2021/01/Abbas-1611685997.jpg

line
Adı: Qasımov
Soyadı: Abbas
Ata adı: Rza
Doğum tarixi: 17.03.1986
Şəhid olub: 27.09.2020
Rütbəsi: mayor
Təltifləri
«Vətənə xidmətə görə» ordeni«Qubadlının azad olunmasına görə» medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi» yubiley medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» yubiley medalı«Qüsursuz xidmətə görə» medalı (II dərəcə)«Qüsursuz xidmətə görə» medalı (III dərəcə)
Abbas Rza oğlu Qasımov 1986-cı il martın 17-də Zəngibasar (Masis) rayonunun Rəhimabad kəndində anadan olub. 1988-ci ilin noyabr ayında ailəsi ilə birgə ermənilər tərəfindən doğma yurdundan deportasiya ediləndən sonra Bakının Binəqədi rayonunda məskunlaşıblar. 6 yaşında ikən atasını itirsə də, balaca Abbas çətin günlərə sinə gərərək, yaşıdlarından geri qalmayıb.



1993-2003-cü illərdə Binəqədi rayonunda F. İsgəndərov adına 157 nömrəli tam orta məкtəbdə oxuyub. 2003-2007-ci illərdə isə MTN-nin Heydər Əliyev adına Akademiyasında ali təhsil alıb.




2007-ci ildə Akademiyanı bitirən Abbas sərhədlərin mühafizəsi bölüyünə göndərilib və bir neçə rayonda sərhəddə xidmət edib. Xidməti dövründə daim fərqlənib, medal və təltiflərlə mükafatlandırılıb.



Hər zaman pilot olmağı arzulayan Abbasa yeni bir yol açılır. Milli Aviasiya Akademiyasına daxil olur. 2017-ci ildə mayor rütbəsi alır.




Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının mayoru, hərbi pilot Abbas Qasımov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, sentyabrın 27-də Vətən müharibəsinin başladığı birinci dəqiqələrdə Füzuli döyüşləri zamanı baş leytenant Xalid Gözəlov ilə birlikdə şəhid olub . Onlar Vətən Müharibəmizin ilk şəhidlərindəndirlər.



Şəhid mayor Murad Məmmədovun türkiyəli yazar, hərbi ekspert Abdullah Ağara müsahibəsi zamanı dediklərindən:



- Sentyabrın 27-də, müharibə başlayanda əks-hücum əmrini alan kimi həyəcan təbili çalındı və plana uyğun olaraq hamımız təyyarələrimizə tərəf qaçdıq. Və bir anda 20 təyyarə havaya qalxdı. Düz 20 "AN-2 Antonov". Bunu görməli idiniz. Bilirsiniz, İkinci Dünya Müharibəsindən bəhs edən filmlər var. Təyyarə səhnələri və səmanı dolduran səslər... Aramızda yalnız bir fərq vardı: o, kino idi, bizimki isə real...



...Bizim çox sadə, asan başa düşülən, lakin həyata keçirilməsi bir qədər çətin planımız var idi. Qısacası belə idi: “Uçuş zamanı təyyarə ilə bağlı problem olarsa, təcrübəli pilot təyyarədə qalacaq, təyyarəni hədəfə aparacaq, rütbəsi və yaşı daha kiçik olanlar paraşütlə tullancaqlar”.
Hədəf düşmənin dərinlikləri idi.
Hədəf düşmən radarlarının bizi görüb, bizə atəş açması idi.
Hədəf düşmənin bizi vurması idi.
Hədəf təyyarələri düşmənin dərinliklərində mümkün qədər uzağa uçdurmaq idi...



Təbii ki, ölməmək üçün əlimizdən gələni etməli idik. Amma həm də düşünürdük, mühakimə edirdik və nələrin baş verə biləcəyini anlayırdıq. Dediyim kimi, biz müharibənin "canlı yem"ləri idik. Bu, bir taktika, düşməni aldatmaq idi.
O vaxt bilmirdik, sonradan öyrənəcəkdik. Pilotlarımız təyyarədən atılmağa hazırlaşarkən güllələniblər. Şəhidlərimizin nəşlərinə çatanda paraşütlərı onların üzərində idi.



