Vüsal Muradov 3 fevral 1985-ci ildə Cəlilabad rayonu Babaxanlı kəndində anadan olub. Vüsal müddətdən artıq xidmət etmək üçün TTM-də piyada döyüş maşının müxanik-sürücü kursunu bitirdikdən sonra 2007-ci ildən MAXHQ kimi xidmətini davam etdirib.
O, 2016-cı ildə aprel döyüşlərində Lələtəpənin alınmasında fəal iştirak edib. Nümunəvi xidmət edib əsgər və zabit heyətinin rəğbətini qazanan Vüsal Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 90və 100 illiyi medalları ilə təltif olunub.
Şəhidimiz ailəli idi. Vüsalə, Yusif, Qəmər və Natiq adllarında 4 övladı Vətənə əmanət qalıb.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Vüsal Muradov Füzulinin azad edilməsində savaşıb. Vüsal Muradov 2020-ci il 28 sentyabr tarixində Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Cəlilabadda dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Muradov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Muradov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.