Elşad Paşa oğlu Həsənov 1981-ci il iyunun 13-ü Qərbi Azərbaycanın Göyçə mahalının Babacan kəndində dünyaya gəlib. 1988-ci ildə Ermənistan dövlənin etnik təmizləmə siyasəti nəticəsində Həsənovlar ailəsi də dədə-baba torpaqlarından didərgin salınır. Həsənovlar ailəsi 1988-ci ildə Azərbaycan Respublikası ərazinə köçür. Ailə Sumqayıt şəhərində məskunlaşır.
Burada Elşad Həsənov Sumqayıt şəhər 12 saylı tam orta məktəbinin 1-ci sinifinə gedib. 1995-ci ildə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 1998-ci ildə liseyi bitirdikdən sonra Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2002-ci ildə təhsilini başa vuraraq motoatıcı qoşunların taktiki komandanlığı ixtisasına yiyələnib. Elşad Həsənov zabit kimi ölkəmizin müxtəlif bölgələrində - Gəncə, Gədəbəy, Tovuz, Naxçıvan və Şəmkirdə xidmət edib. Xidməti dövründə müxtəlif medal və diplomlarla təltif edilib. Azərbaycan Respublikasının 90, 95 illik yubiley medalları, Qüsursuz xidmətə görə 1-ci, 2-ci dərəcəli medalları ilə təltif edilib. 2019-cu ilin oktyabr ayından Şəmkir Briqadasında tabor komandirinin müavini vəzifəsində işləyirdi. Tovuz döyüşləri zamanı da Elşad Həsənov böyük şücaət göstərib.
27 sentyabrda Azərbaycan Ordusunun Ermənistan Silahlı Qüvvələrinin təxribatlarına cavab olaraq həyata keçirdiyi əks-hücum əməliyyatı zamanı müdafiə zolağının ən çətin istiqaməti olan Murov dağı yüksəkliyi istiqamətində döyüşlərə başlayıb. 2800 metr yüksəklik və keçilməsi olduqca çətin sərt qayalıq ərazilərdə bir neçə yüksəkliyi heyəti ilə birlikdə ələ keçirib. Birinci tapşırıqda qolundan və çiynindən qəlpə yarası alıb. Döyüş yoldaşlarının israr etməsinə baxmayaraq mayor Həsənov tibb məntəqəsinə getməyib. Yerində yarasını sarıyaraq döyüşə davam edib. İkinci oktyabrın 2-də mayor Elşad Həsənov 2-ci tapşırığı yerinə yetirmək üçün irəli gedib. Bu əməliyyat zamanı isə artilleriya atəşi nəticəsində aldığı qəlpə yaralarından həlak olub. Onun nəşi döyüş meydanından gətirilərək dekabrın 16-da böyük izdihamla İkinci Fəxri Xiyabanda dəfn edilib.
Şəhid mayor Elşad Həsənov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Kəlbəcərin azadlığı uğrunda”, “Vətən uğrunda” medalı, “Hərbi xidmətlərə görə III dərəcəli orden”, “Rəşadət ordeni” ilə təltif edilib.
Şəhid mayor ailəli idi, iki övladı var.
Şəhid mayorumuzun atası Paşa Həsənov danışır ki, oğlu Murovdağ istiqamətində şücaət göstərib. Döyüşdə yaralansa da, döyüş yoldaşlarının hospitala getmək istəyini rədd edib və yarlı olduğu hada döyüşməkdə davam edib, düşmənlə son damla qanınadək vuruşub.