1993-cü il aprelin 6-dan həqiqi hərbi xidmətə çağrılaraq Ağdamda yerləşən N saylı hərbi hissədə xidmətə başlayıb, 1994-cü il noyabrın 29-da kiçik gizir hərbi rütbəsi alaraq hərbi hissədə motoatıcı bölüyün baş çavuşu vəzifəsinə təyin edilib. 1995-ci ilin oktyabrından hərbi hissədə inzibati təsərrüfat hissəsi rəisi, 1996-cı ilin noyabrından hərbi hissədə kadrlar və nizami bölmənin məsul icraçısı vəzifələrində xidmət edib. Xidmət müddəti başa çatdığı üçün 2002-ci ilin mart ayında hərbi xidmətdən ehtiyata buraxılıb. 2007-ci il iyunda Müdafiə nazirinin əmrinə əsasən, yenidən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılıb, döyüş bölgəsində yerləşən müxtəlif hərbi hissələrdə xidmət göstərib.
Müxtəlif hərbi hissələrdə şəxsi heyət bölməsi rəisinin köməkçisi vəzifəsində xidmət edib. 2017-ci ildən 2020-ci ilin oktyabr ayının 22-nə qədər mühəndis istehkam bölüyünün baş texniki vəzifəsində xidmət edib. 2016-cı il oktyabr ayının 18-də gizir Yasən Əhmədova baş gizir rütbəsi verilib. Xidmət etdiyi dövrdə
"Qüsursuz xidmətə görə" III dərəcəli ,
"Qüsursuz xidmətə görə" II dərəcəli ,
"Qüsursuz xidmətə görə" I dərəcəli ,
"Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley,
"Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley və
"Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edilib.
Müxtəlif hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmət edən baş gizir Yasən Əhmədov xidməti dövründə öz peşəkarlığı, etibarı ilə hər kəsin sevimlisi olub, dəfələrlə komandanlıq tərəfindən medal və fəxri fərmanla təltif olunub. Əfsanəvi "Murov Qartalı" ləqəbli Raquf Orucovun yaxın dostu, silah yoldaşı idi. 2017-ci ilin iyun ayından mühəndis istehkam bölüyünün baş texniki vəzifəsinə təyin olunaraq xidmətini "N" saylı hərbi hissədə davam etdirib. 27 sentyabr 2020-ci il tarixindən başlayan və 44 gün davam edən II Qarabağ müharibəsində baş gizir Yasən ön xəttə yollanaraq ağır döyüşlərdə iştirak edib. Suqovuşan və Talış istiqamətində gedən şiddətli döyüşlərdə böyük şücaət və qəhrəmanlıqlar göstərib.
Qəhrəman Yasən bir neçə yaralı hərbçilərimizi döyüş meydanından çıxarmaqla itkilərimizin çox olmamasına səbəb olub. Bununla yanaşı bir neçə şəhidimizin nəşini də döyüş meydanından çıxarıb. Qəhrəman gizir oktyabr ayının 9-da Talış yüksəkliyində yaralanıb. Naftalan Mərkəzi Xəstəxanasına gətirilərək orada əməliyyat olunub. Orada əməliyyat olunduqdan sonra Gəncə Şəhər Mərkəzi xəstəxanasına gətirilib. Vəziyyəti ağır olduğundan daha sonra oradan Bakı şəhərinə, "Yeni Klinika"ya gətirilirb. 13 gün komada yatan baş gizir Yasən Əhmədov ayın 22-də şəhadətə ucalıb. Şəhidin nəşi Mingəçevir şəhərinə gətirilib və orada yerləşən "Şəhidlər Xiyabanı"nda böyük izdihamla torpağa tapşırılıb. Şəhidimiz ailəli idi, ondan 2 oğlu -Yunis və Yelmar adlı övladları xalqımıza əmanət qalıb.
Şəhidin həyat yoldaşının dediklərinə görə, "Yasən 25 il şərəflə Azərbaycan Ordusunda xidmət etmişdir. Onu Azərbaycanda çox az adam olar ki, tanımasın. Öz etibarı, sədaqəti, hərbi savadı və peşəkarlığı ilə hərbçilər arasında xüsusi hörmət sahibi idi. Ləqəbi "Hərbinin arxivi" idi. Bütün bunlarla yanaşı, Yasən vətənpərvərliyi ilə də hər kəsə örnək olacaq biri idi. Çox təəssüf ki, torpaqlarımızın işğaldan azad olunduğunu bilmədən şəhid oldu. Halbuki ən çox haqqı olanlardan biri idi. Çünki 1992-ci ildən bəri azadlığı görmək ümidi ilə yaşayırdı. O, bu vətənpərvərliyini ailəsinə, övladlarına da aşılamışdı. Onun tanınmasını, unudulmamasını istəyirik. Cəmiyyətimizin belə insanları tanımasına ehtiyac böyükdür".
Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Ağdam rayonunun Kosalı kəndində anadan olan baş gizir Yasən Yelmar oğlu Əhmədov ölümündən sonra
"Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, Yasən Əhmədov ölümündən sonra
"Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.