44 günlük Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına savaşaraq şəhid olan polkovnik-leytenant Əliyev Atəm Vaqif oğlu 1982-ci ildə Ağdaşın Abad kəndində anadan olub. O, həyatının 20 ilini Azərbaycan ordusuna həsr edib.
Vətən müharibəsində taboru ilə birlikdə Murovdağdakı bir çox yüksəkliklərin alınmasında iştirak edib, daha sonra həmin istiqamətdə gedən döyüşlərdə itkin düşüb.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Atəm Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Atəm Əliyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 2021-ci il yanvarın 24-də Ağdaş rayonunda dəfn olunub.
Ailəli və iki övladı var idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Atəm Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Atəm Əliyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.