Qırx dörd gün davam edən Vətən müharibəsində salyanlı həmvətənlərimiz də böyük hünər göstərərək adlarını hərb tariximizə qızıl hərflərlə yazıblar. Tarix yazan qəhrəmanlarımızdan biri də müharibənin odlu-alovlu günlərində sinəsindən qəlpə yarası alaraq şəhid olan mayor Vidadi Əhmədovdur.
Hər kəsin bir həyat hekayəsi var. Kimisi öz hekayəsinin qəhrəmanı olur, kimisi də bütün el-obanın. Şəhid mayor Vidadi Əhmədov da el qəhrəmanı olaraq yaddaşlara köçdü.
Vidadi Əhmədov 1979-cu il iyulun 12-də Salyan şəhərində anadan olub.. Atası Murad kişi rayonun ən hörmətli taksi sürücülərindən biri olub. Anası Bağdagül isə evdar qadın olub. Hər ikisi bir neçə il əvvəl dünyasını dəyişib. Şəhidin qardaşı Xəqani Əhmədov
Vidadigil ailədə 2 qardaş , bir bacı olublar. Qardaşı Xəqani Əhmədov da hərbçi olub, mayor rütbəsində ehtiyata buraxılıb. Bacısı Nuranə Hacıyeva Salyan şəhərindəki 2 saylı orta məktəbdə müəllimə işləyir.
Vidadi Əhmədov 1996-cı ildə Salyan şəhərindəki 1 saylı orta məktəbi bitirib. Elə həmin ildə də H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Hərbi tədris müəssisəsini 2000-ci ildə zirehli tank və avtomobil texnikasının istismarı ixtisası üzrə mühəndis kimi bitirib. 2000-2002-ci illərdə zabit kimi Murovdağda xidmət edib. Gənc zabit Vidadi Əhmədov 2002-2005-ci illərdə İraqda sülhməramlı qüvvələrin sıralarında xidmətdə olub. 2005-2011-ci illərdə Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində kapitan rütbəsində bölük komandiri kimi qulluq edib. 2011-2014-cü illərdə Ali Hərbi Məktəbdə müəllim işləyib. 2014-2016-cı illərdə Tərtərdəki hərbi hissələrdən birində komandirin şəxsi heyətlə iş üzrə müavini olub. Aprel döyüşlərində iştirk edib. 2014-cü il yanvar ayının 1-də 20 il qüsursuz xidmətinə görə ehtiyata buraxılıb. Mayor Vidadi Əhmədovun Silahlı Qüvvələrin sıralarında qüsursuz xidməti layiqincə qitmətləndirilib, dəfələrlərlə medallarla təltif olunub. Son vaxtlar Salyan peşə liseyində texniki işçi kimi işləyirmiş.
2-ci Qarabağ müharibəsi başladıqdan sonra 29 sentyabr tarixində könüllü səfərbərlik çağrışı ilə döyüşlərə qatılıb. Füzuli istiqmətində gedən ağır döyüşlərin iştirakçısı olub. Belə döyüşlərin birində ondan 100 metr aralıya düşmüş top mərmisinin partlayışı nəticəsində sinəsindən aldığı qəlpə yarasından şəhid olub.
Şəhid mayorun həyat yoldaşı Zəhra xanım ali təhsilli müəllimədir, Bakı Dövlət Unversitetinin mexanika-riyaziyyat fakultəsini bitirib.Əvvəllər Salyan şəhərindəki 3 saylı orta məktəbdə müəllimə işləsə də , sonralar hərbçi olan həyat yoldaşının iş yeri ilə əlaqədar Bakıya köçüblər. Həmin vaxtlar Zəhra xanım Naxçıvanski adına Hərbi Məktəbdə informatika müəllimi işləyib. Hazırda isə Salyan peşə liseyinin müəllimidir.
Zəhra Əhmədva Vətən torpaqlarının azadlığı uğrunda canından keşmiş həyat yoldaşı haqqında xatirələrini danışır: “Vidadi çox intizamlı adam idi. Bu intizamı hətta ailəyə belə gətirimişdi. Ailədə çox gülərüz və mehriban idi. İki qızımızı-Yasəmən və Gülü birlikdə “güllərim” deyə çağırardı. Vətənpərvər, Vətəni canından belə çox istəyən hərbçi idi. Uşaqları da vətənpərvərlik ruhunda tərbiyə edirdi. Uşaqlar ataları ilə yalnız bəli-xeyrlə danışardılar. Ətrafda baş verənlərə çox soyuqqanlı görünməyə çalışsa da bir dəfə evə gəlib hönkür-hönkür ağlamışdı. Dostu general Polad Həşimov şəhid olmuşdu o gün... Oktyabr ayının 5-də zəng vurub dedi ki, “məndən bir müddət xəbər olmasa, narahat olma-irəliyə gedirik”. Mənə həmişə deyirdi ki, “sən qorxma-düşmən məni nə üzbəüz, nə də snayperlə vura bilməz. Məni yalnız onda vura bilərlər ki, göydən yanıma nəsə atsınlar...”. Elə belə də oldu...Vidadi düşmənin top atəşi nəticəsində oktyabr ayının 8-də şəhid oldu. Canından artıq sevdiyi torpağa isə oktyabr ayının 12-də tapşırıldı.
Birgə arzularımız çox idi, qismət olmadı.Vətən sağ olsun...”.
Şəhidin bacısı Nuranə Hacıyeva vurğulayır ki, Vidadi uşaqlıqdan mərd, qorxmaz, igid idi. “Mən hər zaman onunla fəxr etmişəm. Bu gün də onun şəhidliyi, o zirvəyə yüksəlməsi ilə qürur duyuram”, - deyə o qeyd edib.
Şəhidin qızı Yasəmən Əhmədova atası haqqında danışarkən deyib: “Bizim vətənpərvər vətəndaş olmağımız üçün əlindən gələn hər şeyi edirdi. Düzdür, nə qədər kövrəlsək də onunla fəxr edirik, qürur duyuruq. Prezidentimiz, ordumuz, atam kimi qeyrətli hərbçilərimiz sayəsində indi torpaqlarımız azaddır. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Qarabağ Azərbaycandır!”.