2021/01/img-2-9659596386.jpg

line
Adı: Gözəlov
Soyadı: Xalid
Ata adı: Həsən
Doğum tarixi: 04.11.1996
Şəhid olub: 27.09.2020
Rütbəsi: Baş leytenant
Təltifləri
«Vətənə xidmətə görə» ordeni«Vətən uğrunda» medalı«Qubadlının azad olunmasına görə» medalı
Xalid Həsən oğlu Gözəlov 1996-cı il, noyabrın 4-də Biləsuvar rayonun Aşağı Cürəli kəndində anadan olub. Gözəlovlar ailəsinin üç oğul payının ortancılı idi. O, 2002-ci ildə Zaqatalada 2 saylı orta məktəbin 1-ci sinfinə gedib. Atasının işi ilə əlaqədar daha sonra təhsilini Biləsuvarda davam etdirib. 2012-ci ildə Oktay Babayev adına orta məktəbdən məzun olub. 

Qardaşı Davud Gözəlov deyir ki, Xalid mehriban, dözümlü, səbrli, təmkinli, çox vətənpərvər insan idi: "Orta məktəbi bitirdikdən sonra ali məktəbə imtahan verərək, ödənişsiz əsaslarla Texniki Universitetə daxil oldu. Amma orada oxumadı, çünki istəyi hərbi sahəyə idi. Daha sonra yenidən sənədlərini Dövlət Sərhəd Xidməti Akademiyasına verərək, istəyinə nail oldu. Akademiyanı bitirən kimi xüsusi bacarığına görə pilot vəzifəsinə təyin olunmuşdu. Xalid uşaqlıqdan idmanın güləş növü ilə məşğul idi. Saysız-hesabsız mükafatlar, medallar qazanmışdı. Çempion da olmuşdu. 2019-cu ildə baş leytenant rütbəsi almışdı".



Davud Gözəlov deyir ki, Xalid müharibədən bir neçə gün əvvəl evə gəlmişdi: " Xalid müharibə başlayandan 1 gün sonra şəhid oldu. Onların yerinə yetirdikləri tapşırıqlar məxfi olduğu üçün hansı şəraitdə şəhid olduğunu bilmirik. Amma sonradan Füzuli istiqamətində şəhid olduğunu öyrəndik. 2-ci Fəxri Xiyabanda Polad Həşimovun dəfn edildiyi sırada dəfn olunub".



Atası Həsən Gözəlov deyir ki, oğlunun müharibədə olduğunu bilməyiblər, onun şəhidlik xəbərini qəfil alıblar, dünyaları qaralıb: “Xalidin şəhidlik xəbəri bizi elə sarsıdıb ki, heç nə ilə təsəlli tapa bilmirik. Hələ indiyə kimi heç kəs bizi sakitləşdirə, ovuda bilmir. Elə səhər yoxdur ki, onu gözü yaşlı açmayaq. Allah o xəbəri heç kəsə qismət etməsin, heç kəsin qapısını qara xəbər döyməsin, elə sarsıldıq, elə pis hala düşdük ki, indiyə qədər də özümüzə gəlməmişik”.



Xalid nişanlı olmasa da, neçə il idi sevdiyi qız vardı, evlənib ailə həyatı qurmaq istəyirdi. Atanın-ananın arzusu oğlunun toyunu görmək, onun bəy otağını qurmaq idi, lakin onun şəhid olması bu arzuları yarımçıq qoyub.

Xalid şəhid olanda 23 yaşı tamam olmamışdı, noyabrın 4-də ailə üzvləri 24 yaşını məzarının üstündə qeyd ediblər.



Şəhid mayor Murad Məmmədovun türkiyəli yazar, hərbi ekspert Abdullah Ağara müsahibəsi zamanı dediklərindən:

- Sentyabrın 27-də, müharibə başlayanda əks-hücum əmrini alan kimi həyəcan təbili çalındı və plana uyğun olaraq hamımız təyyarələrimizə tərəf qaçdıq. Və bir anda 20 təyyarə havaya qalxdı. Düz 20 "AN-2 Antonov". Bunu görməli idiniz. Bilirsiniz, İkinci Dünya Müharibəsindən bəhs edən filmlər var. Təyyarə səhnələri və səmanı dolduran səslər... Aramızda yalnız bir fərq vardı: o, kino idi, bizimki isə real...
...Bizim çox sadə, asan başa düşülən, lakin həyata keçirilməsi bir qədər çətin planımız var idi. Qısacası belə idi: “Uçuş zamanı təyyarə ilə bağlı problem olarsa, təcrübəli pilot təyyarədə qalacaq, təyyarəni hədəfə aparacaq, rütbəsi və yaşı daha kiçik olanlar paraşütlə tullancaqlar”.
Hədəf düşmənin dərinlikləri idi.
Hədəf düşmən radarlarının bizi görüb, bizə atəş açması idi.
Hədəf düşmənin bizi vurması idi.
Hədəf təyyarələri düşmənin dərinliklərində mümkün qədər uzağa uçdurmaq idi...
Təbii ki, ölməmək üçün əlimizdən gələni etməli idik. Amma həm də düşünürdük, mühakimə edirdik və nələrin baş verə biləcəyini anlayırdıq. Dediyim kimi, biz müharibənin "canlı yem"ləri idik. Bu, bir taktika, düşməni aldatmaq idi.
O vaxt bilmirdik, sonradan öyrənəcəkdik. Pilotlarımız təyyarədən atılmağa hazırlaşarkən güllələniblər. Şəhidlərimizin nəşlərinə çatanda paraşütlərı onların üzərində idi.
Rus "D-6" paraşütünu geyinmək çox çətindir. Bu çətinlik döyüşün gərginliyi, tələsikliyi, qəfil vəziyyətləri qarşısında daha da artır. Adətən, belə fövqəladə və ya taktiki vəziyyətlərdə ikinci pilot baş pilota mexanizmdə kömək edir. Sonra isə bir-birimizin ardınca tullanırdıq. Görünür, şəhidlərimizin özlərini xilas etmək üçün bu son anları da olmayıb. Anladıq ki, onlar tullanmağa bir az qalmış düşmən tərəfindən vurulublar. Bir dəqiqə! Arxalarında paraşütları ilə. Təyyarə vurulmazdan bir saniyə əvvəl tullana bilsəydilər, biz indi onlarla da danışa bilərdik.
Həmin şəhidlər "AN-2 Antonov" eskadrilyamızın 5-ci tağım komandiri mayor Abbas Qasımov və baş leytenant Xalid Gözəlov idi.
Baş leytenant Xalid Gözəlov və mayor Abbas Qasımov bir-birlərinə çox bağlı idilər. İki can yoldaşı, iki silahdaş. Birlikdə uçurdular. Təyyarələrlə sanki danışır, onlara nələrisə başa salır və əmrlərinə qulaq asdırardılar. Avqustda Abbas məzuniyyətdə idi. Məzuniyyətdən qayıdanda başqası ilə uçmalı idi. Qayıdanda dedi ki, yox, biz birlikdə uçacağıq. Onların taleləri burada birləşdi. Birlikdə uçdular, birlikdə şəhid oldular.
Ailələri tez-tez bu sualı verirdi: "Onun bədəni bütöv idimi?" Üzlərinə baxaraq bu suala cavab vermək çox çətin idi, amma məcbur olduq: Bəli, onların bədənləri bütöv idi.
Baş leytenant Xalid Gözəlovun anası övladının şəhadətini qəbul edə bilməyib. Hər dəfə yanına gələndə bizdən formamızı geyinməyimizi xahiş edirdi: “Sən gələndə elə bilirəm, Xalidim gəlir”.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Vətənə xidmətə görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.