Əfqan Ağasəf oğlu Abdurahmanov 1976-cı ildə Bakı şəhərində dünyaya göz açıb. Qarabağ münaqişəsi başlayanda Əfqanın 12 yaşı vardı. Həmin vaxt çox qarışıq dövr idi. Ermənilər tərəfindən azərbaycanlılara qarşı təxribat xarakterli qırğınlar törədilirdi. Bu hadisələr onun yaddaşında dərin iz buraxdı...
Əfqan Dağlıq Qarabağın düşmən tərəfindən işğal edilməsi ilə heç cür barışa bilmirdi. Buna görə də hərbçi olmaq və gələcəkdə işğal altında olan torpaqlarımızın azad olunmasında iştirak etməyi qarşısına məqsəd qoydu. Tərəddüd etmədən bu məqsədin arxasınca getdi. 1997-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə verdi. İmtahanlardan uğurla çıxan Əfqan Abdurahmanov hərbi təhsil aldığı dövrdə nizam-intizamı ilə seçilir, ixtisasını incəliklərinədək öyrənirdi. O, 2001-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən məzun oldu və bir il müddətində Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) praktikada oldu. Burada Əfqanın bir zabit kimi peşakarlıq səviyyəsi yüksəldi, daha müasir hərbi peşə bacarıqlarına və vərdişlərə yiyələndi. Artıq bir il sonra (2002-ci ilin iyul ayı) Əfqan Abdurahmanov Gəncə şəhəri N-saylı hərbi hissədə xidmətə başladı.
“Onlar da mənim balalarımdır”
Xidmət etdiyi müddətdə tabeçiliyində olan hərbçilərin qayğısına qalır, əlindən gələni əsirgəmir, onlara hər cür dəstək olurdu. Həyat yoldaşı Abdurahmanova Rəqinə Rafiq qızı deyir: "O, hərbi xidmətə başladığı ilk gündən şəhid olduğu günədək ön cəbhədə oldu. Bir dəfə də olsa narazılığını eşitmədim. Tabeçiliyində olan hərbi qulluqçulara qayğıkeş qardaş, ata kimi yanaşır, imkanı daxilində köməkliyini də əsirgəmirdi.
Məzuniyyətdə oldugu müddətdə belə işindən ayrılmazdı. Həmişə zənglər gəlirdi, heç bir zəngi cavabsız qoymazdı. Əsgərlərinə çox diqqət edərdi.
Bəzən narazılıq bildirər, xahiş edərdim ki "dincəl bir az, heç olmasa məzuniyyətdə olanda telefonu söndür. Sakitcə gülərdi, deyərdi ki, "onlar da mənim balalarımdır".
“Siz düşmən üzərində qələbə çalıb xidməti başa vurmağın nə olduğunu bilirsinizmi?”
Rəqinə xanım sözlərinə davam edir: "Əfqan həyatının çox hissəsini hərbidə keçirməsinə baxmayaraq səyahət etməyi, yeni yerlər görməyi çox sevərdi. Evdə oturmağı sevməzdi, gəzməkdən zövq alardı. Qohumlar, dostlar Əfqanın məzuniyyətə çıxdığını eşidən kimi zəng edər, görüşmək istədiklərini bildirərdilər. Bu, Əfqanın qohumcanlığından, dostcanlığından irəli gəlirdi, onlarla daima hal-əhval tutardı. Məzuniyyət günlərinin çox hissəsini də onlarla bir yerdə keçirərdi.
Qulluq etdiyi müddətdə Türkiyə, Çexiya və Çində Müdafiə Nazirliyinin sərəncamları ilə müxtəlif kurslara, hərbi təlimlərə qatıldı. Çindən qayıtdıqdan sonra həmişə bizə deyərdi ki, "təqaüdə çıxandan sonra sizi mütləq ora aparacağam, görməli yerləri var - Böyük Çin Səddi, Səma məbədi, Qadağan olmuş şəhər, qəribə yeməklər…
Biz Əfqanın təqaüdə cıxıb bizimlə yaşamasını istəyirdik. 26 ildir ki, hərbi xidmətdə idi, xidməti dövründə dəfələrlə yüksək döyüş hazırlığına, nizam-intizama və qüsursuz xidmətinə görə hərbi hissə komandiri tərəfindən Fəxri Fərmanla, Prezident İlham Əliyev tərəfindən “Qüsürsuz xidmətə görə” 3-cü və 2-ci dərəcəli medalları ilə təltif edilmişdi.
Mən ömrümüzün sonunadək səs-küydən uzaq, sakit bir həyat yaşamağı arzulayırdım, amma arzum həyata keçmədi. Çünki onun ürəyində qələbə arzusu vardı. Torpaqlarımızın düşmən tərəfindən işğal edilməsi ilə heç cür barışa bilmirdi, özünü təhqir olunmuş sayırdı, intiqam almaq üçün yaşayırdı. Onda böyük ruh yüksəkliyi, qələbə əzmi vardı.
Deyərdi ki, "siz düşmən üzərində qələbə çalıb xidməti başa vurmağın nə olduğunu bilirsinizmi?"
