2021/04/Solta-1619097846.jpg

line
Adı: Məmmədov
Soyadı: Soltan
Ata adı: Akif
Doğum tarixi: 21.07.1981
Şəhid olub: 10.10.2020
Rütbəsi: Palkovnik-leytenant
Təltifləri
«Azərbaycan Bayrağı» ordeni«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Suqovuşanın azad olunmasına görə» medalı«Laçının azad olunmasına görə» medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi» yubiley medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» yubiley medalı«Qüsursuz xidmətə görə» medalı (II dərəcə)«Azərbaycan Ordusunun 100 illiyi» yubiley medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi» yubiley medalı

44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəmanlardan biri də polkovnik-leytenant Soltan Məmmədovdur.

Məmmədov Soltan Akif oğlu 1981-ci il iyulun 21-də Yevlax rayonunun Səmədabad kəndində anadan olub. Soltan müəllim ailəsində doğulub-böyümüşdü. Soltanın atası Akif Məmmədov Səmədabad kəndində müəllim və məktəb direktoru olub. Çalışdığı məktəbin demək olar ki, bütün şagirdlərini vətənpərvər ruhda yetişdirib. Anası Sürmayə xanım da müəllimə idi və daim vətənpərvərlik hisslərini öz şagirdlərinə aşılayırdı.

Şəhid polkovnikimiz Soltan Məmmədov Ali Hərbi Ümumqoşun Komandirlər Məktəbini bitirib və çox peşəkar bir hərbiçi olub. O, orta məktəbin 7-ci sinfini bitirdikdən sonra 1997-1999-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 1999-2003-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.
Soltan Məmmədov 2003-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. 2003-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində əvvəlcə Tağım Komandiri, sonra isə MTT üzrə Tabor Komandirinin müavini vəzifələrində xidmət edib.

2013-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində Qərargah rəisi vəzifəsində xidmət edən Soltan Məmmədov, qüsursuz xidmətinə görə "mayor" rütbəsi alıb. 2019-cu ildən isə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində Tabor Komandiri vəzifəsində xidmət edirdi.

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Soltan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Düşmənin ön xəttinin yarılmasının, yal taxlının ələ keçirilməsində, 831 və 1353 yüksəkliklərində və Suqovuşan yaşayış məntəqəsinin dəfələrlə düşmənin diversiya qrupunun basqınının qarşısının alınmasında, müdafiəsinin təşkilinə rəhbərlik etmişdir.
Soltan Məmmədov oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.
Ailəli idi. Üç övladı yadigar qaldı.

Soltan Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "İgidliyə görə", "Laçının azad olunması", "Suqovuşanın azad olunması" “Vətən uğrunda” medalları ilə təltif edilib.



***
Şəhid komandirin atası Akif Məmmədov uzun müddət kənd məktəbinin direktoru işləyib. Ömür vəfa etməyib, Akif müəllim dünyasını dəyişib. Onun həyat yoldaşı, komandirin anası Sümayyə Məmmədova isə hələ də oğlunun da bir zamanlar təhsil aldığı məktəbdə ibtidai sinif müəllimi işləyir. O, gələcəyin əsl vətənpərvər nəslini tərbiyə edib, onlara “Ana” , “Vətən”, “Azərbaycan” yazmağı öyrədir. Təkcə yazmaq yox, həm də o müqəddəs məhfumları sevməyi körpələrə aşılayır: “Bu Vətəni sevmək hər bir azərbaycanlının birinci və ən müqəddəs borcudur. Mən öncə bunu öz övladıma öyrətdim. Onun haqqında çox danışmaq olar. Uşaqlıqdan nizam-intizamlı, qayğıkeş biri idi. Hərb sahəsini özü seçdi. Daim öz peşəsində yeniliklər axtarır, öz üzərində işləyirdi. Həmişə ön xətdə xidmət edirdi. Vətən müharibəsi başlayanda bildim ki, Soltan harada, hansı vəzifədə olmasından asılı olmayaraq, ən ön xəttə gedəcək. Çünki onun ürəyi daim qisas eşqi ilə yanırdı... Oğlumla fəxr edirəm”.

“Düşmən qışqıra-qışqıra qaçırdı”

Soltan Məmmədov Vətən müharibəsinə Tərtər cəbhəsində qatılıb. Talış və Suqovuşan istiqamətində yerləşən Pişik yalı, Ağ uçuq, Qaranlıq meşə adlanan yüksəkliklərin azad edilməsində böyük şücaət göstərib. Hətta azad edilən yüksəkliklərə düşmənin 022 saylı xüsusi təyinatlı hərbi hissəsinin bölmələrinin əks-həmləsinin qarşısını alıb. Özü də çox az sayda qüvvə ilə və dəfələrlə...

“Ağ uçuq götürüldükdən sonra yuxarı komandanlıqdan Qaranlıq meşə deyilən əraziyə getməyimiz barədə əmr aldıq. Həmlə taborunun bölmələri, digər zabit yoldaşımız Əfqan və Soltanla ora getdik. Ərazini düşməndən təmizlədikdən sonra mövqelənmə işlərinə başladıq. Çox çətin ərazi idi. Orada həm işıq az idi, həm də meşənin qalın olması müşahidəni zəiflədirdi. Təxminən iyirmi metrdən sonra heç nə görmək olmurdu. Biz əsgərləri səngərlərə yerləşdirdikdən sonra Soltanla Əfqan vurulmuş tankın, mən isə MTLB-nin yanında gizləndim. Və qəflətən ermənilərin xüsusi təyinatlı qüvvələri peyda oldu. Təxminən 15 metr məsafədə döyüş başladı. Həmin döyüş səhnəsini sözlə ifadə etmək mümkün deyildi. Tam şiddətlə 5 dəqiqə davam etdi. Ancaq həmin 5 dəqiqə bir neçə saat kimi gəlirdi. Əl qumbaraları və atıcı silahlarla düşmənə ağır itkilər verdirdik. Onlar döyüş meydanından qışqıra-qışqıra qaçırdı. Soltan döyüşdən həzz alırdı. Hələ düşmənin vahiməli səslə qışqırıb qaçmağı bizə başqa həzz yaşadırdı”, - deyir mayor B.Qafarov (Ad, soyad şərtidir-müəll.)

“Ən böyük arzusu general olmaq idi”

Qəhrəman Soltan evli idi, üç övladı var: “Soltan AHM-də oxuyanda tanış olmuşduq. 2004-cü ildə ailə həyatı qurduq. Onun bu yolda keçdiyi bütün çətinliklərin şahidiyəm. Heç vaxt peşəsindən bezmədi, yorulmadı... Hətta qarşılaşdığı çətinliklərin öhdəsindən gəldikcə, daha da güclənirdi... Bütün işi-gücü, dərdi Qarabağ, şəhidlərin qisası idi... Həmişə zəng edəndə uşaqların ən kiçiyi olan Sümayə (Onun 6 yaşı var-müəll.) ilə danışırdı. Uşaqların dərsi ilə ciddi maraqlanırdı. Sümayədən dərslərini necə oxuduğunu soruşanda, o, atasına “E” hərfini öyrənməyəcəyini dedi. Soltan təəccüblə səbəb soruşanda “Ata, “E” hərifi ilə erməni gəlir. Ona görə o hərifi xoşlamıram”, - dedi. Telefonda qəh-qəhə çəkib güldü. Sonuncu dəfə evdən gedəndə döyüşlərin başlamasına iki gün qalmışdı. Gəlib bizimlə görüşüb getdi. Sürücü çoldə gözləyirdi. Gözümün içinə baxıb “Narahat olma, hər şey yaxşı olacaq”,- dedi. Gözlərinin dərinliyində sevinc var idi sanki. O, həmişə düşmən təxribatının qarşısını alanda belə sevinirdi. Sonra yenə mənə tərəf dönüb “Sən güclü qadınsan, hər şeyə hazır ol. Sənə güvənirəm, uşaqlara yaxşı bax”, - deyib getdi. Ən böyük arzusu general olmaq idi. Bir də uşaqlarının xaricdə təhsil alıb layiqli vətəndaş olması... Hər dəfə xaricdə təhsildən söz düşəndə müharibənin olmasını arzu edirdi. Deyirdi ki, mən istəmirəm övladlarım xaricdə məğlub ölkənin vətəndaşı kimi utana-utana gəzsin”,- deyir şəhid zabitin həyat yoldaşı Tünzalə Məmmədova.

Ürəyindən vurulan şəhid

Şəhid polkovnik-leytenant Soltan Məmmədov anası Sümayə Məmmədova, xanımı Tünzalə Məmmədova, qızı 14 yaşlı Ləman, 9 yaşlı oğlu Əli və 6 yaşlı qızı Sümayəsi üçün geridə bir şey buraxdı: Uca və müqəddəs Şəhid adını... Özü isə zirvədə qərar tutub adını tarixə yazdı. O tarixə ki, həmişə zəfər səhifələri oxunanda onun da adı ön sətirlərdə çəkiləcək. Ürəyindən çıxara bilmədiyi doğma Qarabağın azad edilməsi uğrunda ürəyindən aldığı qəlpə yarasından şəhid oldu. Sonuncu döyüşü Suqovuşan istiqamətində yerləşən yüksəklik olub. Həmin yüksəklik azad edildikdən sonra düşmən əks -hücuma cəhd göstərib, bu zaman açıq döyüşə girib. Düşmən tankından atılan mərminin partlaması zamanı ürəyindən aldığı qəlpə yarası onun ölümünə yox, əbədi olaraq doğuluşuna səbəb olub. İndi həmin zirvədə də, onun ətrafındakı zirvələrdə də Azərbaycan bayrağı dalğalanır. İndi Tünzalə xanımın bir arzusu var, oğlu Əlinin atasının yarımçıq qalan arzusunu yerinə yetirməsi. Onun hərbi təhsil alaraq general ali hərbi rütbəsinə yüksəlməsi... Ot kökü üstündə bitəcək...