Rus "D-6" paraşütünu geyinmək çox çətindir. Bu çətinlik döyüşün gərginliyi, tələsikliyi, qəfil vəziyyətləri qarşısında daha da artır. Adətən, belə fövqəladə və ya taktiki vəziyyətlərdə ikinci pilot baş pilota mexanizmdə kömək edir. Sonra isə bir-birimizin ardınca tullanırdıq. Görünür, şəhidlərimizin özlərini xilas etmək üçün bu son anları da olmayıb. Anladıq ki, onlar tullanmağa bir az qalmış düşmən tərəfindən vurulublar. Bir dəqiqə! Arxalarında paraşütları ilə. Təyyarə vurulmazdan bir saniyə əvvəl tullana bilsəydilər, biz indi onlarla da danışa bilərdik.
Həmin şəhidlər "AN-2 Antonov" eskadrilyamızın 5-ci tağım komandiri mayor Abbas Qasımov və baş leytenant Xalid Gözəlov idi.



Baş leytenant Xalid Gözəlov və mayor Abbas Qasımov bir-birlərinə çox bağlı idilər. İki can yoldaşı, iki silahdaş. Birlikdə uçurdular. Təyyarələrlə sanki danışır, onlara nələrisə başa salır və əmrlərinə qulaq asdırardılar. Avqustda Abbas məzuniyyətdə idi. Məzuniyyətdən qayıdanda başqası ilə uçmalı idi. Qayıdanda dedi ki, yox, biz birlikdə uçacağıq. Onların taleləri burada birləşdi. Birlikdə uçdular, birlikdə şəhid oldular.
Ailələri tez-tez bu sualı verirdi: "Onun bədəni bütöv idimi?" Üzlərinə baxaraq bu suala cavab vermək çox çətin idi, amma məcbur olduq: Bəli, onların bədənləri bütöv idi.




Abbas Qasımov Zəngəzur torpaqlarında anadan olub, amma oranı heç vaxt görməyib. Doğulduğu torpağı görə bilməmək! Həmişə Zəngəzur həsrəti ilə yanırdı. 1988-ci ildə ermənilər onları Zəngəzurdan qovdular. Onlar öz vətənlərini tərk etmək məcburiyyətində qaldılar, əvvəlcə Qarabağa sürgün olundular, oradan da Azərbaycana qaçmağa məcbur qaldılar. O, bir çox sahədə vətəninin dərdini çəkən oğul idi. “Zəngəzur” dərdi. Zəngəzurun nə demək olduğunu ən yaxşı o bilirdi. Bir dəfə dedi ki, “Bunu heç vaxt unutma, əgər bir millət silah gücünə bir yerdən didərgin salınıbsa, demək ora onun əsl torpağıdır. Bil ki, o millətin əlindən alınan torpaqla bağlı böyük planları var”. Mayor Abbas Qasımov o torpaqlara bir addım yaxınlaşmaq üçün canını verdi".



Mayor Abbas Qasımov II Şəhidlər Xiyabanında dəfn olunub.



Abbas Qasımov Siddiqə xanımla 7 il idi ki, evli idi. Onların Rza və Hüseyin adlı iki oğul övladları var.






Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Abbas Qasımov ölümündən sonra  "Vətən uğrunda", 3-cü dərəcəli "Vətənə xidmətə görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.



Şəhidin anası Kifayət Qasımova deyir ki, sanki uşaqlıqdan Abbasın taleyinə Qarabağ yazılmışdı. Atası onu hələ kiçik yaşlarından qucağında Azadlıq meydanındakı mitinqlərə aparırdı. Əmiləri və atası ilə gecə yarısına kimi orada olurdu. Həmişə qışqırırdı ki, "Qarabağ bizimdir".



- Abbas atasını çox erkən, 6 yaşı olanda itirib. Həmişə onun həsrəti ilə yaşayıb. MTN-nin (İndiki DTX-red) Akademiyasında oxuyanda ona daha çox ehtiyac hiss edib. Deyirdi, atam olsaydı, hər həftə yanıma gələrdi. İstər məktəbdə, istərsə də akademiyada təhsil alanda heç vaxt məni incitməyib. Oğlum akademiyanın sərhəd qoşunları fakültəsini seçmişdi. Qusar rayonunda 6 il zastava rəisi işlədi. Daha sonra Milli Aviasiya Akademiyasında bir illik kurs keçdi. Qüsursuz xidmətinə görə iki dəfə medalla təltif edilib. Həmişə məsuliyyətlə xidmət göstərirdi ki, ondan şikayət olunmasın,- şəhidin anası AzVision.az ilə söhbətində deyib.