Əfqan övladları ilə vaxt keçirməyi də sevərdi. Həm oğluna, həm də qızına vaxt ayırar, onlarla həmyaşıd kimi söhbət edər, məsləhətlər verər, vətənpərvər kimi böyüdərdi".
Aprel döyüşlərində ön cəbhədə olanladan biri də Əfqan Abdurahmanov idi. Bu döyüşlər Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələndi, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ Təpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar və Madagiz kəndi istiqamətindəki yollar düşməndən azad olundu.
Rəqinə xanım o günləri xatırlayarkən bir an fikrə dalır, sonra deyir: "Aprel döyüşlərində Əfqan Goranboy rayonunun Baranbat meşəsi adlanan ərazilərdə xidmət edirdi. Döyüşlər zamanı qəhrəmancasına şəhid olmuş polkovnik-leytenant Murad Mirzəyev onun yaxın dostu idi, həmyaşıd idilər, söz-söhbətləri tutardı. Onun ölümü Əfqanı sarsıtdı, Bakıda olanda həmişə II Fəxri Xiyabanda dəfn olunmuş dostunu ziyarət etməyi özünə borc bilərdi. Ziyarətə övladlarını da özü ilə aparar, dostunun rəhbərlik etdiyi hərbçilərlə birlikdə çox sayda düşməni məhv etdiyindən, tutduğu mövqeni bir addım belə tərk etmədən son damla qanına qədər vuruşduğundan, qəhrəmancasına şəhid olduğundan danışardı".
"Polad şəhid olub, mən istirahət edə bilmərəm"...
Reqinə xanım həyat yoldaşının ikinci sarsıntını bu ilin iyul ayında yaşadığını bildirdi: "Polad Həşimovun şəhid olması xəbəri ona çox təsir etmişdi. Evə gəlib rəngi - ruhu ağarmış halda Poladin adını təkrarlayırdı. Məzuniyyətə 3 gündür çıxmışdı, bu xəbərdən sonra evdə qala bilmədi, mənim israrla daha bir neçə gün qalmasını xahiş etməyimə baxmayaraq, səhəri gün xidmət etdiyi hərbi hissəyə qayıtdı. "Polad şəhid olub, mən istirahət edə bilmərəm", deyirdi".
Bu hadisədən 2 ay sonra Azərbaycan ordusunun əks-hücum əməliyyatı başladı. Əməliyyatların ilk günlərində Murov dağı silsiləsindəki zirvələrdən birinin azad olunmasına Əfqan Abdurahmanov rəhbərlik edib. Döyüş zabitinin rəhbərliyi ilə əməliyyat keçirilən zaman hərbiçilərimiz qalın sis-dümana düşür. Duman o qədər sıx olur ki, bir addım irəlini görmək olmur. Ərazi qayalı, yarğanlı bir yer olduğundan adi bir səhv addım ölümlə, səhv istiqamətə getmək isə düşmən mühasirəsinə düşmək və ya döyüş əməliyyatının pozulması demək idi.
Əfqan Abdurahmanov tabeçiliyində olan əsgərlərinə cavabdeh olduğunu çox yaxşı başa düşürdü. Onları bu çətin vəziyyətdən çıxarmalı və döyüş tapşırığını yerinə yetirməli idi. O əsgərlərinə deyir: "Sıraya düzülün, öndə mən gedəcəyəm, bir-birinizin kəmərindən tutun və ardımca gəlin".
Onun ən çətin anda doğru qərar verə bilmək peşəkarlığı, relyefi düzgün qiymətləndirməsi sayəsində hərbçilərimiz heç bir itki vermədən sağ-salamat döyüş mövqeyinə çıxır, Murovdağ zirvələrindən birinin düşməndən azad edilməsində qəhrəmanlıq göstərir və zirvəyə Azərbaycan bayrağını sancırlar.
Bu əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nöqtələri nəzarətə götürüldü. Əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verdi. Əməliyyatın uğurlu keçməsində Əfqan Abdurəhmanov və onun döyüşçülərinin böyük rolu oldu.
Daha sonra Suqovuşana kimi olan kəndlər azad edildi. Suqovuşan kəndinin azad edilməsindən öncə Əfqan Abdurahmanovun dəstəsi mühasirəyə düşmək təhlükəsi ilə qarşılaşsalar da bu çətinliyin də öhdəsindən gəldilər.
Əfqan Abdurahmanov oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Qəbələ rayonunun Əmirvan kəndində dəfn olunub.
Əfqan Abdurahmanov Vətənə xidmət etdiyi dövrdə hərbi nailiyyətləri və üstün şəxsi keyfiyyətlərinə görə "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı (2001), "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı (2008), "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı (2010), "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı (2013), "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı (2015), "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı (2016), "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı (2018), "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı (2020) ilə təltif edilib.
Qəhrəman şəhid Əfqan Abdurahmanov Vətən müharibəsindəki misilsiz xidmətlərinə görə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" medalı, "Vətən uğrunda" medalı və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.