Azərbaycan Respublikasının “Rəşadət” ordeni 2017-ci il 17 noyabr tarixli 884-VQD nömrəli Qanun ilə təsdiq edilib. “Rəşadət” ordeninin üç dərəcəsi var. 1-ci dərəcəli “Rəşadət” ordeni ən yüksək dərəcəlidir. Ordeninin dərəcələri ardıcıllıqla verilir. “Rəşadət” ordeni ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı xidmətlərinə görə təltif edilirlər:
- Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə görə;
- Əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə görə;
- Vətənin müdafiəsi zamanı düşmən hücumunun qarşısının alınmasında, işğal edilmiş ərazilərin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiklərinə görə;
- Həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə;
- Fövqəladə hallarda və ya ekstremal şəraitdə insanların xilas edilməsində xüsusi xidmətlərinə görə;
- Dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə.