Uşaqlıqdan həkim olmaq arzusunda olan Rəşad 92-ci illərdə öz evindən- Laçından çıxarkən hələ 13 yaşı vardı. Qarabağ müharibəsinin canlı şahidi olan Rəşad Xocalı hadisələrini gördükdən sonra fikrini dəyişib və hərbiçi olmaq qərarına gəlib. Hərbi Ali Məktəbə qəbul olub, təhsil alıb və zabit kimi təhsilini başa vurub. Zabitimiz öz hərbi həyatına Naxçıvan Muxtar Respublikasında başlayıb. Məğrur zabitimiz hər zaman öz igidliyinə görə seçilib. Leytenant olduğu zamanlar Naxçıvan MR– nın Şahbuz şəhərində düşmənlə təmas xəttində xidmətə keçib. Gənc zabitimizin tabeliyində olan əsgərlər daima onu öz dostları kimi görər, sevib hörmətini saxlayardılar. 1999-ci illərdə xidmətdə olduğu zaman Leytenant Sadıqovun döyüş postunda olan bir əsgəri mənfur düşmən tərfindən vurulub və şəhid olub. Komandiri onun qisasını almağı özünə borc bilib. Günlərlə özü snayper silahı ilə həmən posta çıxıb və müşahidə aparıb. Bir neçə gün sonra gənc zabit öz istəyinə çatıb, erməni dığasını öldürüb və müşahidəyə davam edib, erməni leşini çıxarmağa gələn digər erməni dığasını da öldürüb. Bu hadisədən sonra Leytenant Sadıqov Fəxri Fərmanla mükafatlandırılıb.
2004-cü il 7 dekabr tarixində öz kursantlarına yolu keçirən Kapitan Sadıqov onları qorumaq üçün yüksək sürətlə gələn, idarəetməni itirən maşının qarşısına özünü atıb. Ağır avtoqəza keçirən zabitimiz uzun müddət komada qaldıqdan və ağır əməliyyatlardan sonra kəllə-beyin sümüyündən 27 mm uzunluğunda sümük çıxarılıb. Bu ağır qəzaya baxmayaraq o hərbidən ayrılmayıb, sağalıb və işinə davam edib. Çünki onun bir məqsədi vardı- Laçına qayıtmaq. İgidliyin zamanı, vaxtı və günü olmur. Çünki gündüz və gecəsi olmadan Vətəninə və xalqına xidmət etməyi özlərinə amal olaraq seçir orduda xidmət edən igidlərimiz. Polkovnik – leytenant Rəşad Sadıqov bir il əvvəl (22.04.2019) Goranboy rayonunun Yuxarı Ballıqaya kəndində kasıb bir ailənin evində baş verən yanğının söndürülməsində böyük şücaət göstərib. FHN Yanğınsöndürmə xidməti gələnə qədər şəxsi heyəti yanğını söndürməyə kömək üçün hadisə yerinə cəlb edib. Bir müddət sonra evdə körpə uşaq olması haqqında məlumat gəlib. Bunu eşidən komandir əsgərlərini təhlükəyə atmamaq üçün özü şəxsən evə daxil olub. Alovların arasında qalmış, ağlayan körpənin həyatını xilas edib. Fövqəladə Hallar Nazirliyi bu qəhrəmanlığına görə Polkovnik-leytenant Rəşad Sadıqova fərqlənmə medalı verərək onu təltif edib. Qəhrəmanımız daha sonra həyatını xilas etdiyi körpənin gələcəyini də xilas edərək onu himayəyə götürmək istəyib. Bütün təhsil xərclərini qarşılamaq qərarına gəlib. Təəssüf ki, şəhidimizin seçdiyi həyat yolu buna imkan verməyib. Ona “General” olmağı arzulayanda həmişə “General olmaq istəmirəm, daha uca zirvə var, onun arzusundayam”- deyib. Vətən müharibəsi zamanı Gəncə şəhərində yerləşən N saylı hərbi hissənin Təlim-tərbiyə işləri üzrə müavin olmasına və keçirdiyi əməliyyatlara baxmayaraq özü könüllü olaraq döyüşlərdə iştirak edib. Şəhadətindən bir necə gün əvvəl öz yaralı komandirini səngərdən çıxardaraq həyatını xilas edib. O komandir də onun dəfnində iştirak edib. Sadıqov Rəşad öz əsgərlərinə bütün əməliyyatlarda “irəli” yox “ardımca” komandası verirdi. Nihat və Nuray adlı iki gözəl övladı olan qəhrəmanımız ailəsi ilə ən son danışığında Laçında Həkəri çayında əl-üzünü yuduğunu və çox xoşbəxt olduğunu deyib. Bir müddət sonra isə ailəsinə qəhrəmanımızın şəhid olması xəbəri gəlib.
Laçınlı polkovnik– leytenant Sadıqov Rəşad Xanlar oğlu 2020-ci il oktyabrın 30-da doğulduğu Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəmkir rayonunun Çaparlı kəndində dəfn olunan şəhidimizin şəhadətindən 13 gün sonra atası onun ağrı-acısına dözməyib və dünyasını dəyişib.