Ailə vəziyyəti ilə əlaqədar uşaq ikən Naxçıvan şəhərinə köçüblər. 2004-cü ildə Naxçıvan şəhər Cəlil Məmmədquluzadə adına 2 nömrəli tam orta məktəbin birinci sinfinə gedib. 8-ci sinfi bitirdikdən sonra Emin Sadiqov 2012-ci ildə Heydər Əliyev adına Hərbi liseyinə qəbul olub və 3 il burada təhsil alıb. 2015-ci ildə Naxçıvan Bakıya, hərbi sənətinin dərinliklərinə yiyələnmək üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2019-cu ildə AAHM-dən məzun olan Emin Qazax rayonuna təyinat alıb.
İkinci Qarabağ Savaşına leytenant Sadiqov Füzuli istiqamətində qoşulub. 26 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. 30 oktyabr 2020-ci ildə doğulduğu Şahbuz kənd məzarlığında dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş leytenant Sadiqov Emin Rəşadət oğlu ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 18 dekabr tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə” medalı, Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 25 dekabr tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Ey nur üzlü, Vətən sevdalı, zəfər müjdəli, qələbə əzmli şəhidim, 22 illik ömür kitabını vərəqləmək, səni daha yaxından tanımaq üçün ailəni ziyarətə gəlmişəm. Budur, uğuruna canını fəda etdiyin, azadlığına qovuşan torpaqlarımız üzərində vüqarla, təntənə ilə dalğalanan üçrəngli bayrağımızla bəzənən 1998-ci ildə iyulun 21-də dünyaya göz açdığın Şahbuzkənddəki evin kandarı. Böyük həyəcan, məsuliyyət içərisində ehmalca döyürəm qapını. Qarşılayır məni qürur, fəxarət yaşatdığın, “Şəhid anası” adlı müqəddəs zirvəyə ucaltdığın xanım...
Nigaran nəzərlə baxır qapıya,
Könlümü dağlayır şəhid anası.
Dağ boyda bu yükü çiyinlərində,
Şərəflə saxlayır şəhid anası.
Əziz şəhidim, hər küncü-bucağı, divarları, əşyaları səninlə bağlı şərəfli anlar, həsrətli günlər, doğma, əziz xatirələrlə dolan evin tən ortasında qoyulmuş stol başında əyləşib bir nənə, bir ana, bir də mən. 22 illik ömür kitabını vərəqləyirik bir-bir. Nələr var bu səhifələrdə nələr. Nə bir məqaləyə sığar, nə də danışmaqla bitər, şərəfli, ləyaqətli, cəsarətli ömür yolun. Xatirələr dil açıb danışır. Deyir rəhmətlik atanın ən böyük arzusu imiş səni hərbi formada, rütbəli zabit kimi görmək. Hələ sən balaca olanda, həyatı tam dərindən dərk etmədiyin vaxtlarda əlindən tutaraq yolunuzu tez-tez Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyin qarşısından salar, bir növ kənardan da olsa səni gələcək məktəbinlə tanış edərmiş. Dost-tanışla söhbətində qürurla “Gözümün ağı-qarası olan bircə oğlumun böyüyəndə hərbi liseydə oxumasını istəyirəm, Emin balam hərbiçi kimi yetişib torpaqlarımızın keşiyində mətinliklə dayanacaq, atasının, anasının fəxrinə çevriləcək”, – söyləyərmiş...
Deyirlər hər kəsin taleyi alnına yazılır, alın yazısından qaçmaq olmaz. Bəli əziz şəhidim, sənin də alnına hərbçi olmaq, atanın arzusunu gerçəkləşdirmək yazılmışdı. Hələ keşməkeşli günlərin isə qabaqda idi, bu şərəfli peşəyə gedən yolda çox çətinliklərə sinə gərməli, çox maneələr aşmalı olacaqdın. Ancaq içindəki Vətən sevgisi, vətənpərvərlik ruhu səni bu yolun son dayanacağınadək aparacaqdı. 11 yaşın olanda üç nəfərdən ibarət ailəniz daha da kiçildi. Atan dünyasını dəyişdi. Gülşad xanım min bir əziyyətə qatlaşaraq qazandığı halal məvacibi ilə böyütdü səni. Bir-birinizə həm ana-oğul, həm də sirdaş, dost, həmdəm oldunuz. Olub-keçənləri bir-birinizdən gizli saxlamaz, dərd-sərinizi bir yerdə bölərdiniz. Bax beləcə birlik, bərabərlik göstərərək həyatın çətin sınaqlarından üzüağ çıxmağı bacardınız. Məktəbi əla qiymətlərlə oxudun. Müəllimlərinin, şagird yoldaşlarının yaddaşında mehriban, səmimi, dostcanlı, ailə qədri bilən bir uşaq kimi dərin iz buraxdın. İdmana da xüsusi maraq göstərdin, güləş, boks öyrəndin, fiziki qabiliyyətini möhkəmləndirdin. Və nəhayət 9-cu sinifdə özünün də böyük maraq və həvəsinlə atanın çoxdanki arzusunu reallığa çevirməyi qarşına məqsəd qoydun. Yolunu hərbi liseydən saldın, ardınca da Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini oxudun. 2019-cu ildə bacarıqlı hərbiçi kadr kimi yetişib leytenant, tağım komandiri olaraq xidmətə yollandın. Təyinatı isə yaşadığın evdən çox uzağa-Qazax rayonunda yerləşən “N” hərbi hissəyə aldın. Əvvəllər iş üçün ikicə saatlıq harasa yollandığında 3-4 dəfə zəng vurub hal-əhval tutduğun, bir gün belə ayrı qala bilmədiyin anandan indi uzun zaman ayrı qalmalı olacaq, bəzən günlərlə əlaqə saxlaya bilməyəcəkdin. Ancaq bütün bunları əvvəlcədən götür-qoy etmişdin, bir anandan ayrı qalsan da, digərinə-anan qədər sevdiyin Vətəninə daha yaxın olacaqdın. Bu şərəfli səfərə çıxanda bu günü düşünüb dediyin sözlər hələ də Gülşad ananın qulaqlarında çınlayır. “Ana, sənin mənim üzərimdə əziyyətlərin çox olub, borcunu heç nə ilə ödəyə bilmərəm, ancaq gün gələcək sənə oğul fəxarəti, qüruru yaşadacağam”, – demişdin. Əhdinə xilaf çıxmadın...
Əziz şəhidim, sentyabrın 27-də başlanan haqq-ədalət savaşında sən də iştirak etməyə can atırdın, elə ilk gündən digər vətənpərvər oğullar kimi döyüşə könüllü getmək üçün yuxarı komandirinə müraciət etmişdin. Nəhayət ki, oktyabrın 11-i gözlədiyin məqam yetişdi. Əsgərlərinlə birgə Füzuli istiqamətində gedən döyüşlərə atıldın. Elə həmin gün evə zəng edəndə, ana, çox şükür istəyimə çatdım, döyüş bölgəsinə yollanıram, nənəmə də salam söylə, özünüzdən muğayət olun, bizə dua edin-dedin. Ardınca isə uşaqlıqda söylədiyin o sözləri yenidən təkrarladın: Ana, hər zamankı kimi bütün xəbərlərimi birinci məndən eşidəcəksən. İnşallah torpaqlarımızın azad olmasının müjdəsini də tezliklə sənə verəcəyəm. Əziz şəhidim, bu sözləri deyəndə nə biləydin ki, 44 gün davam edən Vətən müharibəsinin cəmi 15 günü sənin qismətinə yazılıb. Bu müddət ərzində imkan olduqca anandan hal-əhval tutmağa çalışırdın. Oktyabrın 26-sı səhər saatlarında yenə Gülşad anaya zəng gəlmişdi səndən. Budəfəki telefon görüşü əvvəlkilərdən tamamilə fərqlənirdi. Bəli, uca Yaradan sonuncu dəfə ana və oğula bir-birlərinin səsini eşitməyə icazə verirdi. Çox qısa çəkən telefon söhbətində yenə adətin üzrə: "ana, məndən nigaran qalma hər şey yaxşıdır, salamatam, Ordumuz irəliləyir, tezliklə zəfər çalacağıq", - dedin. Bəli, Müzəffər Ordumuzun Böyük zəfərinə sayılı günlər, sənin şəhadətinə isə saatlar qalırdı...
Əziz şəhidim, belə bir müdrik deyim var: qəhrəman doğulmurlar, qəhrəman olurlar. Qəhrəmanı yaşadığı zaman, ətrafında cərəyan edən hadisələr, malik olduğu xarakter, ən başlıcası, Vətənə bağlılıq, doğma yurda sevgi hissləri formalaşdırır. Sən də belə qəhrəmanlarımızdan oldun. Və gün gəldi, zaman yetişdi ürəkli şəkildə, qorxmadan, düşmənin üzərinə yeriyib kürəyindən deyil, ürəyindən güllə yarası alaraq şəhidlik məqamına ucaldın. Böyük Qələbəmizə, zəfər yürüşümüzə öz imzanı atdın, xalqımızın qəlbində əbədiyyət məşəli yandırdın, rəşadət, ləyaqət taxtı qurdun. Ancaq hələ missiyan bitməmişdi. Anana şəhid olmağınla bağlı xəbəri verməli idin. Axı özün Gülşad anaya hər söhbətində mənim haqqımda xəbəri hər zaman ilk olaraq məndən eşidəssən-deyirdin...
Oktyabrın 28-i. Səhər saatlarıdır. Gülşad ana ötən gün Prezident cənab İlham Əliyevin verdiyi növbəti qələbə müjdəsi ilə sevincək halda, ürəyindəki “Tezliklə ordumuz qələbə çalsaydı, həm torpaqlarımızın hamısının azadlığını, həm də övladımı görərdim” arzusu ilə evdən çıxıb işə yollanır. Adəti üzrə yenə kəndin mərkəzində dayanan marşrut avtobusuna əyləşir. Yolun yarısında marşrut sürücüsünün telefonuna zəngi gəlir. Zəng edən şəxs Gülşad ananın qohumu olduğunu bildirərək sürücüdən onu evə geri göndərməsini xahiş edir. Avtobus dayanır. Sürücünün sözlərindən ürəyinə böyük xof və həyəcan düşən ana yoxsa, oğlum Emindən xəbərmi var?, -deyir. Ancaq sürücü narahatlığa heç bir əsasın olmadığını bildirərək onu geri qayıtmağa razı salır. Evə böyük təlaş içində dönən Gülşad ananı qohum-qonşu, Emin yüngül yaralanıb xəstəxanaya yerləşdiriblər, deməklə toxtaxtlıq verməyə çalışırlar. Deyirlər, övlad dara düşəndə, başına bir iş gələndə ananın ürəyinə mütləq damır. Gün ərzində heç bir başqa məlumat ala bilməyən Gülşad ananın da ürəyinə dammışdı, övladı ilə bağlı nə isə bəd xəbərin gələcəyini hiss etmişdi. Bunun üçün də mobil və ev telefonunu söndürür, beyninə dolan qara fikirlərlə evdə aşağı-yuxarı var-gəl edir. Axşam saatlarında yorğunluqdan başını yastığa qoyur və yuxusuna övladı Emin qonaq gəlir:
-Ana, telefonları niyə söndürmüsən?
-Ana qurban, sənin ölüm xəbərini eşitməkdən qorxdum.
-Ana, mən ölməmişəm, mən şəhid oldum, başını dik tut, ağlama. Yadında, sənə demişdim ki, mənim üzərimdə əziyyətlərin çox olub, borcunu heç nə ilə ödəyə bilmərəm, ancaq gün gələcək sənə oğul fəxarəti, qüruru yaşadacağam. Gün həmin bu gündür. Fəxr elə ki, sənin oğlun canı qədər sevdiyi Vətən, torpaq yolunda qurban oldu, İnşallah mən bitirə bilməsəm də, yarımçıq qalan haqq işimizi Müzəffər Ordumuz tamamlayacaq.
Ey əziz şəhidim, yəqin çoxdan xəbərin var ki, sənin şəhadətindən günlər sonra 30 illik həsrətimizə son qoyuldu, Müzəffər Ordumuz Böyük Qələbə qazandı, qanın yerdə qalmadı, qisasın alındı. Hələ sənə 3 dənə də müjdəli xəbər verim: Şəhadətindən sonra Prezidentimiz cənab İlham Əliyev müvafiq sərəncamlarla səni “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif etdi. Yüzlərlə vətənpərvər oğullarımız kimi sən də qəhrəmanlıq dastanı yazmaqla həm xalqımızın könlündə əbədi taxt qurdun, həm də ananı hər kəsin, qohum-əqrəbanın, iş yoldaşlarının arasında başıuca etdin. Əsgərlərin, hərbiçi yoldaşların anana igidliyin, mərdliyin haqqında o qədər dəyərli, gözəl sözlər yazıblar ki, oxuduqca qürurlanmamaq, fəxarət duymamaq mümkün deyil. Gülşad anadan qətiyyən nigaran qalma, qüdrətli dövlətimiz onun firavan yaşayışı üçün nə lazımsa edəcək. İndi o təkcə sənin deyil, damarında azərbaycanlı qanı axan bütün övladların, mənim, bizim, hər birimizin anasıdır. Şəhadətin mübarək Şəhidim!...
Nail ƏSGƏROV