İlkin Qələmşah oğlu Əhədzadə 26 iyun 1985-ci ildə Bakı şəhərində anadan olub. 3 qardaş olmaqla ailədə 5 nəfər olublar. Uşaqlıq illəri doğulduğu Bakı şəhərində keçib. 1992-ci ildə Bakı şəhər 51 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub və 2000-ci ildə həmin məktəbin 8-ci sinifini başa vurub. Həmin il Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub və 2003-cü ildə liseyi bitirib.
2003-2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.
2007-2008-ci illərdə illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Ehtiyat Zabit Hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək Müdafiə nazirinin əmri ilə ona leytenant hərbi rütbəsi verilib və Gəncə şəhərinə "N" saylı hərbi hissəyə göndərilib.
2009-2014-cü illərdə Ağdam rayonunda "N" saylı hərbi hissədə xidmət edib.
2010-cu ildə leytenant rütbəsindən baş leytenant rütbəsinə yüksəlib.
2014-2015-ci illərdə Naftalan şəhərində "N" saylı hərbi hissədə xidmət edib.
2015-ci ildə baş leytenant rütbəsindən kapitan rütbəsinə yüksəlib.
2015-2016-cı illərdə Goranboy rayonunda "N" saylı hərbi hissədə xidmət edib.
2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olub.
2016-2017-ci illərdə Qazax rayonunda "N" saylı hərbi hissədə xidmət edib.
2017-ci ildən 2019-cu ilin dekabr ayına qədər Şəmkir rayonunda həmlə batalyonunda xidmət edib.
2019-cu ildən 2020-ci il oktyabr ayının 1-nə qədər Şəmkir rayon "N" saylı hərbi hissədə xidmət edib.
2020-ci ilin iyun ayında kapitan rütbəsindən mayor rütbəsinə yüksəlib.
İlkin Əhədzadə nümunəvi xidmətinə görə bir çox medallarla - III dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edilib.
27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən II Qarabağ müharibəsində tabor komandirinin müavini, mayor İlkin Əhədzadə döyüşə qatılıb, Kəlbəcərin alınmasında xüsusi qəhrəmanlıq göstərib. Mayor İlkin Əhədzadə bir tabor komandiri kimi daim öndə vuruşub, düşmənə sarsıdıcı zərbələr endirib, xeyli sayda canlı qüvvəsini məhv edib. İgid komandir Əhədzadə İlkin Kəlbəcər istiqamətində üç post ələ keçirib və həmin postlara təminat apardığı zaman 1 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid olub. Şəhidin nəşi Bakı şəhərinə gətirilərək II Fəxri Xiyabanda torpağa tapşırılıb.
Şəhidimiz ailəli idi, 2 qızını və 1 oğlunu xalqımıza əmanət qoydu.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, tabor komandiri, şəhid mayor İlkin Qələmşah oğlu Əhədzadə ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" , "Vətən uğrunda" və "İgidliyə görə" medalları ilə təltif edilib.
mayor Əhədzadə İlkin şəhid olmamışdan öncə ailəsinə məktub yazıb:""Məni bağışla təzə qönçə gülüm, həyat yoldaşım! Səni gənc yaşında dul qoyduğum üçün. Mən şəhid oldum, sən şəhid yoldaşı. Dünya həyatında yoxluğumun acısını yaşayacaqsan bəlkə..."Tabutumun başında məni niyə tək qoyub getdin?" deyərək göz yaşlarını damlatdın üzərimə. Mən sənsiz burada rahatammı düşünürsən? Bəs sənin namusuna ləkə gətirəcək alçaqlar ölkəmizi işğal etsəydi?! Bax ,həmin an mən həqiqətən ölmüş olardım.
Sizi yetim qoyduğum üçün məni bağışlayın, övladlarım! O, balaca əllərinizi tutub, yanaqlarınızdan bir daha öpmək üçün nələr verməzdim. Sizdən heç doya bilmədim.
Sən məni ölü hesab etmə, oğlum! "Şəhidlərə ölü deməyin!" deyən Allah bizə ölmədən əvvəl yerimizi göstərdi. Oranı görsən sən də şəhid olmaq istəyərsən.
Sizi orada gözləyəcəm, canım ailəm!"