44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri də Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Elvin Şükürlüdür. O, 1997-ci ildə Cəlilabad rayonunda anadan olub.
Orta təhsilini Cəlilabadın Şiləvəngə kəndində alıb. 2011-2014-cü illərdə C.Naxçıvanskı adına Hərbi Liseydə oxuyub. 2014-2018-ci illərdə isə AAHM-də təhsil alıb və 2018-ci ildə motoatıcı ixtisası üzrə AAHM-i leytenant rütbəsi ilə bitirib. Elə həmin dövrdən 2020-ci il 28 sentyabra qədər Daşkəsəndə N saylı hərbi hissədə tağım komandiri kimi xidmət edib.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində leytenant kimi iştirak edib.
Kəlbəcər istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü. 2021-ci il yanvar ayının 22-də 2-ci Fəxri Xiyabanda dəfn olunub.
Elvinin atası Azad Şəkərov ehtiyyatda olan kapitandır, Qarabağ müharibəsi iştirakçısı və veteranıdır. Qardaşı Elnur Şükürlü isə Azərbaycan Ordusunun zabitidir.
"Sizə həyatımdan danışım... 14 yaşım olanda 2 yol arasında qaldım. 1-ci yol gözəl həyat, rahatlıq və sərbəstlik. 2-ci yol isə ailədən uzaq hərbçi həyatı, zabit olmaq. Şərəfli peşə sahibi olmaq və Vətəni qorumaq. Mən ən alisini seçdim - Vətənimi..."
Bu sözlər həyatının ən gözəl çağında - 23 yaşında vətənin bütövlüyünü canından uca tutaraq onun yolunda şəhadətə ucalan Elvin Şükürlüyə aidddir.
Elvin yeniyetməliyindən hərbçi olmağı qarşısına məqsəd qoyub. Əvvəlcə, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, daha sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə təhsil alıb. Bundan sonra onun ailədən uzaq hərbçi həyatı başlayıb. Elvin müharibədə motoatıcı tağımın komandiri kimi ən ön xəttə xidmət aparıb. Komandası ilə birlikdə əhəmiyyətli yüksəklikləri alıb.
Özü kimi 2 oğlu da hərbçi olan Azad müəllim deyir ki, Elvin onun bacara bilmədiyini bacardı. Vəfa ana isə qoxusuna doya bilmədiyi balası üçün darıxıb göz yaşı tökür. Deyir, balam Vətəni bizdən uca tutdu.
Şükürlü ailəsi Vətən müharibəsinə iki övlad göndərib. Elnur da döyüşlərdə qəhrəmancasına iştirak edib. Qardaşı Elvin ilə də tez-tez telefonla danışırmış. Ancaq sonradan onun şəhid xəbərini alıb. Elvin Kəlbəcər istiqamətində döyüşlərdə şəhadətə ucalıb.
Prezidezident İlham Əliyevin müvafiq Sərəncamları ilə Elvin Şükürlü ölümündən sonra “Rəşadət" orden”, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına" , “İgidliyə görə” medalları ilə təltif edilib.