Şəhidin həyat yoldaşı Siddiqə xanım: “Uşaqlarına çox bağlı insan idi. İstəyirdi ki, oğlanları savadlı olsun. Hətta onlara saymağı da birinci dəfə ataları öyrətmişdi. Deyirdi, hansı peşəni seçmələrindən asılı olmayaraq, qoy öz işlərinin peşəkarı olsunlar. Oğlumuz Rzanı ilk dərs günü məktəbə özü aparmaq istəyirdi. Ancaq işi ilə əlaqədar icazə alıb gələ bilmədi. Ona oğlumun məktəbli formasında şəkillərini çəkib göndərdim. Çox sevindi, dedi, evə qayıdan kimi özü onu dərsə aparacaq”.



Şəhidin anası Kifayət Qasımova: "Çox vaxt evdə olmurdu, təlimlərə gedirdi. Sonuncu dəfə evə sentyabrın 25-i axşam gəldi. Uşaqlarını qucaqlayb öpdü, bizimlə görüşdü. Səhərisi günü tezdən yoldaşı onu yola saldı. Mən də pəncərədən Abbasa baxıb dua edirdim. Müharibəyə getdiyini bilmirdim. Daha doğrusu, müharibə olacağına inanmırdım. Bilsəydim, oğlumun başına fırlanardım. Ona dəyən zərbə mənə dəyəydi...”



Şəhidin həyat yoldaşı Siddiqə Qasımova: “Axır vaxtlar çox qəmgin olurdu, elə bil, əvvəlki deyib-gülən adam deyildi. Bəlkə də ürəyində gəzdirdiyi yük var imiş, bizə heç nə demirdi. Baxışları, siması gözümün qarşısından getmir, sanki ürəyinə nəsə danmışdı. Sonuncu dəfə sentyabrın 26-sı axşam danışdıq, dedi, mənim üçün dua edin. Ayın 27-si telefonuna zəng çatmadı. Abbasdan başqa bütün iş yoldaşları evlərinə zəng etmişdi. Təşviş içində idik. Dedilər, narahat olmayın, sağdır, orada internet tutmur. Ondan sonra rahat olduq. Sentyabrın 28-i səhər şəhid xəbərini, günorta isə bayrağa bükülmüş tabutu çiyinlərdə gəldi”.



Ana oğlunun şəhid olduğu günü ürək yanğısı ilə xatırlayır: “Ananı istəyən oğul Vətəni də istəyərmiş. Müharibənin ilk günü döyüş yoldaşı Xalidlə birgə şəhid oldu. Ürəyim elə yanır ki, onu heç kim hiss edə bilməz. Bəzən düşünürəm ki, məni təndirə atıb yandırsınlar, əvəzində Abbas bir günlük yoldaşının, balalarının yanına gəlsin. Ona da razı olaram... Arxamı, dayağımı, sirdaşımı itirmişəm. Deyirlər, şəhidlər o dünyada yaxşı yerdə olurlar. Allaha həmişə dua edirəm ki, balamın yeri rahat olsun. Atasız böyümüşdü, öz getdiyi yol balalarına borc oldu. Balaca oğlu deyir ki, "nənə, mən Abbasam, sən mənə oğlum de, mən də sənə ana deyim". Uşaqlarına nə cavab verəcəyimi bilmirəm. İş yoldaşları bizə gələndə çox sevinirəm, Abbasın qoxsunu onlardan alıram. Döyüş yoldaşları üçün dua edirəm".



Siddiqə Qasımova: "Kiçik oğlum yoxluğunu qəbul edə bilmir. Onları başa salıram ki, ata qəhrəmandır. Abbas və döyüş yoldaşı Xalidin vurulması ilə Ordumuz düşmənin mövqelərini aşkarlayıb məhv ediblər. Onlar şəhadətləri ilə həm də Ordumuza yol açıblar. Əsl pilotlar kimi səmada şəhid oldular. Bu cür qəhrəmanların adının yaşaması şəhid ailələri üçün təskinlikdir. Yoldaşımın əşyalarına toxunduqca elə bilirik ki, Abbasa toxunuruq. Heç nə onu əvəz edə bilmir".