2021/02/21194-1612351238.jpg

line
Adı: Budaqov
Soyadı: Rəşad
Ata adı: Ramiz
Doğum tarixi: 13.03. 1986
Şəhid olub: 30.09.2020
Rütbəsi: mayor
Təltifləri
«Rəşadət» ordeni«Vətən uğrunda» medalı
Rəşad Budaqov 1986-cı il martın 13-də Yevlax şəhərində anadan olub.Əslən Cəbrayıl rayonundan idi. Ailəli idi. 2 qızı yadigar qaldı.


Azərbaycan Ordusunun mayoru olan Rəşad Budaqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Rəşad Budaqov sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.




Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Budaqov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.




Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Budaqov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.



Vətən müharibəsinin unudulmaz qəhrəmanları, şəhidləri barədə dastanlar yazmaq olar. Onların şücaəti, döyüş meydanında göstərdikləri hünərləri barədə nə qədər danışılsa yenə də azdır.


Bu tarix unudulmamalı, gənc nəsillərə miras qoyulmalıdır. Bu tarixin yazılmasında iştirak edən, Vətəninə layiqli xidmət edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən igidlərimizdən biri də şəhid mayor Budaqov Rəşad Ramiz oğludur.


Yevlax şəhərində anadan olan 34 yaşlı şəhidimiz Vətənini hər şeydən əziz tutub.


2003-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan Rəşad Budaqov təhsilini müvəffəqiyyətlə bitirib, 2008-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb.


Ömrünün 12 ilini xalqına ləyaqətlə xidmət edən mayor Azərbaycanın ordu sıralarında tankçı zabit kimi xidmətə başlayıb.


Azərbaycanın bir çox bölgələrində xidmət aparan R.Budaqov əsasən cəbhə bölgələrində olub. Cəbhənin Füzuli, Ağcabədi, Bərdə, Goranboyda yerləşən hərbi hissələrində bölük komandiri, qərargah rəisi, hərbi hissə komandiri kimi çalışıb.


Hər zaman düşmənlə döyüşə hazır olan şəhidimiz son olaraq Yevlax rayonu N saylı hərbi hissədə briqada komandirinin Maddi Texniki Təminat üzrə müavini vəzifəsində çalışıb.


Onu tanıyanların sözlərinə görə, şəhid mayor çox mərd insan olub. 2016-cı ilin Aprel döyüşlərində iştirak edən R.Budaqov Ağdam istiqamətində gedən döyüşlərdə düşmənin döyüş texnikanlarını sıradan çıxarıb.


İkinci Qarabağ müharibəsi başlayandan ona təhkim edilən taborla Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Talış yüksəkliyinin işğaldan azad olunmasında böyük rolu olub.


Ağır döyüşlər zamanı ilk günlərdən yaralanan şəhid mayor yaralı olmasına rəğmən silahdaşlarını tək qoymayıb. Həkimlər ona bu vəziyyətdə döyüşməsinin təhlükəli olduğunu desələr də həkimlərin təkidinə baxmayaraq, R.Budaqov yenidən döyüşlərə qatılıb.


Talış kəndi istiqamətində döyüşlərdə növbəti dəfə ağır yaralanan Rəşad Budaqovun həyatını bu dəfə xilas etmək mümkün olmayıb. O Vətən müharibəsində xalqına xidmətini şərəflə yerinə yetirərək, ali zirvəyə, şəhidlik zirvəsinə ucalıb.