Qaflanov Şıxamir Oruc oğlu 1986-cı il dekabrın 7-də Zaqatala rayonunun Üçüncü Tala kəndində anadan olub. O, orta təhsilini kənd məktəbində alıb. 2005-2006-cı illərdə Daxili Qoşunların Gəncə şəhərindəki hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində həqiqi hərbi xidmət keçib. Tərxis olunduqdan bir müddət sonra - 2007-ci ilin aprelində yenidən ordu sıralarına qayıdaraq, Daxili Qoşunların müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Vətənə borcunu şərəflə yerinə yetirməyə başlayıb.
Şixamirin ən böyük arzusu zabit kimi Vətəninə xidmət etmək olub. Məhz bu arzu ilə 2008-ci ildə Daxili Qoşunların zabit hazırlayan Orta İxtisas Hərbi Məktəbinə daxil olan Şixamir 2010-cu ildə bu hərbi təhsil ocağını müvəffəqiyyətlə bitirərək, leytenant hərbi rütbəsi alıb. Zabit kimi ilk olaraq Daxili Qoşunların Zaqatala rayonunda yerləşən “N” saylı hərbi hissəsində fəaliyyətə başlayan Şixamir 2012-ci ilin oktyabrınadək burada müxtəlif bölmələrin tərkibində taqım və qrup komandiri vəzifələrində xidmət edib.
Yüksək çalışqanlığı, bilik və bacarığı sayəsində qısa müddətdə hərbi hissə komandanlığının etimadını qazanmağa müvəffəq olub. Xidmət etdiyi dövrdə yüksək döyüş hazırlığı və nümunəvi xidməti ilə fərqlənən mayor Şixamir Qaflanov 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” , 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” , eləcə də “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalları ilə təltif edilib.
Şixamir Qaflanov xidmət etdiyi dövrdə iki dəfə - 2012-ci ilin oktyabrından dekabrınadək və 2019-cu ilin fevralından iyununadək qardaş Türkiyə Respublikası Jandarm Baş Komandanlığının Jandarm Komando məktəbləri və Təlim Mərkəzi Komandanlığında müvafiq olaraq “Zabit komando təməl kursu” və “Jandarma komando ixtisas kursu”nda təhsilini davam etdirib.
Vətən qarşısında müqəddəs borcunu şərəflə yerinə yetirən zabit və qeyrətli Azərbaycan vətəndaşı kimi, Şixamirin ən böyük arzusu işğal altındakı torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyünün bərpası idi. O, hərbi anda sadiq qalan vətənpərvər, mərd bir hərbi qulluqçu kimi, ən böyük arzusunun çin olması üçün qanından və canından keçməyə hər zaman hazır idi və keçdi də...
Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən başlanan Vətən müharibəsinin ilk günlərindən mayor Şixamir Qaflanov komandiri olduğu və qoşunların “Bəbir” şərti adı verilmiş xüsusi təyinatlı dəstəsinin mərd hərbi qulluqçuları ilə birgə cəbhənin müxtəlif istiqamətlərində erməni terrorçularının başına od-alov yağdırdı. Oktyabrın 19-da Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdən biri Şixamirin sonuncu döyüşü oldu. Baş vermiş bu qanlı döyüşdə o, tabeliyində olan cəsur silahdaşları ilə birgə ermənilərin xeyli sayda canlı qüvvəsini və hərbi texnikasını məhv edərək, mühüm strateji mövqeləri azad edib. Lakin acı məğlubiyyətlə barışmaq istəməyən düşmən digər yüksəkliklərdə yerləşən postlarından itirdikləri mövqeləri snayperlərdən, iriçaplı silahlardan və minaatanlardan güclü atəşə tutub. Şiddətli döyüşlərin gedişində düşmən snayperinin açdığı atəş nəticəsində baş nahiyəsindən ağır yaralanan mayor Şixamir Qaflanov gözlərini yumaraq əbədi ölümsüzlüyə - şəhidlik zirvəsinə yüksəlib.
Bu döyüşdə qəhrəman komandirlə birgə onun tabeliyində xidmət edən Daxili Qoşunların “N” saylı hərbi hissəsinin digər üç nəfər cəsur hərbi qulluqçusu – baş çavuş Mehdiyev Surxay Zülfi oğlu, baş çavuş Məmmədov Sahib Yaşar oğlu və çavuş Ələsgərzadə Sənan Muxtar oğlu da son damla qanlarınadək vuruşaraq şəhid olublar.
Mayor Şixamir Qaflanov oktyabrın 24-də Zaqatala rayonunun Üçüncü Tala kənd qəbiristanlığında dəfn olunub. O, evli idi və Mədinə adlı qız övladı xalqımıza əmanətdir.
Şixamirin böyük qardaşı Asif Qaflanov Birinci Qarabağ müharibəsi qazisidir. Xocavənd istiqamətində gedən döyüşlərdə yaralanan Asif ikinci qrup müharibə əlilidir.
Qəhrəman zabitimizin digər qardaşı, vaxtilə Daxili Qoşunların sıralarında xidmət edən və hazırda Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayında xüsusi vasitələr xidməti rəisi, polis mayoru Qurban Qaflanov Şixamirin Müzəffər Ali Baş Komandanın torpaqlarımızın işğaldan azad edilməsi uğrunda verdiyi döyüş əmrini böyük sevinc və ruh yüksəkliyi ilə qarşıladığını deyir: “Şixamir mənim üçün təkcə qardaş deyil, həm də bir dost, sirdaş idi. Hər bir dərdini mənimlə bölüşərdi. Cəbhəyə yollananda da evdəkilər nigaran olmasın deyə bu barədə yalnız mənə bildirmişdi...”
Daxili Qoşunların “N” saylı hərbi hissəsində xüsusi təyinatlı dəstə komandirinin tərbiyə işləri üzrə müavini, “Qarabağ” ordeni, “Şücaətə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş mayor Elşən Məmmədov da vaxtilə birgə xidmət etdiyi dəstə komandiri haqqında ancaq xoş sözlər danışa biləcəyini deyir: “Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq Vətən müharibəsində dəstəmizin 6 hərbi qulluqçusu şəhid olub. Onlardan biri də dəstə komandirimiz mayor Şixamir Qaflanovdur. Bir insan kimi də çox gözəl xasiyyəti vardı. Tabeliyində olan elə bir hərbi qulluqçuların problemləri ilə maraqlanardı, hər zaman şəxsi heyətin qayğısına qalardı. Şəhid olma xəbərini eşidəndə inanmadım. Elə indi də inanmağım gəlmir... Allah ona və bütün şəhidlərimizə rəhmət eləsin!”
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının 4 hərbi qulluqçusundan biri şəhid mayor Qaflanov Şixamir Oruc oğludur.
Azərbaycan Prezidentinin digər sərəncamları ilə mayor Şixamir Qaflanov (ölümündən sonra) “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə də təltif edilib.