak olan dostlarına görə çox hirsli idi. Deyirdi ki, çox az qalıb, alacağıq onların qanını, qisasını. Mən Mehmanın nə vaxtsa şəhid olacağını ağlımın ucundan belə keçirməmişdim. Elə bilirdim ki, hara getsə, qayıdıb evinə, balalarının üstünə gələcək. O ailəsni, evini, doğmalarını çox istəyirdi. Bacardığı qədər hər kəsə qayğı, diqqət göstərirdi".


Günel söhbətinə davam edərək deyir ki, Mehman bir dostlarına görə kədərlənər, bir də oğlum Məhəmmədə görə ağlayardı. Uşaq çətin xəstəlikdən əziyyət çəkir. Deyirdi ki, əlmdə elə bir imkan olaydı, deyəydilər ki, böyrəyini çıxart ver, ürəyini çıxart ver, təki bu uşaq sağalsın. Evimizin təmiri elə 2020-ci ilin avqustunda qurtardı. Təmir deyəndə ki, yüngülcə təzələdik. Təmiri bitirən kimi bizi kənddən evə çağırdı. Yenə iki gün bizimlə qalıb, getdi. Heç bir həftə bu təzə təmirli evdə oturmadı.

Sentyabr ayının 25- idi deyəsən. Telefonla səs göndərdi mənə. Deyirdi ki, paltarlarımı hazırla, təzə corablar al qoy. Yemək bişir, bir neçə gün evdə olmayacağam. Mən də onun tapşırığını alan kimi durub bir qazan kotlet bişirdim. Axşam gəldi evə. Səhərə yaxın telefonuna zəng gəldi. Qalxıb geyindi, yol çantasını götürdü. Sonra geri dönüb, yatmış uşaqları öpüb-qoxladı. Qapının ağzında əlini kürəyimə vurub : “ Nəsə gözlənilməz bir xəbər olsa, hər şey hazır gələcək. Narahat olma” - dedi. Həmin vaxt dediklərinin fərqinə varmamışdım. Axı bizə deməmişdi ki, döyüşə gedir. Elə bilirdim ki, yenə həmişəki kimi ya təlimə, ya da əməliyyata gedir.


Bir-iki gündən sonra isə belə bir mesaj yazdı mənə: “Günelim, bilirəm, sənə çox yüklənirəm. Həm qadın kimi, həm kişi kimi yüklənmək zorunda qalırsan. Bəlkə də mən yaxşı həyat yoldaşı ola bilmədim. Nə sənin, nə də uşaqların istədiyi kimi qayğınıza qala bilmədim. Sən də sağ ol, ki, bunu problemə çevirmirsən. Çünki sən bir mələksən... Nə isə... Fikir etmə, özünü çox sıxma. Əgər nəsə gözlənilməz bir şey baş versə, bil ki, özümü alçaldacaq heç nəyə yol verməmişəm. Əgər nəsə bir hadisə olsa, sən də qürurunu alçaldacaq heç nəyə yol vermə. Uşaqlara buyur və əxlaqı, tərbiyəni düzgün aşıla. Unutma ki, sən Mehmanın həyat yoldaşı, Məhəmmədin anası, Yunusun qızısan...”.

Şəhidin həyat yoldaşının geniş müsahibəsi

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri Mehman Musa oğlu Yusifov şəhidliyindən sonra da Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı iıə "Vətən Uğrunda" medalı ,"Cəbrayılın azadlığı uğrunda" medalı, "Qarabağ" ordeni , "Zəfər" ordeni ilə təltif edilib.